Siyasətçilər çıxış yolu axtarışında.. - SİYASİ BİRLİKLƏR DAĞILIR

Bir ay müddətinə xaricə getmişdim. Geri qaydanda bəlli oldu ki, Siyasi Partiyaların Məşvərət Məclisinin toplantıları keçirilmir. Belə başa düşdüm ki, bu qurumda təmsil olunan partiyalar bir araya gəlmək istəmirlər. Beləcə Siyasi Partiyaların Məşvərət Məclisi fəaliyyətini dayandırmış olub.
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, əslində bu qurum ciddi siyasi birlik deyildi, daha çox funksional əməkdaşlığı nəzərdə tuturdu.
ADP sədri əlavə edib ki, ölkədə ilk devalvasiya baş verən zaman bir qrup müxalifət partiyalarının qurduğu Anti-Böhran Koalisiyası da artıq fəaliyyətini dayandırıb.
Sərdar Cəlaloğlu hesab edir ki, partiyalar arasında birliyi siyasi situasiya və xalq diktə etməlidir: “İndi belə bir tələb yoxdur”.
O qeyd edib ki, hazırda Pənah Hüseyn və Sülhəddin Əkbərlə müəyyən müzakirələr aparır: “Biz üç siyasətçi vaxtaşırı görüşüb ölkə daxilində və xaricdə baş verənlərlə bağlı müzakirələr aparırıq. Hələlik hər hansısa birlik yaratmaqdan söhbət getmir. Sadəcə, məsləhətləşmələri davam etdirmək haqqında razılıq əldə etmişik”(teleqraf.com).