​“KAPİTAL BANK”DAN NÖVBƏTİ ÖZBAŞINALIQ - Pensiyaçının 212 manatı yoxa çıxdı...

Baxış sayı:
1483

“Kapital Bank”dan narazılıqlar səngimək bilmir. Ölkə üzrə bank əməliyyatlarının monopolistinə çevrilən bank hətta İqtisadiyyat Nazirliyinin səlahiyyətlərini də icra edir! (?) Aztəminatlı şəxslər, pensiyaçılar da inhisarçı “Kapital Bank”ın şiddətindən (oxuma,  xidmətindən!) yararlanmağa məcbur edildiklərindən çeşidli özbaşınalıqlarla üzləşirlər. Bakı şəhəri, Nizami rayon sakini Şakir Kərimovun bu günlərdə üzləşdiyi problemi isə özbaşınalığın yeni növü saymaq olar .
Güzəştli şərtlərlə pensiyaçı Ş. Kərimov dekabrın 18-də pensiyasını bankomatdan çəkəndə məbləğin 212 manat az olduğunu görüb və DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə bağlantı qurduqdan sonra pensiya ödəyən idarənin vəsaiti tam köçürdüyünə əmin olub. Pensiya kartını əldə etdiyi “Kapital Bank”ın Nərimanov filialından polisə və Nizamidəki banka müraciət etməyi məsləhət görüblər. Əsl həngamə də bundan sonra başlayıb! Nizami polisi bankdan çıxarış tələb edərək vətəndaşın ərizəsini belə almaqdan imtina edib, bank isə 27.11.2020 tarixində 200 manat avans -kreditin 12 manatlıq komissiya haqqı ilə götürüldüyünü şifahi bildirsə də , kamera görüntüləri bunu doğrulamadığından çıxarış verməkdən boyun qaçırıb.
Beləcə, 212 manat pensiyasının kibercinayətkarlıq yolu ilə “yoxa çıxdığına” əmin olan pensiyaçı ali dövlət hakimiyyəti orqanlarına, sosial-iqtisadi və bank sahəsinə cavabdeh qurumlara, hüquq – mühafizə orqanlarına elektron qaydada şikayət etmək zorunda qalıb. Şikayətə anında reaksiya verən Azərbaycan Banklar Assosiasiyası “Kapitalbank”a , bank isə şikayətçiyə üz tutub . Müştəriyə polisə ərizə verməyi, yalnız bundan sonra polislə birgə “yoxa çıxan” pensiyanın “axtarışının” mümkünlüyünü deyiblər...
İndi vətəndaş pensiyaçı “Səni axtarıram” layihəsinin  başçısı Xoşqədəm xanım Hidayətqızına üz tutmağı fikirləşir. Neyləsin, polis bankdan, bank polisdən ŞİKAYƏTÇİNİN  “çıxarış-qəbz” almasını  tələb edir! Absurd deyilmi?
Məğrur BƏDƏLSOY

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.