Müsavat Partiyasında qalmaqal – RAYON TƏŞKİLATI BÖLÜNÜR?

“Müsavat Partiyasının qurultayından sonra Suraxanı rayon təşkilatının rəhbərliyi, başda sədr Rövşən Dəmirli olmaqla, Müsavat Partiyasına, Arif Hacılıya qarşı təbliğat aparır və partiyanın təşkilatında ikitirəlik yaradıb”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura üzvü Fəzli Mehdiyev deyib.

F. Mehdiyev R. Dəmirlini yalan məlumat yaymaqda ittiham edib. O bildirib ki, martın 27-də keçirilən Şura iclasına çağırılmayan şəxslərin hamısı hazırkı başqan Arif Hacılını dəstəkləyənlərdir: “Suraxanı rayon təşkilatı sonuncu dəfə noyabrın 8-də Şura iclası keçirib. Bu iclas Qubad İbadoğlu ilə Müsavatın qərargahında keçirilən görüşdən 1 saat əvvəl baş tutub. O dövrdən bu günə kimi bizim təkliflərimizə baxmayaraq, rayon təşkilatının sədri Şura iclasını çağırmayıb. İndiyə kimi bütün Şura iclaslarının təşkili ilə rayon təşkilatının sədri məşğul olurdu və hər dəfə mənə Şura üzvü kimi şəxsən özü zəng edib məlumat verirdi. Mən onların sosial şəbəkədə hər hansı elanını da görməmişəm. Maraqlıdır ki, Şura iclasına çağırılmayan adamların hamısı qurultayda Arif Hacılıya səs vermiş şəxslərdir. Necə olur ki, Qubad İbadoğlunu dəstəkləyən adamlar Şura iclası barədə elandan xəbərdar olur, ancaq biz bundan xəbərsiz qalırıq. Digər tərəfdən, Şura iclaslarının hamısı indiyədək Müsavatın qərargahında keçirilib. Martın 27-də keçirilən iclas isə məqsədli şəkildə bir evdə keçirilib”.

F. Mehdiyev qeyd edib ki, martın 27-də keçirilən Şura iclasına 4 nəfər üzv dəvət olunmayıb və onların hüquqları pozulub.

R. Dəmirli isə APA-ya açıqlamasında F. Mehdiyevin fikirləri ilə razılaşmayıb: “Fəzli Mehdiyev hər zaman konflikt yaradan insandır. Onun dedikləri həqiqəti əks etdirmir. Çünki Şura iclasının keçiriləcəyi barədə şəxsən Rahib Mirələmov ona zəng vurub. Ancaq o, telefona cavab verməyib. Bundan sonra Rahib Mirələmov iclasın vaxtını sosial şəbəkədə elan edb. Ola bilməz ki, Fəzli Hehdiyev həmin elanı görməsin. Görüb, ancaq gəlmək istəməyib. Məndən MNTK-ya şikayət edən Fəzli Mehdiyev və digər şəxs Misir Məhəmmədoğlu hələ 4 ildə bir dəfə də olsun üzvlük haqqı ödəməyiblər. Əslində Şura toplantısını çağırıb, onları üzvlük haqqını ödəmədiklərinə görə partiyadan çıxarmaq lazımdır".