Qarabağda şəhid olan 18 döyüşçünün məzarı köçürüldü - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
934

Vətən müharibəsində həlak olmuş və Bakının ümumşəhər qəbiristanlığında dəfn edilmiş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

Muxalifet.az xəbər verir ki, şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.

Qeyd edilir ki, bu məsələ ilə əlaqədar yekun qərarın qəbulu vaxtının uzanması bəzi şəhid ailələrinin övladlarının məzarlarının yerinin dəyişdirilməsi istəyi, habelə sayca əksəriyyət təşkil edən digər ailələrin övladlarının məzarlarının həmin qəbirstanlıqda qalmasına razılıq verməsi ilə bağlıdır.

Bu gün aidiyyəti orqanların nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə daha bir görüşü keçirilib. Görüş zamanı şəhid ailələrinin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.

Qərara əsasən Vətən müharibəsinin ümumşəhər qəbiristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb. Məzarların Yasamaldadakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib. Köçürülmə zamanı qəbirlərdən su çıxması halı qeydə alınmayıb, məzarlara su sızmasına rast gəlinməyib.

Qeyd edək ki, Azərbaycanda hər zaman şəhidlərin xatirəsi ehtiramla yad edilir, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Şəhid ailələrinin bu günə qədər də sosial problemlərinin həlli üçün ardıcıl tədbirlərin görülməsi davam edir.