ADU-da dəyirmi masa - Cümhuriyyət İli

Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Rəsulzadə AXC-nin qurucularından və milli ideologiyanın banisi” mövzusunda dəyirmi masa keçirilib.
Universitetdən verilən məlumata görə, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb və bildirib ki, bu il çərçivəsində ADU-da silsilə tədbirlər keçirilir.
Azərbaycanşünaslıq ETL-in aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi isə Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu bildirərək, Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. AXC-nin fəaliyyətindən və qısa zaman ərzində gördüyü işlərdən danışan professor yeni yaranan dövlətə “Azərbaycan” adının verilməsinin tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.