Daha bir jurnalist ölkəni tərk etdi

Baxış sayı:
4932

Azərbaycanda daha bir jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Maraqlıdır ki, bu dəfə müxalif medianın nümayəndəsi deyil, vaxtilə dövlət televiziyasında – AzTV-də çalışan Cahangirli Murad Adil oğlu siyasi təqiblər səbəbilə ölkədən getməyə məcbur olub.
Qeyd edək ki, Murad Cahangirli Azərbaycanda baş verən haqsızlığa, məmur özbaşınalığına açıq şəkildə etiraz etdiyi üçün dəfələrlə zorakılığa məruz qalmış, iki dəfə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirlmiş, hətta döyülərək kəllə-beyin travması aldığı müəyyən olunmuşdur. Dediklərimizə misal olaraq, jurnalistin 18.10.2017-ci ildə ağır bədən xəsarətləri ilə Bakı Sağlamlıq Mərkəzinə, 15 aprel 2018-ci ildə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilməsini göstərə bilərik.
Bütün bunlarla yanaşı, Murad Cahangirli barəsində qondarma ittihamlarla bir neçə dəfə cinayət işi açılmış və “yuxarıdan” gələn sifariş əsasında onun həbsinə çalışılmışdır. Hətta 09 oktyabr 2017-ci ildə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda “hökumət əleyhinə şüarlar səsləndirməkdə və insanları üsyana çağırmaqda” ittiham olunaraq, 10 gün müddətinə həbs olunmuşdur.
2018-ci ildə isə yenidən Murad Cahangirli barəsində qondarma cinayət işi açılmış və həmin ilin 09 aprel tarixində jurnalist Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Cinayət-Axtarış Şöbəsinə çağrılmışdır. Məqsəd onu susdurmaqla, bir çox cinayət faktlarını və ölkədəki qanunsuzluqları ört-basdır etmək olub.
Bu səbəbdən də, polis əməkdaşları öyrədilmiş adamları onun üzünə durduraraq, M.Cahangirlini müxtəlif cinayətlərdə ittiham ediblər.
Bütün bu və digər təziqlərə məruz qalmış Murad Cahangirli ailəsi ilə birgə ölkəni tərk etməyə məcbur olub.

Sosial şəbəkə hesabından hakimiyyəti tənqid edən Murad Cahangirli haqqında 17 yanvar 2019-cu ildə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 281-ci maddələri ilə cinayət işi açılmışdır.
Əldə etdiyimiz məlumata görə, bu qondarma cinayət işinin açılmasında məqsəd M.Cahagirlini yenidən və daha uzun müddətə həbs etmək olub.
Lakin bütün bunlardan öncədən xəbər tutan Murad Cahangirli ailəsi ilə birgə ölkəni tərk etməyə məcbur olub. Sonradan BŞPİ jurnalistin ölkədən qaçdığını müəyyən edərək, onun barəsində axtarış elan edib. Baş verənlərlə bağlı jurnalistin özü ilə əlaqə yaratmağa çalışacağıq.

Muxalifet.az