Stalin mühafizəçisinə 100 qramla 200 qramın fərqini əyani şəkildə başa salıb –Memuar

Baxış sayı:
5439

Aleksey Rıbin 1931-ci ildən İosif Stalinin şəxsi mühafizəsində xidmət edib. Onu digər mühafizə əməkdaşlarından fərqləndirən intellekti, daha çox mütaliəli olması, yaradıcılığa meylliliyi və ən əsası isə Stalinlə dil tapmağı, bəzən isə ona ərk etməyi kimi cəhətləri olub. Rıbin 1908-ci ildə Sverdlovskda anadan olub. Ordu sıralarından sonra Fövqəladə Komissiya (ÇK) orqanlarında xidmətə qəbul olunub. 1931-ci ildə o, İosif Stalinin şəxsi mühafizə dəstəsinə daxil edilib. Stalinin vəfatından bir il sonra “NKVD” orqanlarından tərxis olunub. Aleksey Rıbin Stalin haqqında bir neçə kitab yazıb. Böyük populyarlıq qazanan həmin kitablarda müəllif əsasən Stalinin kabinetdənkənar həyatını qələmə alıb. Arabir siyasi məsələlərə də toxunan Rıbin 22 il mühafizə etdiyi Stalini öz xatirələrində mövcud siyasi durumun qadağalarına baxmayaraq müdafiə etməyə də özündə cəsarət tapıb. Aleksey Rıbin “Stalinlə yanaşı - mühafizəçinin qeydləri” kitabında Nikita Xruşovun Stalin haqqında fikirlərini alt-üst edərək kifayət qədər ciddi arqumentlərlə tənqid edib: “Vaxtilə Stalinin ətrafında görünmək üçün bütün vasitələrə əl atan Xruşovun sonradan onun haqqında yazdıqlarını yalnız ədalətsizlik adlandırmaq olar. Bu yazılar, söylənilən fikirlər yalnız bir məqsəd daşıyıb, Stalini xalqın gözündən salmaq məqsədini. Mən qəbullarda, ziyafətlərdə Xruşovun Stalinin şərəfinə söylədiyi uzun-uzadı nitqlərinin şahidiyəm. Önun şərəfinə dediyi yüksək fikirləri şəxsən eşitmişəm. Bəs necə olur ki, özünü siyasi cəhətdən mükəmməl sayan lider dünən dediklərini səhərisi gün təkzib edir? Stalinin vəfatından sonra Xruşovun bu cür hərəkətləri bir daha onun qeyri-səmimi olmasını sübut etdi. Və elə bu cür oyunlara görə də çox “mədəni” şəkildə devrildi, Kremldən qovuldu...” Aleksey Rıbin xatirələrində Stalinin şəxsi keyfiyyətlərinə, sıravi insanlara qarşı münasibətinə, yumor hissinə də böyük yer ayırıb: “Stalin ayaq ağrılarını müalicə etmək üçün Sxaltubada vanna qəbul edirdi. Təxminən bir həftə bu şəhərdə qaldıqdan sonra bir gürcü kişisi ilə tanış olmuşdu. Həmin kişi artıq 17-ci vannanı qəbul edirdi. Bir gün Stalin nəticəni öyrənmək üçün yerlisindən soruşdu: - Müalicə necə gedir, təsiri varmı? Yaşlı gürcü dizlərini ovuşdura-ovuşdura narazılığını bildirdi: - 17 vanna qəbul etmişəm, amma hələ heç bir xeyiri yoxdur Stalin gülə-gülə cavab verdi: - Onda bura Sxaltuba deyil, “Sxaltura”dır. Stalin rus hamamında dincəlməyi çox sevirdi. Günlərin birində cənubda istirahətə gəldiyi ilk gün elə birbaşa hamama girməyi qərara aldı. İlin bütün günlərində bu hamam hazır vəziyyətdə olurdu və bunun üçün Dubinin adlı bir nəfər işçi ayrılmışdı. Stalinin hamamın qapısını açmaq istəyəndə onun arxa tərəfdən bağlı olduğunu gördü və qapını döyməyə başlıdı. Bu an içəridən yüksək tonda səs gəldi: - Kimdir orada, niyə qapını sındırırsınız? Stalin asta səslə “üzr” istədi: - Dubinin, bağışlayın, sizi narahat etdim. Dubinin bir anın içində yarıçılpaq vəziyyətdə özünü çölə atdı. Stalin ona “həmişə təmizlikdə” deyib içəri keçdi...” Aleksey Rıbinin müharibə illərində öz başına gəldiyi bir hadisə ilə bağlı xatirəsi də maraqlıdır: “Şaxtalı, qarlı sərt qış günü idi. Həmin gün cəbhədən sevindirici xəbərlər almışdıq. Gecədən xeyli keçmiş Stalin bizim otağa (bağ evindəki mühafizəçilərin otağına) gəldi. Otaqda quraşdırdığımız odun sobası onun çox xoşuna gəlirdi və tez-tez o, bizim otağa gəlib sobanın yanında əyləşirdi. Ayağa qalxmaq istəyəndə əli ilə durmamağımıza işarə etdi. Həmişə olduğu kimi, ona sobanın yanında stul qoydum. Əyləşdi, hal-əhval tutdu, qışın sərt keçməyindən, cəbhədəki döyüşən əsgərlərdən danışdı. Adətən o, mühafizəçilərin arasında ən çox mühafizə rəisi general Vlasiklə, bir də mənimlə söhbət edirdi. Təbii ki, kefi yaxşı olanda. Həmin gecə də əhvalı pis deyildi. Mən ona sərt qış havasının əsgərlərimizə təsir etməyəcəyini söyləyəndə soruşdu: - Aleksey, sən nədən belə qənaətdəsən ki, sərt qış döyüşçülərimizə mənfi təsir etməyəcək? Mən pərdəni gözləmək şərti ilə, amma bir az da ürəkli cavab verdim: - Yoldaş Stalin, birincisi, ona görə ki, döyüşlərdə əldə olunan uğurlar əsgərlərimizə ruh yüksəkliyi verir. İkincisi isə, soyuğu dəf etmək üçün, sizin əmrinizlə hər bir əsgərə 100 qram araq verilir. Doğrudur, belə hava üçün 100 qram azdır, amma hər halda köməyə çatır. Stalin dodağının altında gülümsədi və başı ilə işarə etdi ki, onun arxasınca gedim. Biz onun daha çox vaxtını keçirdiyi kiçik zala keçdik. O, içərisində qab-qacaq, qədəhlər, içkilər olan şkafın qarşısında dayandı və üzünü mənə tutdu: - Aleksey, sən hansı rütbəni daşıyırsan? Təbii ki, o, mənim rütbəmin mayor olduğunu bilirdi. Amma mən də məcbur idim ki, cavab verim: - Mayor rütbəsini, yoldaş Stalin. - Bəs cəbhədə əsas döyüşənlər hansı rütbədədirlər? - Sıravilər, serjantlar, həmçinin zabitlər… - Demək, sən belə düşünürsən ki, 100 qram araq kifayət etmir. Bəs onu düşünmürsən ki, 200 qram olsa, döyüşçülər ayıqlığını itirə bilər? O, bu sözləri deyərkən şkafdan 200 qram tutumu olan stəkan götürdi, daha sonra aşağıdakı gözdən araq qrafinini çıxartdı və stəkanı ağzına kimi doldurdu: - İndi sən bu arağı iç və bir daha fikirləş, sən mayor olaraq özünü itirəcəksənsə, o sıravilər bəs nə vəziyyətdə olacaq? Mən araqdan imtina etmək istəyəndə, o, stəkanı düz qabağıma qoydu. Etiraf edim ki, içki məsələsində bir o qədər də özümə arxayın deyildim, digər tərəfdən də keçirdiyim həyəcan məni artıq sərxoş etmişdi. Həm də Stalinin sözündən kimin nə haqqı var idi ki, çıxsın. Dilimin bəlasına düşmüşdüm. Stəkanı başıma çəkdim. Adətən səxavətli olan Stalin bu dəfə “zakuska” üçün heç nə təklif etmədi. Araq öz işini görürdü, Stalin isə hələ də cəbhələrdəki vəziyyətdən danışırdı. Beləcə, 10-15 dəqiqə də keçdi. Mən icazə alıb getməyə məqam axtarırdım və nəhayət dilləndim: - Yoldaş Stalin, icazə verin xidməti yerimə gedim. - Get, Aleksey, amma unutma ki, bir saatdan sonra biz səfərə çıxmalıyıq, uzun bir məsafə qət etməliyik. “Vəziyyət”in buna imkan verəcəkmi? Mən dilim dolaşa-dolaşa, “əlbəttə, yoldaş Stalin” deyib otağı tərk etdim. O, istədiyinə nail olmuşdu. Döyüşən əsgərlərə 200 qramın artıq olduğunu mənə sübut etmişdi...” Qeyd edək ki, Aleksey Rıbin 1998-ci ildə 90 yaşında vəfat edib./musavat.com