Muxtar respublikada dövlət orqanlarının vəzifələrini niyə özəl şirkət icra edir? – Naxçıvanın yeni “otkat”çıları

Baxış sayı:
9697

Naxçıvan Muxtar Respublikasında aparılan struktur və kadr islahatlarından sonra bölgədə indiyədək mövcud olmayan bir sıra özəl qurumlar yaradılıb.

TNS-in məlumatına görə, onlardan biri də “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. MMC bu yaxınlarda ləğv edilən Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.

Əvvəlcə onu qeyd edək ki, belə bir qurumun analoqu ölkədə yoxdur. Yəni dövlət orqanının işinə hansısa bir özəl qurumun nəzarət etməsi nə qədər məntiqlidir, onu oxucularımız qiymətləndirsin.

İsmayıl Məmmədovun rəhbərlik etdiyi bu MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. Tikinti obyektlərinin sifarişçiləri ilə bağlanmış müqavilələrə əsasən “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən tikinti obyektlərinə nəzarət edilir.

İlk baxışda burada qanunsuz heç nə yoxdur. İsmayıl Məmmədov Naxçıvanda bir özəl müəssisə yaradıb, tikintilərə nəzarət edərək pul qazanır. Reallıq odur ki, əgər kiminsə dəstəyi olmasaydı, bu müəssisə bir dövlət orqanı ilə belə müqavilə imzalaya bilməzdi. Amma bu MMC indiyədək onlarla dövlət orqanı ilə müqavilə bağlayıb, onun hesabına xeyli vəsait köçürülüb. Belə olan halda ciddi suallar ortaya çıxır. Tikintiyə dövlət nəzarətini həyata keçirən orqanlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər? Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi nə işlə məşğuldur? Bu dövlət orqanlarının vəzifə və funksiyalarını nəyə görə bir MMC icra edir? Tikinti obyektlərinin sifarişçilərini bu MMC ilə müqavilə bağlamağa hansı səbəb və ya kimlər vadar edib?

İnanırıq ki, Azərbaycanın mərkəzi hakimiyyəti bu sualların cavabını aidiyəti orqanlardan və vəzifəli şəxslərdən soruşacaqdır.

İndi isə keçək bu yeni MMC-nin rəhbərinin dediyi kimi şəffaf, amma redaksiyamıza daxil olan məlumatlara görə, qeyri-şəffaf və qaranlıq fəaliyyətinə.

“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı TNS-ə çoxsaylı şikayət məktubları daxil olub.

İddia edilir ki, MMC-nin rəhbərliyi Naxçıvanda “qara kassa” rolunu oynayır (Vasif Talıbovun dövründə “qara kassa” Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov idi), muxtar respublikadakı yeni şirkətlərə problemlər yaradır, özünü Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən xüsusi mandat verilmiş şəxs kimi aparır. Hesab edirik ki, İsmayıl Məmmədov Naxçıvanın yüksək vəzifəli şəxsi tərəfindən himayə edilməsə, belə profilli bir özəl müəssisənin muxtar respublikada fəaliyyət göstərə bilməsi mümkün deyil.

Məlumatlara görə, MMC-nin rəhbərliyi Naxçıvanda fəaliyyət göstərən tikinti şirkətlərinə maddi maraq müqabilində dövlət sifarişli müqavilələrin yönəldilməsi üçün təkliflər verir, əlavə olaraq icra olunmuş işlərin “Forma 2” sənədləri üzrə ediləcək ödənişlərdən 15-20 faiz haqq tələb edir. Bundan başqa, Azərbaycanın digər regionlarında fəaliyyət göstərən tikinti və layihələndirmə şirkətlərilə əlaqələr yaradılaraq bəlli bir “otkat” müqabilində Naxçıvandakı işlərə cəlb etmək istəyirlər.

İddia olunur ki, indiyədək bu şirkətin nümayəndələri tərəfindən torpaq satışı, vəzifəyə düzəltmə, aparılmış tikinti işlərində “Forma 2” həcmlərinin süni artırılması və tikinti işlərinin verilməsi vədii ilə bir çox şəxslə sövdələşmələr aparılıb.

“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Məmmədov isə TNS-ə açıqlamasında bu iddiaları təkzib edib. MMC rəhbəri deyib ki, onların fəaliyyəti qanunidir, deyilənlərin isə heç bir əsası yoxdur.

“Bizim fəaliyyətimiz barədə bu iddiları irəli sürənlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”, - İsmayıl Məmmədov əlavə edib.

Şirkət rəhbərinin belə arxayın danışması onu göstərir ki, ya MMC-nun fəaliyyəti tam şəffafdır, ya da sahibkar çox ciddi şəkildə himayə olunur. Bizə təqdim edilən faktlar ikinci ehtimalı qüvvətləndirir.

Mövzunu davam etdirəcəyik.

3472c4b6-4a69-4def-bce7-e569ef3ba318