“9 NOYABR SƏNƏDİ ARTIQ MÖVCUD DEYİL” – “Hər zaman Türkiyə və Azərbaycanla düşmənçilik edə bilməzsiniz”

Baxış sayı:
12108

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Təbii ki, münasibətlər nizamlananda sərhədlər açılacaq. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Bu, bütün region ölkələrinə şamil edilməlidir”.

Bunları İranın Ermənistandakı səfiri Mehdi Sobhani yerli mətbuata müsahibəsində deyib.

Sobhani xatırladıb ki, bu gün İran Azərbaycanın Naxçıvan bölgəsi ilə həmsərhəddir və o, həm Culfa dəmir yolu ilə Şahtaxtıdan Yeraşxa, həm də avtomobil yolu ilə İrəvana gedə biləcək.

“Marşrut xeyli qısalacaq. Başqa sözlə, Meğridən İrəvana təxminən 6 saatlıq yol Şahtaxtıdan Yerasx və İrəvana isə yəqin ki, bir saatdan az olacaq. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə Şərq-Qərbə deyil, həm də Şimal-Cənuba aiddir. Amma yolların blokadadan çıxarılması ölkələrin milli suverenliyi çərçivəsində həll edilməlidir”, - səfir qeyd edib. 

“Rusiya israr edir ki, noyabrın 9-da verilən bəyanata görə yolun Naxçıvan-Sünik hissəsinə Rusiya sərhədçiləri nəzarət etməlidir. İndi isə artıq bu funksiyanın istənilən Avropa və ya beynəlxalq təşkilata həvalə oluna biləcəyi barədə məlumatlar var. Bu variantlardan hansı İran üçün daha məqbuldur” sualını Sobhani belə cavablandırıb:

“Mən artıq öz mövqeyimizi bildirmişəm: biz yolun Ermənistanın ərazi suverenliyi altında olmasının tərəfdarıyıq. Sizin qeyd etdiyiniz müqavilə, oradakı bəzi tənzimləmələr artıq yoxdur. Siz o müqavilələrin yalnız bir hissəsini deyirsiniz. Bu, digər məsələləri də özündə ehtiva edən müqavilədir. Həmin məsələlər arasında Qarabağ, Qarabağla Ermənistanın əlaqəsi, Laçın-Şuşa əlaqəsi var idi. Onlar indi mövcud deyillər ki, biz onlara istinad edək. İndi praktiki baxımdan mövcud olan heç bir sənəd yoxdur”.

Səfir vurğulayıb ki, artıq 9 noyabr sənədi işləmir və praktik olaraq mövcud deyil.

“İranın Sünik vasitəsilə Bakının Naxçıvana getməsinin tərəfdarı olduğunu deyə bilərikmi? Biz bilirik ki, Bakı bu əlaqəni İran vasitəsilə həyata keçirir. Yəni, bu məsələdə maraqlarınızla bağlı heç bir problem görmürsünüz? Bəzi erməni siyasətçiləri bunun İran üçün qırmızı xətt olduğunu iddia edirlər” sualına cavabında səfir deyib ki, Ermənistanla İranın sərhədləri qırılarsa, bu, qırımızı xətlərin pozulması olardı: “Yəni elə ola bilməz ki, bizim Ermənistanla sərhəd əlaqəmiz olmasın. Bu bizim qırmızı xəttimizdir. Qalan blokadanın götürülməsi Ermənistanın suverenliyi altında, ərazi bütövlüyü çərçivəsində olmalıdır, Ermənistan qanunlarına hörmət edilməlidir. Baxın, bir ölkə başqa ölkədən dividend istəyirsə, o ölkəyə dividend verməyə hazırdırmı? Ölkələr münasibətlərini asanlaşdırmaq üçün bir-biri ilə danışır, lakin onların milli suverenliyinin pozulmasına, başqalarının ərazilərinə girib özgəninkiləşdirilməsinə imkan verməyəcəklər”.