Sovetski”də ikinci söküntü köçü başlayır: “İnanırıq ki, kompensasiya ilə bağlı narazılıq olmayacaq -” REPORTAJ, FOTOLAR

Baxış sayı:
9466

Yasamal rayonunda, “Sovetski”adlanan ərazidə söküntü işlərinin ikinci mərhələsinə başlanılacaq. Nazirlər Kabinetinin qərarına əsasən Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələrində söküntü aparılacaq. Məlumata görə, ümumilikdə 2180 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü nəzərdə tutulub.
Qeyd edək ki, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Söküntünün birinci mərhələsində 40 min hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri verilmiş tapşırıqlara uyğun olaraq idman arenalarına və qeyri-yarış obyektlərinə gedən yollarda 45,8 min kvadratmetr sahədə təmir və tikinti işləri aparılıb. Həmin yollar boyu 230 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, İslam Həmrəyliyi Oyunlarının 562 ədəd loqosu asfalt-beton üzərinə çəkilib, 178,1 min kvadratmetr sahədə boya ilə xətlənmə işləri yerinə yetirilib.
Musavat.com-un müxbiri görülən işlərlə yaxından tanış olmaq üçün “Sovetski”də olub, sakinlərlə həmsöhbət olub.
Ərazidə olduğumuz zaman müşahidə etdik ki, “Sovetski”də qızğın işlər gedir. Sökülən ərazilərdə yeni yollar çəkilir. Paralel olaraq yaşıllaşdırma və abadlıq işləri də aparılır. Ən göz oxşayan ərazi isə Akademik Milli Dram Teatrının arxa hissəsində böyük bir ərazidir ki, burada park salınır. Burada sıx yaşıllıqlar və əhalinin dincəlməyi üçün oturacaqlar quraşdırılacaq.
Yeni çəkilən yollar nəqliyyatın hərəkətini asanlaşdırıb. Sürücülər “Beşmərtəbə” adlanan ərazidən Yasamal rayonuna, “20 yanvar”a, və Badamdar qəsəbəsi istiqamətində rahatlıqla hərəkət edirlər.
Bundan əlavə istirahətə gələn vətəndaşlara xidmət göstərmək üçün parkın ərazisində kafe və restoranların da olacağı nəzərdə tutulub. Bir neçə yerdə tikinti işləri aparılır. 
Bu yaxınlarda söküntünün başlayacağı küçələrdəki vəziyyətlə də maraqlandıq.
Evləri söküntüyə düşən sakinlərin əksəriyyəti narahatlıq keçirdiklərini dilə gətirdilər. Onlar veriləcək kompensasiyanın azlığından narahatdırlar: “İlk söküntü zamanı “Sovetski” camaatının narazılıqlarının şahidi oldunuz. Evlərin söküntüsü zamanı qanunsuzluqlara yol verildi. Ölçü işlərini düzgün aparmadılar, camaat kompensasiyadan narazı qaldı. İndi eyni vəziyyətlə qarşılaşacağımızdan ehtiyatlanırıq. Söküntü işlərinin pərakəndə aparılması isə bizi cana yığdı. Hər tərəfimiz çirkab içərisində qaldı. Kommunal xətlər zədələndi, zülm çəkdik”.
“Sovetski”sakinlərinn əksəriyyəti görülən işlərin təqdirəlayiq olduğunu bildiriblər: “Abadlıq və təmir işlərinin aparılmasını alqışlayırıq. Şəhərin görkəmi daha gözəlləşəcək.“Sovetski” əvvəlki kimi deyil. Evlərimiz yararsız vəziyyətdədir. Camaat da köçmək istəyir, ancaq normal kompensasiya veriləcəyini gözləyirlər. Kim istəyər belə yerdə yaşasın.Uşaqlığımız Bakının mərkəzində keçib, buraya öyrəşmişik. İnanırıq ki, bu dəfə xoşagəlməz hadisələr baş verməyəcək, camaatı razı salacaqlar. Bizi də başa düşsünlər ki, şəhərdən uzaq qəsəbələrdə yaşaya bilmərik. Normal kompensasiya təklif etsinlər ki, heç olmasa həmin məbləğə mərkəzə yaxın mənzil tapa bilək”.
Musavat.com “Sovetski”dən hazırladığı videomaterialı təqdim edir: