“NİYƏ ARUTUNYANIN İQAMƏTGAHI VURULMADI?...” – Koçaryan separatçı rejimin başçısından şübhələnir

Baxış sayı:
1015

Ermənistanda 44 günlük müharibədəki biabırçı məğlubiyyətə görə satqın və xəyanətkar axtarışı davam edir. Hələ 90-cı illərin əvvəlindən separatçı hərəkatın əsasını qoyanlardan və qondarma rejimin ilk başçılarından biri olan Xocalı qatili, Ermənistanın sabiq prezidenti Robert Koçaryan erməni mətbuatına son müsahibəsində Dağlıq Qarabağdakı qondarma qurumun indiki rəhbəri Araik Arutunyanın bostanına daş atıb.

“AzPolitika.info” xəbər verir ki, R.Koçaryan müsahibəsində dolayısı ilə Arutunyanı və müharibə dövründə onunla birlikdə olan İrəvandan gələn hökumət təmsilçilərini xəyanətdə ittiham edib. O, bildirib ki, Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik silahlarının olmasına baxmayaraq, A.Arutunyanın iqamətgahını bombalamaması olduqca müəmmalıdır.

Koçaryan deyib ki, Birinci Qarabağ Müharibəsi dövründə özünün rəhbərlik etdiyi qondarma qurumun iqamətgahı Azərbaycanın “Qrad” qurğularının hədəfində olub. Ancaq son müharibədə Arutunyanın iqamətgahı hədəfə alınmayıb: “O vaxt belə dəqiq silahlar yox idi, ancaq biz hədəfə alınmışdıq. Niyə azərbaycanlıları polislərin olduğu və iki dəqiq zərbəylə onlarla insanın məhv edildiyi mədəniyyət evi maraqlandırırdı? Niyə onları Calal Arutunyanın (qondarma rejimin “müdafiə naziri”-red.) yeri və maşını, ayrı-ayrı şəhərlərdəki komanda mərkəzləri, Laçın körpüsü maraqlandırırdı, iqamətgah isə yox? Bütün bunlar cavab verilməyən suallardır.”

Koçaryan iddia edib ki, Azərbaycan tərəfi “Araik Arutunyanı qoruyub”. Hərbi cani deyib ki, iqamətgahda onunla birgə olan İrəvandan gələn hökumət təmsilçiləri “öz üzərlərinə düşən işi sona yetirməli və erməni tərəfinin qələbəsinə yol verməməli” idi.

Göründüyü kimi, xeyli müdətdir Nikol Paşinyanı və onun hökumətini hədəf alan R.Koçaryan, bu dəfə də qondarma rejimin başçısını satqınlıqda ittiham edib. Lakin bu hərbi cani unudub ki, onun bir tayı olan A.Arutunyan müharibə dövründə öz “iqamətgahında” yox, hansısa siçan deşiyində gizlənirdi və buna görə də onun əvvəllər oturduğu binanı bombalamağın mənası qalmırdı. Və bu varlıq əslində, bütün müharibə boyu məhz həmin deşiklərdə gizlənməklə canını Azərbaycan əsgərindən qurtarmağa nail oldu.

Cəlal Məmmədov