NATO-da TÜRKİYƏYƏ ETİMAD PROBLEMİ YARANIB – Nə baş verəcək?

Baxış sayı:
3955

Dekabr ayı London qızğın debatların keçirildiyi yerə çevrilib. Ötən il Brüsseldə olduğu kimi Atlantik tərəfdaşlığın, eyni zamanda NATO-nun şərq cinahı liderlərinin görüşü baş tutub. NATO-nun 70 illik yubileyi münasibətilə təşkilata üzv ölkələrin dövlət başçılarının görüşü zirvə toplantısını liderlərin görüşü səviyyəsinə salsa da, tədbirlərin mahiyyəti dəyişməyib. Bu barədə “Ukrayna prizması”nın xarici işlər şurasının idarə heyətinin üzvü, “UA: Ukraine Analytica”-nın baş redaktoru Hanna Şelest “IPG” portalında yazır.

Əslində iştirakçılar London görüşünə əlavə iki daxili problemlə yaxınlaşıblar. Həmin problemlər nəinki yekun bəyannamənin mətninə, eyni zamanda Baltik dənizindən tutmuş Qara dənizədək mövcud və potensial təhlükələrə gələcək reaksiya dinamikasına da ciddi təsir göstərib. Birincisi, Fransa prezidenti Emmanuel Makronun ambisiyaları olub. O, Rusiya ilə dialoqun aktiv şəkildə bərpa edilməsi fonunda ABŞ-ı nəzərə almadan Avropanın təhlükəsizliyini gücləndirmək istəyir.

Məqalə müəllifi qeyd edir ki, son vaxtlar Fransanın mövqeyi Şərqi Avropa ölkələrinin xoşuna gəlmir. Belə ki, onlar hələ də ABŞ-ın aktiv dəstək göstərməsini istəyirlər. Onlar Avropanın müstəqil təhlükəsizlik sistemindən və ya Fransanın artan rolundan qorxmurlar. Bu, bir tərəfdən güclənən Fransa-Rusiya dialoquna, digər tərəfdən Ağ Ev siyasətinə münasibətdə “tvitlərə deyil, əməllərə inan” variantının seçilməsinə qarşı inamsızlıqdır.

Son aylar Türkiyənin sərgilədiyi siyasət demək olar London görüşünün gündəliyinə “soxulub”. Özü də bu mövzu tədbirin həm rəsmi hissəsində, həm də paralel aparılan konfranslarda və kuluarlarda aktuallığını qoruyub saxlayıb. Avropa ölkələri heç vaxt Moskva və Ankaranın enerji sektorundakı aktiv əməkdaşlığını qınamayıb, bunu praqmatik tərəfdaşlıq adlandırıb. Lakin “S-400” zenit-raket kompleksinin tədarükü ciddi təhlükəyə çevrilib.

Son dövrlərədək heç kim cənub cinahının etibarlılığına şübhə etməyib, hərçənd alyans tərəfdən Qara dənizə diqqət məhdud xarakter daşıyıb. Amma Türkiyənin loyallığına əminlik olub və onun kollektiv təhlükəsizlikdə maraqlı olduğunu düşünüblər. Bu da NATO-nun Rusiya ilə şimal sərhədinə daha çox diqqət ayırmasına imkan yaradıb. Bu dəfə Ankara faktiki olaraq yekun bəyannaməni bloklamaqla təhdid edib. Türkiyə Suriyadakı kürd qruplaşmalarının terror təşkilatı kimi tanınmasını, habelə Suriya ilə sərhəddə təhlükəsizliyin təmin edilməsində dəstək almaq istəyir.

NATO-ya üzv ölkələrin bir neçə lideri baş katiblə birlikdə Rusiyanı düşmən hesab etmədiyini deyib. Çünki Rusiya hələlik alyans üzvlərinə hücum etməyib. Ancaq müsahibə və rəsmi çıxışlarda dəfələrlə qeyd edilib ki, bu gün NATO-nun qarşısında duran əsas tapşırıq təşkilata üzv ölkəyə qarşı Krım ssenarisinin təkrarlanmasına yol verməmək, həmçinin yeni təhlükələrə, o cümlədən kiberhücumlara hazır olmaqdır.

Bu cür ikili mövqe – Rusiyanın təhlükə daşıdığının müəyyənləşdirilməsi, eyni zamanda Moskva ilə dialoq axtarışı – müzakirə və fərdi təkliflər səviyyəsindən o tərəfə keçməyib. Sammitin yekun bəyannaməsi alyansın rəsmi mövqeyi ilə bağlı şübhəyə yer buraxmır.

Ukrayna və Gürcüstan son vaxtlar ilk dəfə sammitin rəsmi proqramından kənarda qalıblar. Rəsmi versiyaya əsasən, liderlərin görüş formatı tərəfdarların iştirakını nəzərdə tutmur. Əslində əsas səbəb alyansın daxilindəki çəkişmələr olsa da, bu fakt hərbi blokun iki Şərqi Avropa ölkəsi ilə dərinləşən əməkdaşlığına cavab verməyə hazır olmadığını nümayiş etdirib. Baş katib 2008-ci ilin qərarına əsasən Ukrayna və Gürcüstanın bir gün NATO üzvü olacağını və vəziyyəti təkcə “üzvlük və heç nə” prizmasından qiymətləndirmək lazım gəlmədiyini söyləsə də, necə deyərlər, ağızda acı dad qalıb.

Bununla belə, bəzi siyasi müşahidəçilərin bəyan etdiyi kimi, NATO pensiyaya çıxmağa hazırlaşmır. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun paralel konfransındakı çıxışında hələ də beşinci maddəyə sadiq olduqlarını bildirib.

(Tərcümə: xarici pressa)