“Biri lütlənib hovuza girir, aşıq da “ay can, ay can” oxuyursa...” - Qalmaqal böyüyür

Baxış sayı:
7086

Bu günlərdə sosial şəbəkələrdə aşıqlarla bağlı maraqlı video yayılıb. Belə ki, aşıq Daşqın Gəncəli sazda ifa edir, kişilər isə hovuzda çılpaq rəqs edir. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tənqid edilib. İzləyicilər aşığın aşıq sənətini alçaltdığını bildirib. Yaşananlarla bağlı musavat.com saytına danışan aşıq bildirib ki, sözügedən görüntülər toydan bir gün öncə keçirilən ”Ciyər axşam”ında lentə alınıb: “Hadisə Bakıda baş tutmayıb, orada heç kim içkili deyildi. İnsanlar sadəcə əylənirdi. Qəbahət iş görmürəm”. Sözügedən hadisə ilk dəfə yaşanmır, dəfələrlə aşıqlarla bağlı birmənalı fikir formalaşdırmayan hadisələr yaşanıb. Onlardan biri bir neçə il öncə aşıq Namiq Fərhadoğlunun başına gəlmişdi. Aşığın oriental musiqi ifa etməsi və rəqqasə Aytənin rəqs etməsi gündəmi zəbt etmişdi. İki il öncə Goranboyda bir biznesmeninin itlərinin toyunda Aşıq Şəmməd və balaban ifaçısı, Aşıqlar Birliyinin üzvü Haqverdi Əliyev iştirak etmiş, hətta itlərin şəninə bəy tərifi demişdilər. Həmin görüntülər yayıldıqdan sonra balaban ifaçısı qurumdan uzaqlaşdırılmışdı . Bir müddət öncə 9 May Qələbə Günü münasibətilə keçirilən kiçik məclisdə iki aşıq, balaban və qaval ifaçısının məşhur rus mahnısı olan “Katyuşa”nı ifa etməsi tənqid olunmuşdu. Musavat.com aşıq Daşqının məlum videosu ilə bağlı aşıqların fikrini öyrənib. Aşıq Namiq bildirib ki, saza hörmətlə yanaşmaq lazımdır: “Aşığın hovuz kənarında saz çalmasına pis baxıram. O qəsdlə o videonu yayıb ki, sosial şəbəkədə gündəmə gəlsin. Saza, aşıq sənətinə hörmətlə yanaşmaq lazımdır. Saz ilə dünya musiqilərini də ifa etmək olar, bu sazın geniş imkanları olduğunu göstərir. Biri lütlənib hovuza girirsə, aşıq da “ay can, ay can” oxuyursa, bu biabırçılıqdır. O aşığı tanımıram, populyar adam deyil. Efirlərə çıxmır. Bir nömrəli dünya sənətkarı da olsa, saza elə hörmətsizlik edə bilməz. Mən elə adamların qənimiyəm. Mənim oriental musiqi ifa etməyimə gəldikdə isə burada qəbahət yoxdur. Mən göstərirəm ki, sazla bu cür musiqiləri də ifa etmək olar. İstəsəm, yenə ifa edərəm. Məni tənqid etməyə kiminsə ixtiyar yoxdur. Azərbaycanda yeganə aşığam ki, öz büdcəmlə sənətimizi göylərə qaldırıram. Aşıq yarışması keçirirəm, ifaçıları verilişlərə dəvət edirəm. 20-30 min pul xərcləyirəm”. Aşıq Toğrul bildirib ki, aşıq sənətinin ucuzlaşdırılmasına qarşıdır: “O videoya baxmamışam. Ümumi deyə bilərəm ki, aşıq sənəti gözəl sənətdir, dəyərlidir. Onun ucuzlaşdırılmasına qarşıyam”.