NATO: ABŞ-ın burda 87, Rusiyanın 800 tankı var

Soyuq müharibənin bitməsindən sonra biz ümid edirdik ki, Rusiya etibarlı tərəfdaş olacaq.
Bunu Almaniya mətbuatına müsahibəsində NATO-nun Avropadakı qoşunlarının rəhbəri Ben Xoces söyləyib.
“Məhz buna görə qoşunlarımızın sayını azaltdıq. İndi görürük ki, yenidən hərbi gücümüzü artırmaq lazımdır. Qərbə birinci xəbərdarlıq 2008-ci il Gürcüstan-Rusiya müharibəsi oldu. Qərbdə çoxları bu aqressiyanın mahiyyətini dərk etmədi. Yəqin ki, məhz bu Rusiyanın özünə inamını artırdı. Ukraynaya müdaxilə və Krımın anneksiyası Rusiyanın böyük səhvi idi. Rusiya prezidenti Qərbin Krımın anneksiyasına necə reaksiya verəcəyini hesablamamışdı”, – deyə o bildirib.
B.Xoces NATO-dan Rusiyanın alyansı provokasiyaya çəkdiyini söyləyib:
“Rusiya NATO-nun təlimlərinə provokasiya kimi baxır. Bu, Rusiyanın strategiyasının bir parçasıdır. Burada sadəcə faktlara baxmaq kifayətdir. Avropada ABŞ-ın yalnız 87 tankı var. Onların hamısını bir futbol meydançasında yerləşdirmək mümkündür. Ruslar isə özlərinin qərb sərhədlərinə 1-ci tank qvardiyasını yerləşdiriblər. Onun heyəti 800 tankdan çoxdur. Bu, əslində hücum bölməsidir və əsl provokasiyadır.
Biz Rusiya üçün qapını hər zaman açıq saxlamışıq. Rusiya qlobal gücdür. Qərbin ona, onun isə Qərbə ehtiyacı var. Məsələn, hər iki tərəf beynəlxalq islam terrorizmi, iqlim dəyişikliyi, enerji resurslarının azalması ilə mübarizə məsələlərində birgə işləyə bilərlər”.