“Zəngəzur və Qafanın bizə verilməsindən söhbət getmir..." - HATİQ CƏFƏRLİ

Baxış sayı:
1197

“Söhbət 1918-ci ildə olan vəziyyətdən yox, SSRİ dağılandan sonra olan vəziyyətin bərpasından gedir”

30 illik işğal dövründə ermənilərə himayədarlıq edən ölkələrin köməyi ilə Azərbaycan ərazilərinin talanmasının əvəzində təzminat davası açılacağı iddia olunur. Belə bir məlumat var ki, Ermənistanın ödəyə bilməyəcəyi təzminatın əvəzində Zəngəzur Azərbaycana verilə bilər.

Mövzu ilə bağlı politoloq Natiq Cəfərlinin fikirlərini öyrəndik.

– Natiq bəy, Zəngəzur bölgəsinin Azərbaycana verilməsi haqda xəbərlər, əsgərlərimizin Qafan şəhərində olması barədə videolar dolaşmaqdadır. Məqsəd Naxçıvan koridorunun təhlükəsizliyinin təminatı ola bilərmi?

– Zəngəzurun və Qafanın bizə verilməsi kimi bir məsələ yoxdur. Sadəcə sərhədlərin dəqiqləşdirilməsi baş verir. Sərhədlərin dəqiqləşdirilməsi ona görə vacibdir ki, 30 illik işğal zamanı bu bölgələrdə Ermənistan öz sərhəddinin Azərbaycanla münaqişəyə qədərki sərhəddi olduğunu unutmuşdu. Ona görə, kommunikasiya xəttlərini, yolları, körpüləri beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çəkirdilər. Ermənistan düşünürdü ki, artıq Azərbaycan və Ermənistan sərhəddi qeyri-qanuni olaraq Beyləqandan, Ağcabədidən, Tərtərdən başlayır. Onlar 26-27 il idi ki, buna əsasən planlar edirdilər. Ona görə, indi ermənilərdə şok effekti yaranıb ki, beynəlxalq hüquqa əsasən, Azərbaycan BMT-yə üzv olarkən beynəlxalq səviyyədə dünya dövlətləri tərəfindən tanınmış sərhədlərinin delimitasiyası prosesi gedir. Bu proses zamanı isə müasir texnologiyalardan, peykdən çəkilmiş şəkillərdən istifadə olunur. Həm də SSRİ-nin son dövründə, səhv etmirəmsə sərhədlərin axırıncı dəqiqləşdirilməsi 1988-ci ildə olub, müəyyən olunmuş sərhədlərdən istifadə olunub. Beyəlxalq hüquqa görə də o sərhədlərin müəyyənləşdirilməsi baş verir. Həmin sərhədlərin müəyyənləşdirilməsi gedərkən də məlum olur ki, ermənilər illərlə Azərbaycan torpaqlarından yol çəkiblər. Bizim əsgərlər həmin yola çıxırlar. Əsgərlərimizin bu yola çıxmağı barədə videoları da erməni tərəfi böyük qorxu və ürkü ilə yayır.

Əslində Azərbaycan əsgəri beynəlxalq hüququ, yəni sərhədlərimizi bərpa edirlər. İndi mən bildiyim qədər ilə ciddi danışıqlar gedir. Bu danışıqlar nəticəsində kommunikasiya xəttlərinin yenidən çəkilməsi gözlənilir. Yəni Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsindən sonra o yollardan ötürülən xəttlər yenidən çəkiləcək. Təsəvvür edin ki, radio-televiziya qüllələrini belə həmin ərazilərdə qurublar. Onların hamısının sökülməsi və Ermənistan ərazisinə daşınması posesi gedir. Yəni burada söhbət torpaq mübadiləsindən, yaxud da torpağın verilməsindən getmir, Azərbaycanın haqqı olan torpaqlarda sərhədlərin bərpasından gedir.

– Bu günlərdə Qafar Çaxmaqlının Zəngəzur Vilayəti yaradılması barədə təklifi oldu. Ümumiyyətlə, tarixdən də 1918-ci il xəritəsində müqavilə ilə ermənilərə paytaxt kimi verilmiş İrəvan və ətrafından başqa, indiki Ermənistanın bütün ərazilərinin o zaman Azərbaycanın tərkibində olduğunu görərik…

– Bəli, bunlar faktdır, amma biz gərək məsələyə bir az başqa cür yanaşaq. Söhbət 1918-ci ildə olan vəziyyətdən yox, SSRİ dağılandan sonra olan vəziyyətin bərpasından gedir. Çünki beynəlxalq hüquq tək Azərbaycana aid deyil. Hər iki dövlətin sərhədləri beynəlxalq səviyyədə tanınıb.

– Bu, bizə nə verə bilər?

– Biz dəfələrlə partiya adından da, şəxsi adımızdan da müraciət etmişik. Biz Azərbaycanın 1987, 1988, 1989-cu illərdə kütləvi şəkildə Ermənistan ərazisindən qovulan və etnik təmizləməyə məruz qoyulan azərbaycanlıların məsələsini qaldırmışıq. Bu, Qarabağ məsələsi ilə bağlıdır. Yəni Qarabağ məsələsinin tərkib hissəsidir. Biz bu məsələni qaldırmalıyıq ki, əgər münaqişənin köklü həllindən söhbət gedirsə, münaqişənin törətdiyi fəsadlar aradan qaldırılmalıdır. Erməistanın işğalçı siyasətinə görə münaqişənin fəsadlarından biri də 250 mindən çox soydaşlarımızın Ermənistandan qovulması oldu. O cümlədən Zəngəzurdan, Göyçə mahalından. İndi biz bu danışıqlarda münaqişənin bütün fəsadlarının aradan qaldırılması məsələsini təcili şəkildə və dəlillərə-sübutlara əsaslanmış şəkildə qaldırmalıyıq. Bunun da tərkib hissəsi kimi Zəngəzurda, Göyçədə azərbaycanlıların kütləvi şəkildə yaşadıqları bölgələrə qayıdıb yaşaması üçün Ermənistan beynəlxalq öhdəlik götürməlidir. Çünki bu Qarabağ münaqişəsinin tərkib hissəsidir. Biz 1918-ci ilə gedib çıxsaq, o zaman beynəlxalq hüquq bizim tərəfimizdə olmayacaq. Buna görə Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması kimi soydaşlarımızın öz yurdlarına qayıtmasını tələb edə bilərik. Buna beynəlxalq hüquq imkan verir və Azərbaycanın israrları nəticəsində mənə elə gəlir ki, buna nail olmaq mümkündür.

– Necə düşünürsünüz, Azərbaycan tərəfi bu addımı atacaqmı?

– Bəli, atacaq, hətta atmalıdır da. Biz nə qədər desək ki, müharibə 44 gündə bizim möhtəşəm qələbəmiz ilə başa çatıb, maksimum nəyə nail olmaq mümkün idisə onu etdik, qarşıda danışıqlar mərhələsi olacaq. Biz isətəsək də, istəməsək də Ermənistanla sülh müqaviləsinin bağlanması olacaq və bunun üçün danışıqlar prosesi başlamalıdır. Bu danışıqlar zamanı həm Rusiya tərəfdən, həm Minsk qrupu tərəfindən indidən Azərbaycanda, yəni keçmiş Dağlıq Qarabağ ərazisində erməni əsilli Azərbaycan vətəndaşlarının məsələsi müzakirəyə çıxarılacaq. Bu mütləq baş verəcək. Biz deməsək də, onlar bunu edəcəklər və orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəkdə hansısa bir statusa malik olması məsələsi də gündəliyə gətiriləcək. Biz özümüzü aldatmadan buna hazır olmalıyıq. Onlar bu məsələni gündəliyə gətirən kimi əvəzində Zəngəzur məsələsi mütləq qalxmalıdır. Zəngəzura, Göyçəyə azərbaycanlıların qaytarılması məsələsi həmin o statusla bərabər müzakirə olunmalıdır ki, Ermənistandan etnik təmizləmə nəticəsində soydaşlarımızın qovulması Dağlıq Qarabağ münaqişəsinin tərkib hissəsi kimi ortaya qoyulsun. Yəni bu qovulma da münaqişənin nəticəsidir.

– Əslində soydaşlarımızın qovulması ilə Dağlıq Qarabağ münaqişəsi alovlandı…

– Əgər münaqişənin fəsadları aradan qalxmalıdırsa, ilk növbədə azərbaycanlılar Zəngəzura, Göyçəyə qayıtmalıdırlar.

– Xankəndində ermənilərin evlərini satışa çıxardıqlarını gördük. Bu evlərin satışı hansı ölkənin valyutası ilə, möhür-ştampı, qanunu əsasında baş tutacaq? Azərbaycan bu barədə nə etməlidir? Məsələn, evlərin çıxarışı hansı ölkəyə aid olacaq?

– Bu çıxarışlar Ermənistanın çıxarışları olacaq. Biz özümüzü aldatmayaq. Orada belə bir sistem qurublar. Qondarma qurum yaratmışdılar. Erməni valyutası işləyir orada. Amma mənim gördüyüm elanlarda dollarla qiymət qoyulub. Yəni valyuta olaraq dolları seçiblər, dollarla satırlar. Satsınlar, amma bunu kim alacaq.

– Amma evlərin kupçası Azərbaycana aid olmalıdır…

– Çox şey Azərbaycanın qanunlarına əsasən olmalıdır. Qurumun dırnaqarası rəhbəri orada oturmamalıdır. Onların əski parçası olan bayraqları heç yerdə olmamalıdır. Amma obyektiv reallıq da var. Obyektiv reallıq odur ki, rus sülhməramlıları o ərazidə olduqca bölgədəki əhalinin qorunması ilə məşğul olacaqlar. Ona görə, biz daha ağıllı, daha strateji qərarlar verməliyik. İndi biz deyə bilərik ki, gedək orada öz əmlak komitəmizin şöbəsini açaq, çıxarış verək. Açıq danışaq ki, indi bu mümkün deyil. Amma biz elə etməliyik ki, üç ildən,  beş ildən sonra bu mümkün olsun. Bunun üçün rus qoşunlarının orada olmasını da nəzərə alaraq onlardan, yəniz rus sülhməramlılarından istifadə etməyi də öyrənməliyik. Rus qoşunları təkcə erməniləri əraziyə köçürmək, onları qorumaq üçün gəlməyib axı. Hərçənd elə edirlər, amma sənəddə elə deyil axı. Sənəddə ümumi münaqişənin həlli üçün oradadırlar. Yaxşı o zaman azərbaycanlılar da köçməlidir, təkcə erməniləri niyə gətirirlər.  12000-ə yaxın soydaşımız Xankəndində qeydiyyatdadır. Onlar Xankəndinə, Xocalıya köçürülməlidirlər. Rus ordusu da bunu təmin etməlidir. Biz bunu tələb etməliyik, qanuni şəkildə, emosiyasız iki ilə, beş ilə bunlara nail olmalıyıq.

– Əgər dediyiniz kimi, 12000 azərbaycanlı 2-3 ilə Xankəndinə, Xocalıya köçürüləcəksə, ruslar da dayanmadan erməniləri buralara gətirirsə o vaxta qədər ermənilər möhkəmlənib-artmayacaqlarmı? Vəziyyət hansı yöndə dəyişəcək?

– Biz bir şeyi başa düşməliyik, erməni əsilli Azərbaycan vətəndaşları o torpaqlarda qalıb yaşamaq istəyəcəklərsə, Azərbaycan bayrağını, konstitusiyasını, pasportumuzu qəbul edəcəklərsə, yaşaya biləcəklər. Biz faşist bir toplum da deyilik. Ermənilər monoetnik bir dövlət qurublar-Ermənistanın 99,9 faizi ermənilərdən ibarətdir. Ona görə də xəstə, faşist təfəkkürü ilə yaşayırlar. Azərbaycan tolerant ölkədir və biz Azərbaycan ərazisində qalıb-yaşamaq istəyən, dövlətimizin qanunlarına tabe olmaq istəyən ermənilərin bütün hüquqlarının tam qorunmağına indidən söz vermişik. Prezident səviyyəsində də, dövlət səviyyəsində də. Doğrudan da belə olmalıdır.

– Xankəndindəki ermənilərə rus pasportlarının verilməsi barədə söz-söhbətlər var. Bu nə qədər realdır?

– Bunun heç bir əsası yoxdur. Bizim bəxtimiz onda gətirib ki, keçmiş Dağlıq Qarabağın Rusiya ilə birbaşa sərhəddi yoxdur. Birbaşa sərhəddi olsaydı, pasport məsələsi gündəmə gələ bilərdi.

– Abxaziya, Osetiya kimi?

– Bəli, Abxaziya, Osetiyadakı kimi bir şey ola bilərdi. İndi Allaha şükür ki, birbaşa sərhəddimiz yoxdur, Rusiyanın da belə bir addım atacağını düşünmürəm. Çünki rus pasportu alan ermənilər nə edəcək ki? Uzağı çıxıb gedəcək Rusiyaya. Ona görə, məncə, bu feyk xəbərdir, Rusiyanın da bunda açığı marağı yoxdur. Bilirsinizmi niyə yoxdur?…

– Niyə?

– Çünki Rusiyanın ən böyük marağı odur ki, bu münaqişə ümumiyyətlə həll olunmasın. Nə qədər uzanır-uzansın və münaqişənin bütövlüklə aradan qaldırılması baş versə, onda Rusiyanın orada qoşun saxlamağına ehtiyac qalmayacaq.

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org