”Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir” - TBMM ÜZVÜ

Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə Komissiyasının üzvü, Cümhuriyyət  Xalq Partiyasının İstanbuldan olan millət vəkili Dursun Çiçəkin APA-ya müsahibəsi:
 
-Bir il əvvəl  Suriyada həyata  keçirilən  “Fərat qalxanı” əməliyyatı davam edərkən bizə verdiyiniz müsahibədə Türkiyənin qərarlı şəkildə separatçıları bölgədən təmizləməsinin vacibliyini  vurğulamışdınız. Gəldiyimiz nöqtədə Türkiyə  orada yeni bir əməliyyata hazırlaşdığını təkidlə bəyan edir. Vəziyyəti necə dəyərləndirirsiniz?
 - “Fərat qalxanı”  əməliyyatının əsas məqsədi bölgədə Türkiyə üçün təhdid yarada biləcək separatçı qüvvələrin oradan uzaqlaşdırılması  və Türkiyənin Orta Şərqə açılan quru yolu qapısının təhlükəsiz vəziyyətdə olmasıdır. Əməliyyat öz məqsədinə çatdı, separatçı-terrorçu qüvvələr oradan uzaqlaşdırıldı. Ancaq indiki mərhələdə onlar yenidən imperialist qüvvələrdən dəstək alaraq Türkiyənin cənub sərhədlərində  qarışıqlıq yaratmağa çalışırlar. Afrin bölgəsi PKK terror təşkilatının bazasıdır, onlar oradan bizim tərəfə keçərək sərhədyanı vilayətlərimizdə terror aktları törədirlər. İmperialistlərin indiki mərhələdəki əsas məqsədi oradan Türkiyəni mühasirəyə alaraq qurmağı planlaşdırdıqları  kürd dövlətinə dəhliz açmaqdır. Bunun üçün ordumuz maksimum dərəcədə güclü səviyyəyə gətirilməlidir ki,  planı həyata keçirmək üçün maşa kimi istifadə edilən terrorçu qruplar bizdən qorxsunlar. Əsas şərt budur.
 - Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, Məsud Bərzani İraqın şimalındakı kürd bölgəsində müstəqillik elan etməkdən vaz keçmir. Bunu da eyni imperialist plan çərçivəsində dəyərləndirmək lazımdırmı?
 - Bərzani də FETÖ kimi beynəlxalq imperialist qüvvələr tərəfindən dəstəklənən və bizə qarşı istifadə edilən qrupun başındadır. 15 iyulda FETÖ bizim başımıza  necə oyun açıb ordumuzu zəiflətməyə çalışdısa, Bərzani də bundan istifadə edərək imperialistlərin planlarını həyata keçirməyə  çalışır. Bunlar, türk millətinin 1920-ci illərin əvvəlində cırıb atdığı Sevr layihəsinin yenidən bizə qəbul etdirmək cəhdləridir. FETÖ-də eyni planın içindədir, Bərzani də. Türk ordusu güclü olanda heç kim bu cür şeylərə cəsarət edə bilməz, 15 iyulda FETÖ-nün əli türk ordusunu zəif hala gətirərək Bərzani üzərindən Türkiyəyə qarşı yeni bir oyun oynamağa çalışırlar. 26 sentyabrdakı referendumun ləğv edilməsi üçün Türkiyə axıra qədər qərarlı şəkildə mübarizə aparacaqdı. Bu məsələdə  Suriya, İraq və İranla da əlbir şəraitdə işləməliyik. İndi tarixi türkmən şəhəri olan Kərkükün də 26 sentyabrdakı referenduma daxil ediləcəyinə dair söz-söhbətlər var. Bir millət məzhəb baxımından iki yerə bölünməz. Təəssüf ki, imperializm İraq türkmənlərini  şiə-sünni deyə-deyə iki yerə bölüb. İndi əsas məsələ-onların məzhəbçilyi bir tərəfə qoyub tək millət halında, milli duyğular içində Bərzaninin referendumuna qarşı mübarizə aparmaqdır. Türkmənlər milli  bütövlük prinsipi ətrafında birləşməlidirlər.
 -Türkiyənin Cənub və Cənubi-Şərq sərhədlərinin o tərəfində bu cür sıxıntılı vəziyyətlər olduğu halda, Şimalda Rusiya ordusunu Qafqazdakı vassalı olan  Ermənistanın ordusu ilə birləşdirdi. Türkiyə baxımından bu vəziyyət necə təhlil edilməlidir?
 -Burada Türkiyə üçün hər şeydən önəmli məsələ- Azərbaycanın erməni  işğalı altında olan torpaqlarının azad edilməsidir. Ermənistan və ermənilərin Qərb diasporası işğal altında olan Azərbaycan torpaqları probleminin gündəmə gəlməməsi üçün Türkiyəyə qarşı 1915-ci il böhtanlarını irəli sürürlər. Türkiyə ilə Azərbaycanın əsas strateji hədəfi - Rusiyanın Ermənistanın arxasından çəkilməsinə nail olmaqdır. Bunun üçün lazım gəlsə, pərdə arxasında Rusiyanı istəməyən Ermənistan müxalifətinə yollar da göstərilməlidir. Mən qardaş Azərbaycanın Qarabağ bölgəsinə dəfələrlə getmişəm. Ermənistanın orada hər hansı gücündən söhbət gedə bilməz, Azərbaycanın hərbi üstünlüyü açıq-aşkardır, Ermənistan isə sadəcə Rusiyaya arxalanır. İqtisadi cəhətdən zəif olan Ermənistanın orada uzun müddət qalması mümkün deyil. Əsas məqsəd -Rusiyanın bölgədən uzaqlaşmasına nail olmaqdır.
 - Bəs yaranmış vəziyyətdə  Türkiyə ilə Azərbaycan  öz hərbi potensiallarından müştərək şəkildə necə istifadə etməlidirlər?
 - Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət”dir. Hazırda hərbi sahədəki münasibətlər yaxşı səviyyədədir və yüksələn xətlə inkişaf edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq səmərəlidir, müştərək hərbi təlimlər  keçirilir. İndiki halda  Azərbaycan NATO-ya üzv olmasa da bir çox planlarını ən müasir şəkildə Türkiyə ilə birlikdə reallaşdıra bilər. İqtisadiyyatı zəif olan Ermənistanın hərbi xərclərinin əvvəl-axır tükənəcəyini görmək üçün münəccim olmağa ehtiyac yoxdur. Təkrar edirəm: əsas strateji hədəf Kremlin İrəvandan öz dəstəyini çəkməsinə nail olmaqdır. Türkiyə ilə Azərbaycan bütün sahələrdə münasibətlərini dərinləşdirərkən bəhs etdiyim strateji hədəf üzərində də səbirlə çalışmalıdır. Ermənistan ordusunun Rusiyaya birləşdirilməsinə veriləcək ən düzgün strateji cavab da bu olacaq.