Müsavatın qərarı etiraz doğurdu...

Qubad İbadoğlu: "Vurğun Əyyubun kənarlaşdırılması Müsavat Partiyasının tarixi üçün ləkədir"
 
Vurğun Əyyub: “Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir”
 
"Vurğun Əyyubun Müsavat Partiyasından kənarlaşdırılması barədə qərarın qəbulu göstərdi ki, qərarın sifarişçiləri partiyanı demokratik deyil, qisasçı təfəkkürlə, qrup maraqları çərçivəsi ilə idarə etməkdə davam edirlər. Belə qərarlar Müsavatın bu günü üçün rüsvayçılıq, tarixi üçün ləkə, gələcəyi üçün təhlükədir".
Bunu Müsavat Partiyasından kənarlaşdırılan başqanlğa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.
O, Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qəbul olunan qərara münasibət bildirərkən qeyd edib ki, partiya rəhbərliyi "rəqiblərin cəzalandırılması və qisas alınması" kodu altında reallaşdırılan siyahı hazırlayıb: "Müsavat Partiyasında baş verənlərdə bizim üçün yeni bir şey yoxdur. Əslində, kimin hansı ardıcıllıqla və hansı strukturlarda partiyadan çıxarılması və ya cəza verilməsi qurultaydan dərhal sonra Divanın iclasları hələ köhnə başqanın otağında aparılanda müəyyənləşdirilmişdi. Bir çox səbəblərdən Vurgun bəylə bağlı qərar ləngiyirdi. Çünki, aşağılar yuxarıların tapşırığını icra etməkdə tərəddüd edirdilər. Nəhayət, Müsavat Partiyasında rəhbərliyi mənimsəyənlərin göstərişləri və aşağıların prosedurları əsasında partiyanın Bərpa Mərkəzinin üzvü, onun quruculuğunda və inkişafında 25 ildən çox dəyərsiz xidməti olan görkəmli ziyalı Vurğun Əyyub da partiya sıralarından uzaqlaşdırıldı. Gündən-günə kiçilən və avtoritarlaşan partiyanın bu tip qərarlarına həm ləyaqətli partiya üzvləri və həm də dəyərli ictimaiyyət nümayəndələri laqeyd qalmayacaqlar".
 
Qeyd edək ki, Vurğun Əyyubun özü də  Müsavat Partiyasının yerli təşkilatının sıralarından xaric edilməsi barədə verilmiş qərara münasibət bildirib.
O bildirib ki,  ona partiya sıralarından çıxarılmaqla bağlı rəsmi məlumat verməyiblər: “Əslində burada gözlənilməz bir qərar yoxdur. Məni Müsavat Partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar. Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir.  Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım.  Ona görə də ayın 3-də saat 12:00- da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir.
Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla mənim Müsavat Partiyası üçün xərclədikləyim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqqlarının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində də deyiləm. Bu, Müsavat Partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil”.
V. Əyyub qeyd edib ki, partiyadan çıxarılmağı ilə bağlı heç bir müraciət etməyəcək: “Çünki partiyanın indiki rəhbər strukturları qeyri- legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəm”.
Xatırladaq ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. Qərarın qəbulu zamanı V.Əyyubun iclaslara qatılmaması və üzvlük haqqını ödəməməsi əsas göstərilib.
Muxalifet.az