Qalmaqallı videoya görə tənqid olunan həkim danışdı

“Qarabağ veteranıyam, 6 il döyüşmüşəm, niyə üzərimə bu qədər gəlirlər?”
Bu günlərdə Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-fleboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video qalmaqala səbəb olub. Belə ki, sosial şəbəkələrdə özünü fotomodel kimi təqdim edən Səbinə Sultanova pasiyent qismində açıq-saçıq geyimdə müayinə masası üzərinə çıxıb. O, həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.
Beləliklə, açıq-saçıq geyimləri və vinelərin videolarında yer alması ilə izləyici toplayan Səbinə Sultanova adlı xanımın “İnstagram” izləyicilərini cəlb etmək üçün hesablanan reklam videosu həkimin ciddi tənqid olunmasına səbəb olub. Qeyd edək ki, həmin video görüntüdə həkimin özünün də müayinənin necə aparılması ilə bağlı fikirləri yer alıb.
Məsələ ilə bağlı cərrah-fleboloqu İlham Məmmədovun rəyini öyrənməyə çalışdıq. “Yeni Müsavat”a danışan həkim aşağı ətrafların dopler müayinəsinin ayaq üstə aparıldığını qeyd edərək, özünə haqq qazandırmağa çalışıb:
“Bu barədə istənilən cərrah həkimdən soruşa bilərsiniz. Aşağı ətrafların dopler müayinəsi ayaq üstə aparılır. Müayinə topuqdan başlayıb, qasıq nahiyəsində bitir.
Sosial şəbəkələrdə həkimlər artıq doğuş videolarını çəkib paylaşır, bu barədə tənqidi fikirlər bildirilmir. Amma anlaya bilmirəm ki, niyə mənə qarşı bu qədər tənqidlər bildirilir, həmin video paylaşılır”.
Həkim özünü fotomodel kimi təqdim edən xanımın hər zaman açıq-saçıq geyim tərzində olduğunu da diqqətə çatdırıb:
“O xanım həmişə o cür açıq-saçıq tərzdə geyinir, yəni tərzi bu cürdür. Əgər onun “İnstagram” səhifəsinə girib, araşdırsanız, özünüz də bunun şahidi olardınız. Hər halda, xanım bundan daha yaxşı bir video çəkib, paylaşa bilərdi.
Bir həkim kimi bu cür videoya özüm də yaxşı baxmıram və bu mənə çox pis təsir edir. Mənim profilimə baxsanız, görərsiniz ki, mən o videonu paylaşmamışam. Sadəcə xanımın köməkçisi həmin videonu çəkdi, səhifəsində paylaşdı, daha sonra yığışdırdılar. Buna baxmayaraq bəzi saytlar hələ də onu tirajlayır.
Həkimlik peşəm ilə bağlı dünyanın bir çox ölkələrində olmuşam, lakin bu cür olayla ilk dəfə olaraq Azərbaycanda rastlaşıram”.
Həkim İlham Məmmədov ona qarşı olan tənqidləri qəbul edə bilmədiyini, zamanında Qarabağ döyüşlərində iştirak etdiyini və Qarabağ veteranı olduğunu da qeyd edib:
“Mənim səhifəmə girib baxa bilərsiniz ki, mən Qarabağ veteranıyam, 6 il döyüşlərdə iştirak etmişəm. 1997-ci ildən isə həkimlik peşəsi ilə məşğulam”.
Həkimin sözlərinə görə məlum qalmaqala səbəb olan videoya görə səhiyyə nazirliyindən və yaxud çalışdığı klinikadan heç bir reaksiya bildirilməyib.
Məsələ ilə bağlı səhiyyə nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.
Bir faktı da qeyd edək ki, həkim İlham Məmmədov zamanında Qarabağ döyüşlərində iştirak etdiyini və Qarabağ veteranı olduğunu desə də, internet resuslarında, eləcə də “Fascebook” profilində bununla bağlı hər hansı məlumata rast gəlmədik. Həkim barəsində dərc edilən avtobioqrafiyada isə qeyd olunur ki, o, 1993-1996-cı illərdə 1 saylı klinik xəstəxananın cərrahiyyə və reanimasiya şöbələrində orta tibb işçisi kimi çalışıb, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə - prafilaktika fakültəsini bitirib, 2001-2003-cü illərdə N saylı hərbi hissəsində tibb məntəqəsinin rəisi və N sayılı hərbi hospitalda həkim cərrah işləyib.
Bəs həkim etikası baxımından bu cür reklam xarakterli videonun çəkilib, paylaşılması nə dərəcədə doğrudur?
Həkim Vaqif Qarayev sualımıza bu cür cavab verdi:
“Mən şəxsən həmin videoda qeyri-adi heç nə görmədim. Yəni, damarların dopler müayinəsi düzgün şəkildə aparılır. İnternet resuslarında bu barədə araşdırma aparsanız, qarşınıza sonsuz sayda şəkillər çıxacaq.
Lakin bu cür videolar mentalitetimizə yaddır. Yəni, gənc bir xanımın paltarını yuxarı qaldırması və sairə. Amma bir daha qeyd edirəm ki, tibbi baxımdan normal müayinə bu cür aparılmalıdır. Amma bunu niyə reklam edir, paylaşırlar, bu tamam fərqli mövzudur. Burada xanımın özünü, yoxsa həkimi reklam etdiyi maraqlı deyil. Mənə maraqlıdır ki, ictimaiyyət bu videoya niyə bu qədər reaksiya bildirir? Burada nə var axı?
Bir məsələni də qeyd edim ki, pasiyentin ixtiyarı var tələb etsin ki, onun xəstəliyi, müalicəsi, müayinəsi haqqında heç bir məlumat ictimailəşdirilməsin. Amma əgər pasiyent buna qarşı olmasa, burada qanunsuz heç nə yoxdur”./musavat