​Deputatın 654 min dollarlıq evləri barədə QƏRAR - Vətəndaşların mənzilləri əlindən alındı

Deputatın 654 min dollarlıq mənzil davası ilə bağlı məhkəmə qərar çıxarıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı İqbal Məmmədov Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı 4 saylı çoxmərtəbəli binada yerləşən üç, dörd və beşotaqlı üç mənzili sahiblərinin əlindən alması ilə bağlı Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Bildirək ki, deputat iddia edir ki, 2008-ci ildə müqavilə bağlayıb, 654 min dollar pul verib və həmin üç mənzili alıb. Deputat mənzillərin orada yaşayan şəxslərdən alınıb, ona verilməsini istəyirdi.
İ.Məmmədov əvvəlcə Xətai Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmamışdı. Məhkəmə evlərin orada yaşayan sahiblərinin əlindən alınmasını təmin etməmişdi.
Məhkəmə deputatın ödədiyi 654 min dolların o zaman müqavilə bağladığı "STS" şirkətindən alınıb ona qaytarılması haqda qərar çıxarmışdı.
Məhkəmə buna əsaslanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində “STS” şirkətinin F.Bayramov küçəsində bina tikməsi haqda heç bir sənəd yoxdur. O binanın “Sahil-D Company”nin hesabına tikilməsini sübut edən çoxsaylı sənədlər var.
Məhkəməyə təqdim edilən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamından görünür ki, binanın ərazisi “İSR Holding”ə, o ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ isə yalnız “Sahil-D Company” MMC-yə məxsusdur. Bu şirkət də mübahisə predmeti olan mənzilləri deputata yox, hazırda orada yaşayan adamlara satıb, onlarla müqavilə bağlayıb. İqbal Məmmədov isə müqaviləni “STS” şirkətinin icraçı direktoru kimi Məzahir Cəfərovla bağlayıb.
O da məlum olub ki, 2015-ci ildə Məzahir Cəfərov haqqında cinayət işi başlanıb. O, "STS” şirkəti adından müxtəlif adamlarla mənzil satmaqla dələduzluq etməkdə suçlanıb.
Bir müddət sonra – 2015-ci ilin iyununda Məzahir Cəfərov intihar edib. Ölümü ilə əlaqədar onun haqqında cinayət işinə xitam verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2015-ci il tarixli hökmündə də Cəfərovun “STS” şirkəti adından ayrı-ayrı şəxslərə mənzil satması məsələsi öz əksini tapıb.
Məzahir Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.
Daha sonra Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan deputat İqbal Məmmədov ondan apellyasiya şikayəti verməklə yanaşı, həm də Nərimanov rayon Məhkəməsində ayrıca iddia qaldırıb. İddiasında da üç mənzilin boşaldılaraq ona verilməsini istəyib.
İ.Məmmədov bu iddiasını isə belə əsaslandırıb ki, həm “STS”, həm də “Sahil-D Company” eyni adamlarındır, şirkətlərin hüquqi ünvanı da eynidir – Nərimanov rayonu, Teymur Əliyev küçəsi, məhəllə 1104. 1999-cu ildə yaradılmış “STS” şirkətinin təsisçiləri “Nehrəm Holding Company” və Sahib İbrahimov olub. Sahib İbrahimov Disporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır. 26 aprel 2011-ci ildən şirkətin qanuni təmsilçisi isə Sahib İbrahimovun qaynı Taleh Abdullayev olub.
2004-cü ildə yaradılmış “Sahil-D Company”nin təsisçisi də Taleh Abdullayev olub. O, 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. O, məhkəmədə ifadəsində deyib ki, hələ 2007-ci ildə “Sahil-D Company”nin 25 faizini yeznəsi Sahib İbrahimova, 45 faizini İlham Qasımov (MTN generalı Akif Çovdarovun işində zərərçəkmişdir, özü də milyonçu şair Gülağa Tənhadan birgə bina tikintisi bienesi adıyla 19 milyon pul alıb aldatmaqda təqsirli bilinərək 13 il həbs cəzası alıb) və digərlərinə satıb. Satandan sonra da bütün vəzifə və öhdəliklərini itirib.
Nərimanov Rayon Məhkəməsində deputatın iddiasına hakim Abbas Əliyev baxıb. “STS” və “Sahil-D Company” ilə yanaşı, həm də deputatın tələb etdiyi üç mənzili vaxtilə alıb, təmir edib və bir neçə ildir orada yaşayan şəxslər də cavabdeh qismində tanınıb.
Hakim deputatın iddiasını təmin edib, cavabdehlərin 2007-ci ildə mənzil almaq üçün “Sahil-D Company” ilə bağladıqları müqavilə etibarsız hesab olunub.
Məhkəmə qərarına əsasən bağlanmış müqavilələr etibarsız hesab olunub. Müqaviləyə əsasən, “Sahil-D Company”ə ödədikləri ödədikləri 110 min manat Sərdar Əliyevə, 133 min 980 manat Əliağa Məmmədova, 158 min 620 manat Şakir Məmmədova şirkət tərəfindən qaytarılsın.
"Mənzillər boşaldılaraq, İqbal Məmmədovun sahibliyinə və istifadəsinə verilsin"- məhkəmənin qərarında belə yazılıb.