“İÇƏRİ GİRİN, İÇƏRİDƏ QALIN VƏ BİZİ İZLƏYİN!” – Nyu-Yorkda əhaliyə “nüvə hücumu” xəbərdarlığı…

Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki Kremlin idarə etdiyi media son günlər nüvə təhdidlərini daha da artırıb.
Qafqaz.media xəbər verir ki, Rusiya dövlət mediasının Putinin əlindəki silahlarla ABŞ-ın Şərq Sahilini məhv edə biləcəyini açıqlamasından sonra diqqət çəkən paylaşım oldu.
Nyu-Yorkdan “nüvə hücumu” paylaşımı
Nyu-Yorkun Fövqəladə Halların İdarə Edilməsi Departamenti mümkün nüvə hücumu zamanı nə etməli olduğunu izah edən video yayımlayıb. “Nüvə hücumu oldu. Məndən “necə və niyə?” soruşmayın. Sadəcə bilin ki, belədir. Bəs indi nə edirik”, - sözləri ilə başlayan videoda nüvə hücumu zamanı nələr edilə biləcəyi 3 başlıq altında təqdim edilib.
Videoda nüvə hücumu ssenarisində ilk işin binaya girmək olduğu vurğulanıb və nəqliyyat vasitələrinin içində olmağın kifayət olmayacağı ifadə edilib.
“Qapı-pəncərələri bağlayın, pəncərələrdən uzaq durun” adlı videoçarxda təmizlik və paltar dəyişmənin ən qısa zamanda aparılmasının vacibliyi vurğulanıb.
Daha sonra rəsmi kanallardan gələn xəbərləri izləmək lazım olduğu bildirilib. Videoda bu üç əsas addım “İçəri girin, içəridə qalın, bizi izləyin” kimi ümumiləşdirilib.
Bu yazı qısa müddətdə sosial şəbəkələrdə yayılsa da, bəzi istifadəçilərdə panikaya səbəb olub.
Bunun üzərinə şəhər sözçüsü vətəndaşlara bunları söyləyib:
“Nyu-York şəhərində və ya onun yaxınlığında baş verən nüvə hücumu ehtimalı çox aşağı olsa da, Nyu Yorkluların təhlükəsiz qalmaq üçün atılacaq addımları bilmələri vacibdir”.
Putin “Şeytan”la öyünür…
Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin nəzarətində olan “Şeytan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan buraxıldıqda Avropa və ABŞ paytaxtlarına çata biləcək mənzilə malikdir.
“Şeytan 2”-nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir. Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır.
Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir.
Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı.
Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından yayına biləcəyini təkid edir.