"SÜLHMƏRAMLILAR ERMƏNİLƏRİN SİLAHLANMASINA BİRBAŞA ŞƏRAİT YARADIRLAR..." - Deputatdan Rusiyaya qarşı sərt ittihamlar

Baxış sayı:
948

"Dekabrın 27-də baş vermiş hadisə cinayətdir və onun məsuliyyəti Azərbaycana qarşı olan tərəfin üzərinə düşür".

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov "Turan" agentliyinə bildirib.

Deputat hesab edir ki, bu məsələdə bölgədə olan Rusiya sülhməramlılarının məsuliyyəti də var: gər 10 noyabr üçtərəfli razılaşmasına əsasən, bölgədə Rusiya sülhməramlıları mövcuddursa, həmin ərazidə Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, xaricdən gətirilmiş quldur dəstələrinin və Dağlıq Qarabağdakı qondarma "dqr ordusu" adlandırılan quldur dəstələrinin ərazidən çıxarılmasına, onların silahsızlaşdırılmasına birbaşa cavabdeh sülhməramlılardır".

E. Məmmədov bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən nə varsa, yerinə yetirir. O, dekabrın 27-də Xocavənd rayonu ərazisində baş verən olaya da toxunub.

Deputat vurğulayıb ki, Rusiya sülhməramlıları nəzarət etdiyi ərazilərdə baş verənlərə cavabdehdirlər: "Rusiya sülhməramlılarına xəritə üzrə sahə ayrılıb. Bu, Laçın dəhlizidir və Dağlıq Qarabağ bölgəsində müəyyən ərazilərdir. Sülhməramlıların vəzifəsi o ərazilərə nəzarət etmək, orada sülhməramlı missiyanı həyata keçirməkdir. Yəni, onların nəzarətində olan ərazilərdə nə baş verirsə, onlar cavabdehdirlər".

E. Məmmədovun sözlərinə görə, elə görüntü yaranır ki, Rusiya sülhməramlıları qondarma Dağlıq Qarabağ rejimi ilə razılaşır. Onun qeyd etməsinə görə, sülhməramlılar, onların rəhbərliyi bayraqlarını qondarma, separatçı qurumun bayrağı ilə böyür-böyürə qoyurlar və tədbir keçirdirlər: "Elə çıxır ki, sülhməramlılar o separatçı qurumun mövcudluğu ilə razılaşır. Məntiqlə belə alınır ki, de-yure olmasa da, de-fakto bu gün Rusiya dövləti sülhməramlıların yaramaz hərəkəti nəticəsində separatçı, cinayətkar qurumun varlığını bir növ qəbul edir".

Deputat bildirib ki, Rusiya sülhməramlıları əsir götürülmüş hərbi cinayətkarları Ermənistana qaytarır. Onun vurğulamasına görə, bundan öncə də Xocavənd rayonu ərazisində təxribat törədilmişdi.

Deputat əlavə edib ki, həmin vaxt Azərbaycanın qurumları antiterror əməliyyatı keçirib, bəzi təxribatçılar zərərsizləşdirilib: "Qalanlarından da 170 nəfər əsir götürülüb. Artıq bunlar hərbi əsir statusuna malik deyildi. Çünki 10 noyabr tarixli razılaşmaya görə, müharibə qurtarıb".

E. Məmmədovun fikrincə, belə olan təqdirdə o ərazilərdə qarşı tərəfdən silahlı fəaliyyət göstərən kim varsa, onlar artıq terror və quldur dəstələridir: "Həmin əsir götürülənlərin xeyli hissəsi rus sülhməramlılarına təhvil verildi. Sülhməramlılar isə apardı onları Ermənistana təhvil verdi. Ermənistan nə etdi? Onları mükafatlandırdı ki, sağ olun, Azərbaycana qarşı əməliyyat keçirmisiniz".

 

 

E. Məmmədov qeyd edib ki, belə sülhməramlıların öz sülhməramlılıq missiyasını yerinə yetirməsinə şübhələr yaranır: "Onlar səlahiyyətlərini aşırlar, Azərbaycan qanunlarına hörmətsizlik edib Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətkar kimi axtarışa verdiyi adamlarla işbirliyi yaradırlar, məsləhətləşmələr aparırlar, görüşlər keçirirlər".

Parlament üzvünün sözlərinə görə, Rusiya sülhməramlılarının davranışı artıq suallar yaradır: "Siz nə işlə məşğulsunuz burda?".

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ deyilən ərazidə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qondarma rejimin qanunsuz silahlıları var: "Bunları silahsızlaşdırma, ərazidən çıxarılma prosesi getməyib. Bunların təminatını Ermənistan Rusiya sülhməramlılarının razılığı və köməkliyi ilə həyata keçirir. Çünki Ermənistandan bu gün Azərbaycana gələn yeganə təminat yolu Laçın dəhlizidir. 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Görünür ki, Rusiya sülhməramlıları birbaşa şərait yaradırlar ki, meşələrdə qalmış və bu gün də fəaliyyət göstərən silahlı birləşmələrə Ermənistandan hər şey gətirilsin, o cümlədən silah, ərzaq. Bu da sülhməramlıların səlahiyyətinə zidd olan, gələcəkdə ciddi problemlər yarada biləcək hərəkətlərdir".

Xatırladaq ki, dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunda hərbi insident baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz silahlı qrup və ya Ermənistan silahlı qüvvələrindən qalan altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan tərəfdən bir nəfər hərbi qulluqçu həlak olub, başqa bir əsgər isə yaralanıb. 

"Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib", - məlumatda bildirilir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra bu, artıq ikinci belə hadisədir.