YENİ PARLAMENTİN YENİ “MÜXALİFLƏRİ”... - Kim kimdir? / FOTOLAR

Baxış sayı:
10199

Məlum olduğu kimi, parlamentin yeni tərkibində adda 11 siyasi partiyadan olan deputatlar təmsil olunacaq. Bu partiyalardan yalnız biri – YAP hakim partiya sayılır. Qalanları hakimiyyətyönlü və özlərini “müxalif” adlandıran partiyaların nümayəndələridir...

Bir çox təcrübəli və müxalifətin adından çıxış edən partiya təmsilçiləri Milli Məclisdəki yerlərini qoruyublar. Ancaq onlara yeni qoşulanlar da var. Mahiyyət etibarilə isə yeni parlamentin “müxalif düşərgəsi”ndə elə bir ciddi dəyişiklik yoxdur. Hətta bəzi xüsusiyyətlərinə görə bu düşərgə getdikcə YAP-a daha çox bənzəməyə başlayır. 

Məsələn, YAP-dan sabiq deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyev və Tahir Süleymanovun oğlu Mahir Süleymanov “vərəsəlik prinsipi” əsasında parlamentə düşdükləri kimi, Ana Vətən Partiyasından da partiya sədri Fəzail Ağamalının qızı Ağamalı Günay, VHP-dən isə partiya sədri Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı deputat oldu. Bunu bəlkə də “müxalifət”in son illərdə ilk dəfə YAP-la “ayaqlaşmasının” təzahürü və “böyük uğuru” hesab etmək olar. Görünür, siyasi mübarizənin və hakimiyyətdə yer almağın ən yaxşı yolu YAP-dan nümunə götürərək, onu təlqin etmək və onun izi ilə getməkdir...

Beləliklə, yeni parlamentin yeni “müxalifləri” kimlərdir?

Günay Ağamalı. 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat olan G.Ağamalı rəsmi nəticələrə görə, 50.4 faiz səs yığıb. Bundan əvvəl Buta” adlı bağçaya rəhbərlik etdiyi bildirilir. G.Ağamalı ixtisasca psixoloqdur və eyni zamanda, atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir...

Tənzilə Rüstəmxanlı. Yeni parlamentdə 70 saylı Neftçala Seçki Dairəsini təmsil edəcək. Rəsmi nəticələrə görə, seçicilərin 46.2 faizinin səsini alan T.Rüstəmxanlı yeni parlamentdə bəlkə də bu seçkinin ən qalmaqallı və səs-küylü dairəsinin seçicilərinin adından danışacaq.

T.Rüstəmxanlı G.Ağamalı ilə müqayisədə əlbəttə ki, daha tanınmış və ictimai cəhətdən fəal şəxsdir. 1996-cı ildə Azəri Türk Qadınlar Birliyinin sədri seçilib, Dünya Azərbaycanlıları Konqresində sədr Sabir Rüstəmxanlının Türk Dünyası üzrə müşaviridir...

 

Arzuxan Əlizadə. Lideri Etibar Məmmədov olan AMİP-in 5-ci sədridir. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1992–1993-cü illərdə Sabunçu rayon İcra hakimiyyətində işləyib, sonra bizneslə məşğul olub. Daha sonra vəkillik fəaliyyəti göstərib və 2001–2006-cı illərdə Beynəlxalq Universitetdə müəllim işləyib. 2020-ci ildən AMİP-in sədri olan A.Əlizadə parlamentdə 27 saylı Sabunçu İkinci Seçki Dairəsini təmsil edəcək. Onun seçkiyə qatılan seçicilərin 43.5 faizinin səsini topladığı qeyd edilir. Yalnız onu əlavə etmək olar ki, hazırda AMİP Etibar Məmmədovun “guruldadığı” dövrün AMİP-i deyil...

Elçin Mirzəbəyli. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, eyni zamanda da siyasi şərhçi və Qüdrət Həsənquliyevin başçılıq etdiyi Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir. Tanınmış qələm adamı olan Mirzəbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. Bir neçə filmin müəllifi və rejissorudur.

Elşad Musayev. Böyük Azərbaycan Partiyası adlı, adı böyük, özü isə yumşaq desək, o qədər də böyük olmayan partiyanın sədridir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun müddət AMİP-də təmsil olunandan sonra 2003-cü ildə BAP-ı yaradıb. Yeni parlamentdə 10 saylı Binəqədi üçüncü Seçki Dairəsini təmsil edəcək. Onun seçkiyə qatılan seçicilərin 57 faizinin səsini topladığı qeyd edilir.Bir neçə dəfə deputatlığa, hətta prezidentliyə namizədliyini irəli sürən E.Musayevin nəhayət ki, bu dəfə “oxu daşa dəyməyib”...

Yuxarıda qeyd etdiklərimiz yeni “müxaliflər” barədə əsasən statistik, quru məlumatlardır. Bu yeni deputatların gerçək “məharətini” isə artıq oktyabrda işə başlayacaq yeni parlamentin payız sessiyasında görə bilərik. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan kiçik ölkədir. Onun siyasi arenası isə özündən də kiçikdir və oradakı acı reallıqlar da hamıya məlumdur. 

Odur ki, zatən bu səhnədə kimin kim olduğu, hətta kimin hansı avtobusa minib, hansından düşdüyü aşağı-yuxarı hamıya bəlli olduğundan yeni parlamentdə hansısa böyük siyasi hadisələr, gerçək müxalif çıxışlar, polemikalar, real siyasi mübarizə və digər dəyişikliklər, yeniliklər gözləməyə dəymir...

Cəlal Məmmədov