Qazaxıstanda azərbaycanlı BRAKONYELƏR SAXLANILDI

Qazaxıstanın Mangistau vilayətində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin sahil mühafizəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçdiyinə və brakonyerlik fəaliyyətində şübhəli bilindiyinə görə üç Azərbaycan vətəndaşını saxlayıblar. Qanunu pozanların hamısı müvəqqəti təcridxanaya yerləşdirilib.
Qazaxıstan MTK-nın Sərhəd Xidmətindən verilən məlumata görə, qanunu pozanlar Pesçanıy burnundan 17 km aralıda sərhədçiləri görən kimi yüksək sürətlə qaçmağa çalışıblar. Amma sərhədçilərin havaya xəbərdarlıq atəşindən sonra brakoneryerlik fəaliyyətində şübhəli bilinənlər qayığı saxlamalı olublar. Nəticədə üç nəfər sərhədçilər tərəfindən saxlanılıb.
Məlumatda o da bildirilir ki, azərbaycanlılar sərhədçiləri görən kimi balıqçı torunu suya buraxıblar, amma koordinatlara uyğun suyun altından üzərində 16 min qarmaq olan 35 km uzunluqda tor aşkar edilib.
Hazırda saxlanılanlar barəsində dövlət sərhədini pozmaq maddəsi ilə məhkəməyə qədər istintaq başladılıb.