“15 minə yaxın rusiyalı milyonçu ölkəni tərk etməyə çalışır” – BRİTANİYA KƏŞFİYYATINDAN ŞOK HESABAT

Baxış sayı:
1834

“Ukraynaya qarşı müharibə fonunda Rusiyada avtoritar rejim daha da möhkəmlənir. Son həftələr Duma Rusiya Federasiyasına qarşı döyüşən ruslara 20 il həbs cəzası kəsən qanun layihəsini nəzərdən keçirir”.

Qafqaz.media xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının son hesabatında qeyd olunur. Bildirilir ki, ölkədə işğalın əleyhinə olanlar da cinayət təqibinə məruz qalır.

“Rəy sorğularında rusların əksəriyyətinin “xüsusi əməliyyatı” dəstəklədiyini bəyan etməsinə baxmayaraq, əhalinin bir hissəsi həm aktiv, həm də passiv şəkildə fikirayrılığını nümayiş etdirir.

Ruslardan ibarət “Rusiya Azadlığı Legionu” demək olar ki, Ukrayna hərbçilərinin tərəfində döyüşlərdə iştirak edir. Bəzi yüksək rütbəli rus məmurları müharibəni tənqid etdikdən sonra təsir imkanlarını itirmiş kimi görünür.

Müharibəyə mənfi münasibət Rusiyanın biznes elitası və oliqarx icması arasında xüsusilə güclüdür. Miqrasiya xidmətlərinin məlumatlarına əsasən, 15 minə yaxın rusiyalı milyonçu artıq ölkəni tərk etməyə çalışır.

Bu, qismən Rusiyanın işğalına qarşı şəxsi müqavimət, eləcə də anti-Rusiya sanksiyalarının maliyyə nəticələrindən qaçmaq istəyi ilə bağlıdır”, - deyə hesabatda vurğulanır.

Britaniya kəşfiyyatı belə nəticəyə gəlir ki, bu vəziyyət müharibənin Rusiya iqtisadiyyatına vurduğu uzunmüddətli zərəri daha da artıracaq.

Qafqaz.media