Anar Nəcəfli çökən yolda asfaltın qalınlığını ölçdü – FOTO

"Belə hallar ABŞ-da, Avstraliyada və başqa ölkələrdə də baş verə bilər"
Bu sözləri Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli ötən gün Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə aydınlıq gətirərkən deyib.
“Bəzi xəbər saytlarında yolun yeni və keyfiyyətsiz salınması barədə məlumatlar yazılıb. Bildiriblər ki, yol yağışlardan sonra çöküb. Məlumat üçün bildirmək istəyirəm ki, sözügedən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb. Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb”.
A.Nəcəfli bildirib ki, ötən il də Azəravtoyol ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı sadəcə olaraq yenilənib:
“Yolun tikintisində hər hansı bir problem olsaydı, bu yol 50-60 il ərzində azı 50-60 dəfə çökərdi. 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün yol dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb. Bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardır.
Bəzi "yol mütəxəsisləri" hətta bunu asfalt örtüyünün nazik çəkilməsi ilə əlaqələndirib. Qeyd edim ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur. Qalınlıq 25-35 sm arası dəyişir. Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı, yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır, o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığına tab gətirməyib və nəticədə qırılıb.
İstər Amerikada, istər Avropada, istər Avstraliyada və s. bu cür hadisələr hər yerdə baş verə bilər. Bundan heç kəs, heç bir şəhər və ya dövlət siğortalanmayıb. Necə ki, Amerika, Avropa və Avstraliyada bunu normal olaraq qəbul edirlər bizdə də belə qəbul etmək lazımdır”.
Qeyd edək ki, ötən gün çökən yolla bağlı açıqlama verən A.Nəcəfli bu gün dediklərinin sübutu kimi hadisə yerində olduğunu və asfaltın qalınlığını əks etdirən fotolarını yeni açıqlamasına əlavə edib.