Müsavatın təşkilat sədri azadlıqdan məhrum edildi

Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.
Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Bu haqda “Basta”ya məhkəmə prosesində iştirak edən Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.
“Məhkəmə tamamilə əsassız, hesab edirəm ki, sifarişli qərar çıxardı. Amma məhqəmənin qərarı hökm qüvvəyə mindikdən sonra, yəni apelyasiya şikayətinə baxıldıqdan sonra icra ediləcək. Əgər Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, o halda Xasay Fərzulla məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndəriləcək”, – Yadigar Sadıqov bildirib.
Müsavat başqanın müavini onu da əlavə edib ki, əgər Cinayət Məcəlləsinə təklif edilən düzəlişlər Apelyasiya Məhkəməsinədək qəbul olunarsa, o halda Xasay Fərzullanın barəsində başqa qərar çıxarıla bilər.