Erməni deputatları Bakıda "gəzintiyə çıxacaqlar"

Beynəlxalq konfransa qatılmaq üçün Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar, mətbuat bildirir.
 
"Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub", - APA agentliyinə əsasən, erməni deputatlardan biri - Mane Tandilyan deyib.
Konfransda iştirak etmək üçün deputat Tandelyanla birgə Bakıya gələn Ermənistan parlamentinin üzvü Armen Aşotyan Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmamağa səsləyib.
Avronest Parlament Assambleyasında Ermənistan parlament nümayəndə heyətinin rəhbəri Armen Aşotyan tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib.
Onun sözlərinə görə, Avronest PA-sı Ermənistan üçün çox vacibdir: "Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır".
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir:
"O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər".
"Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilən konfrans Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisi tərəfindən təşkil olunub.