7 səhra komandiri məhv edildi

Rus aviasiyasının endirdiyi dəqiq aviazərbələr sayəsində Nüsrə Cəbhəsinin şərq sektorunun daha 7 səhra komandiri və 49 döyüşçüsü öldürülüb.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov növbəti zərbələrin nəticəsi barədə danışarkən deyib.
Generalın sözlərinə görə, rus hərbi kəşfiyyatına Nüsrə Cəbhəsinin şərq sektorunun rəhbərlərinin İdlibdə toplaşaraq terror qruplaşmasının gələcək fəaliyyəti barədə iclas keçirəcəyi haqqında informasiya daxil olub. İnformasiyanın müxtəlif mənbələr əsasında dəqiqləşdirilməsindən sonra Rusiya və Suriya komandanlığının birgə qərarı ilə əməliyyat təşkil olunub.
“Su-34 bombardmançılarının dəqiq zərbələri nəticəsində 49 döyüşçü, o cümlədən Nüsrə Cəbhəsinin şərq sektorunun 7 lideri məhv edilib”, - general deyib.
Konaşenkov həmçinin ötən gün keçirilən əməliyyatlarda ağır yaralandığı açıqlanan Nüsrə Cəbhəsinin lideri Əbu Məhəmməd Culyaninin komaya düşdüyünü bildirib.
Qeyd edək ki, general bundan öncəki aviazərbələr nəticəsində Culyaninin əllərini itirdiyini, daha 12 komandirin məhv edildiyini açıqlamışdı.