“Tarif Şurası müstəqil qurum deyil”

Qubad İbadoğlu: “Qiymət artımı ilə bağlı qərarların iqtisadi əsası yoxdur”
“Dövlət Neft Fondunun büdcəsini neftin 1 barelinin qiymətini 90 dollar görtürməklə hesablamaq çox yalnış yanaşmadır”
Tarif Şurasının benzinin qiymətini 2 qəpik qaldırması və ölkə başçısının müdaxiləsindən sonra yenidən qiymətin əvvəlki həddinə qaytarılması cəmiyyətdə birmənalı qarşılanmadı. Belə ki, YAP-çılardan və bəzi deputatlardan fərqli olaraq müxalif düşüncəli insanlar prezidentin bu qərarını onun ədalət nümayişi kimi deyil, hakimiyyətin növbəti siyasi oyunu kimi dəyərləndirdilər.
Mübahisə doğuracaq ən mühüm məqamlardan biri, bəlkə də birincisi isə bazarın tənzimləməli olduğu qiymətlərə inzibati yolla müdaxilədir ki, ölkə başçısının benzinlə bağlı son qərarını məhz bu cür dəyərləndirmək olar. Məsələ bundadır ki, əgər Tarif Şurasının benzinin qiymətinin bahalaşması ilə bağlı qərarı həqiqətən də iqtisadi baxımdan əsaslandırılan, bazarın tələbindən irəli gələn bir qərar idisə, şübhəsiz ki, İ.Əliyevin buna müdaxiləsi iqtisadi qanunauyğunluqların pozulması, bazar qanunlarına inzibatı yolla müdaxilə kimi şərh edilməlidir. Tarif Şurasının benzinin qiymətinin bahalaşması ilə bağlı qərarının heç bir iqtisadi əsası olmayıbsa, o zaman milyonların yaşamına təsir edəcək bu qərara imza atanların hamısı cəzalanmalı, bu və ya formada məsuliyyətə cəlb edilməlidir.
Bununla bağlı “Hürriyyət”ə açıqlama verən iqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, benzinin qiymətindəki artım ən azından psixoloji baxımdan digər məhsulların da qiymətinin bahalaşmasına səbəb ola, bu müstəvidə müəyyən problemlər yarada bilərdi:
“Bu, onu göstərdi ki, öncəki qərarlar iqtisadi əsaslarla deyil, siyasi göstərişlər əsasında verilib. Əslində, benzinin qiymətinin iki qəpik qaldırılması psixoloji baxımdan digər məhsulların qiymətinin artırılmasına təsir edə biləcək amil idi. Hesab edirəm ki, biz iqtisadçıların məsələyə yanaşma tərzi prezidentin Tarif Şurasının qərarına müdaxilə etməsində müəyyən rol oynayıb. Biz ilk gündən bəyan etmişdik ki, benzinin qiymətinin artırılması ilə bağlı qərar bazara psixoloji baxımdan təsir göstərəcək”.
Q.İbadoğlunun bildirdiyinə görə, məlum olay bahalaşmanın iqtisadi əsasa malik olmadığını sübut etdi:
“Baş verən olay bir daha göstərdi ki, bahalaşmanın iqtisadi əsası yoxdur. Əvəllər benzinin qiymətinin artırılmasına onunla bəraət qazandırırdılar ki, dünya bazarında neftin qiyməti bahadır. Indi dünya bazarında neftin ucuzlaşdığı bir zamanda benzinin qiymətinin artırılması göstərdi ki, əvvəlki qərarlar da, siyasi məqsədlər, korporativ maraqlar əsasında qəbul edilib. Bu olay göstərdi ki, Azərbaycanda azad və liberal iqtisadiyyat yoxdur”.
Ekspertin qənaətincə, məlum olay Tarif Şurasının iddia olunduğu kimi müstəqil qurum olmadığını bir daha isbatladı: “Əvvəla, bu kimi məsələlər inzibati yollarla tənzimlənməli deyil. İkincisi, baş verənlər göstərdi ki, Tarif Şurası müstəqil deyil. Çünki müstəqil olsaydı, onun qərarına bu cür təsir olmazdı. Lakin istənilən halda hesab edirəm ki, prezidentin müdaxiləsi gec də olsa təqdirəlayiqdir. Ən azından gec də olsa qiymət əvvəlki səviyyəsinə endirildi”.
Yeri gəlmişək, Qubad İbadoğlu son günlər neftin qiymətinin enməsi müqabilində büdcədə 1 barelin 90 dollar həcmində götürülməsinin də yanlış olduğunu bildirib: “Hesablamalar görə, 2015-ci ildə Neft Fondunun büdcəsinin gəlirləri 10 milyard 246 milyon manat, xərcləri 11 milyard 813 milyon manat olacaq və 1,57 milyard manat kəsir yaranacaq. Bu barədə açıqlama Neft Fondunun müşahidə şurasının iclasından sonra verilib. Təhlillər göstərir ki, Dövlət Neft Fondunun da büdcəsini neftin 1 barelinin qiymətini 90 dollar görtürməklə hesablayıblar. Fikrimizcə, bu çox yalnış yanaşmadır və hökümət dövlət büdcəsində proqnozlaşdırılmasındakı səhvlərini indi daha kobud şəkildə təkrar edir. Bu yolla yaranacaq büdcə kəsirlərini "gizlətmək" istəyənlər tezliklə görsənən "yırtıqları" yamayanda ciddi çətinliklərlə üzləşəcəklər. Çünki Fondun büdcəsinin əsas gəlirinin mənfəət neftinin satışından formalaşdığını nəzərə alsaq, dünya bazarında neftin qiymətinin uculaşması səbəbindən bu mənbədən daxilolmaların kəskin azalacağı hazırda heç kəsdə şübhə doğurmur. Digər tərəfdən, dünya bazarında sürətlə dəyişən konyukturaya görə, Neft Fondunun aktivlərlərinin idarəedilməsindən əhəmiyyətli qazancları da görsənmir. Ötən ilin 9 ayı ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat və ya özündən əvvəlki ilin eyni dövrü ilə müqayisədə manat 148,9 milyon manat az olub. Bu, həmin mənbədən daxil olan gəlirlərin 1 il ərzində 2 dəfək azalması deməkdir. Bizim hesablamalarımıza görə, 1 barelinin qiyməti 2015-ci ildə pis ssenari üzrə orta hesabla 40 dollar olarsa, Neft Fondu 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa, 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa, 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola bilər. Belə olan halda 2015-ci ildə nəinki Neft Fondunun büdcəsinin, həm dövlət və həm də icmal büdcənin kəsirləri proqnozlaşdırıldağından dəfələrlə çox ola bilər. Yenə də çox şey dünya bazarında neftin qiymətindən asılıdır. Onun da səviyyəsi son 6 ayda 60 faizə qədər aşağı düşüb və analitiklərin proqnozlarına görə, bu tendensiya hələ davam edə bilər”.
Seymur Əliyev