Müqavilənin bağlanmış sayılması kontekstində oferta və akseptin hüquqi təhlili - AYSU NƏBİZADƏ YAZIR

Baxış sayı:
17024

Müqavilə hüquqauyğun hərəkət olmaqla iki və ya daha çox şəxs arasında mülki hüquq münasibətlərin yaradan, dəyişdirən və xitam edən hüquqi faktdır. Müqavilənin bağlanması üçün onda iştirak edən tərəflərin hüquqi nəticə yaradan iradələri qarşılıqlı şəkildə ifadə olunmalıdır. Bu iradə ifadələri bir tərəfin müqavilə bağlanmasına dair təklifi, digər tərəfin isə bu təklifi qəbul etməsi şəklində təzahür edir. İradə ifadəsi şəxsin özünün iradəsi və bu iradənin hər hansı bir formada xaricə ifadəsi ünsürlərindən ibarətdir. Lakin bir müqavilənin bağlanmış sayılması üçün bəzən yalnızca qarşılıqlı olan iradə ifadələri kifayət etmir. Bəzi hallarda buna tamamlayıcı ünsürlər də əlavə edilir. Məsələn, daşınmaz əmlakla bağlı müqavilə notarial qaydada bağlanması və reyestdə qeydə alınma tələbi əsasdır.

Həmçinin, müqavilənin bağlanmış sayılması üçün təklif və qəbula (oferta və akspet) dair xüsusi tələblər, müqavilənin bağlanmış sayılması üçün onun formasından asılı olaraq bağlanma anları fərqlənmişdir. Beləliklə, bir müqavilənin mövcudluğundan bəhs etmək üçün ən az iki tərəfin qarşılıqlı və bir-birinə uyğun iradə ifadələri mövcud olmalı, bu iradə ifadələri oferta və aksept formasında qanunvericinin müəyyən etdiyi tələblərinə uyğun olmalı və nəhayət, bu iradə ifadələri müqavilənin bağlanma anı kimi onun formasından asılı olaraq qanunvericiliyə uyğun formada ifadə edilməlidir (əks etdirilməlidir). Yəni baxmayaraq ki, qarşılıqlı iradə ifadələri mövcud olmaqla, oferta və akseptin tələblərinə əməl edilmişdir, müqavilənin bağlanma anı onun ifadə edilmə tələblərinə əməl etdikdə mövcud olur. Əks halda müqavilə bağlanmış sayıla bilməz.

Oferta:

Oferta müəyyən qarşı tərəfə yönləndirilən və qarşı tərəfin qəbul etdiyi təqdirdə təklif edən şəxsin icraya hazır olduğunu ifadə edildiyi, müqavilənin mühüm şərtləri (essential terms) əks olunduğu müqavilənin bağlanmasına dair təklifdir. 

- Müəyyən qarşı tərəfə göndərilmiş olması;
- Aksept olan zaman icraya hazır olmanın ifadə edilməsi;
- Mühüm şərtlərin əks olunması.

Müqavilənin bağlanmış sayılıb-sayılmamasının araşdırılması üçün ofertanın qeyd olunan tələblərə cavab verməsi zəruridir. İlk növbədə təklif o halda oferta sayılır ki, bu təklif müəyyən olan şəxs(lər)ə ünvanlansın (istisna hal-ümumi oferta). Burada müqavilənin digər tərəfinin bu təklifdən xəbərdar olacaq şəkildə ifadə olunması əsas məsələdir.  Əks halda qarşı tərəfin qeyri-müəyyən olmasından əlavə, qarşı tərəf məlum olsa belə onun bundan xəbərdar olmaması və məlum olsa belə təklifin onun xəbərdar olmayacağı şəkildə ünvanlanması oferta sayıla bilməz.
Ofertada onun aksept olacağı şəkildə təklif edənin icraya hazır olması açıq şəkildə ifadə olunmalıdır. Bu ünsür bəzən birinci ünsür olmasa belə, ofertanın dəvət kimi deyil, təklif kimi nəzərdən keçirilməsi üçün önəmli ünsür hesab oluna bilir. Belə ki, ofertada qarşı tərəfin qeyri – müəyyən olması onun ofertaya dəvət olmasına gətirib çıxarır. MM-in 408.2-ci maddəsinə görə şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Lakin bütün hallarda bu hal digər ünsürlərin təsiri ilə dəvət kimi yox, təklif kimi də nəzərə alına bilir. Bununla əlaqədar məşhur bir məhkəmə işi mövcuddur. Carlill – Carbolic Smoke Ball (1893) məhkəmə işində ofertanın mövcud olması təsdiq edilmişdir.  Burada qarşı tərəf qeyri-müəyyən olmasına baxmayaraq, təklifin konkret olması və icraya hazır olmanın konkret şəkildə ifadəsi müqavilənin mövcud olduğunu təsdiq edirdi.(3) MM-də isə bu məsələ ümumi oferta şəklində 408.7-ci maddəsində əksini tapmışdır: “əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.
Digər bir məsələ müqavilənin mühüm şərtləri (essential terms) müqavilədə əks olunmalıdır. Mühüm şərtlər müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 

- Deməli, ofertada predmet aydın şəkildə bütün zəruri elementləri ilə əks olunmalıdır.
- Müqavilə bağlayarkən tərəflər həmin növ müqavilə üçün qanunverici tərəfindən mühüm sayılan şərtlərə əməl etməlidir. Məsələn, lizinq müqaviləsində göstərilməli olan məsələlər qanunvericilikdə konkret göstərilir. Bu mühüm şərtlərdir.
- Üçüncü şərtlərdir ki, tərəflər bu şərtlər barəsində razılaşma əldə etməlidir. Bu şərt tərəfin müqavilə bağlamaq niyyətinə əhəmiyyətli şəkildə təsir gücünə malikdir. Məsələn, tərəflər arasında şərtli bağışlama müqaviləsi bağlanılması və hədiyəni bağışlamaq üçün hədiyə verən tərəfindən müəyyən şərtin icrası tələb edilə bilər.

Mühüm şərtlərdən ən diqqət çəkən şərt müqavilə münasibətlərində qiymət hesab edilir. Fransız hüquq sistemində qiymət bəlli olmadan müqavilə bağlanılması qəbul edilməməkdədir.  Eyni zamanda hər hansı xidmət, yaxud alqı-satqı müqaviləsini ələ alsaq, tərəflər bu barədə razılaşma əldə etməlidirlər ki, müqavilə bağlansın. Eyni zamanda alqı-satqı müqaviləsi üçün qiymətdən başqa, predmetin təhvil alınma yerinin, o cümlədən predmetin təhvil vermə məqamının müəyyən olması satıcı və alıcının riskini müəyyənləşdirmək baxımdan mühüm şərt hesab olunduğunu deyə bilərik.
Bəzi hallarda müqavilədə icra müddəti müəyyənləşdirilmir. İcra müddəti müəyyən olunmayan müqavilə bağlanmış hesab oluna bilərmi? MM-in 427.2-ci maddəsinə uyğun olaraq əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Yəni müddət müəyyənləşdirilmədən də müqavilə bağlanıla bilər. Bu səbəbdən müqavilənin müddəti onun mühüm şərti hesab olunmur.
Qeyd edək ki, bəzən təklif ilə müraciət edən tərəfə qarşı tərəf yeni təklif irəli sürürsə, bu artıq aksept deyil, oferta hesab edilir ki, bu da müəyyən mənada təklifin rəddi anlamına da gələ bilir. Mahiyyət etibarilə yeni təklif irəli sürülməsi və əvvəlki təklifin dolayı yolla rədd edilməsi qarşı tərəfin yenidən əvvəlki təklifi qəbul edə bilməsi imkanından məhrum edir. Bununla bağlı Hyde-Wrench (1840) keysində 1000 pound məbləğində fermanın satılması təklif edilmiş, Hyde 950 pound ödəməyi təklif etmişdir. Wrench təklifi rədd etdikdə Hyde orijinal təklifi qəbul etməyə çalışdı. Lakin artıq orijinal təklif Hyde’ın qarşı təklifi ilə rədd edilmişdi. Bu səbəbdən orijinal təklif qüvvədən düşdüyündən təzədən qəbul edilməsi mümkün deyildi. Stevenson, Jacques & Co McLean (1880) keysində McLean Stevensona dəmir satmağı təklif etmiş, Stevenson isə daşıma ilə əlaqədar məlumat istəyən bir teleqram göndərmişdi. Bu keysdə bu situasiya Stevenson tərəfindən göndərilən yeni təklif kimi deyil, əlavə məlumat üçün müraciət kimi qiymətləndirilmişdir. 

Ofertanın geri götürülməsi:

Təklif edən şəxs tərəfindən ofertanın geri götürülməsi ilə bağlı iki fərqli situasiyanı nəzərdən keçirə bilərik. Birincisi, ofertanın geri götürülməsi barədə bildirişin ofertadan əvvəl, yaxud oferta ilə eyni vaxtda çatması. İkincisi, ofertanın akseptanta çatdıqdan sonra geri çəkilməsi. Birinci hal qanunvericilik tərəfindən tənzimlənərək göstərilir ki, baş verdiyi halda oferta verilməmiş sayılır (MM 408.3). Türk Borclar Qanununun (TBK) 10-cu maddəsində əlavə olaraq, hətta oferta çatdıqdan sonra da onun geri götürülməsi barədə bildiriş akseptant tərəfindən daha əvvəl öyrənilmişdirsə, verilməmiş sayılır.
 Burada aydınlaşdırılmalı olan əsas məsələ oferta akseptanta çatdıqdan sonra təklif edən ofertanı istədiyi zaman geri çəkə bilərmi? Oferta və aksept ilə bağlı normaları nəzərdən keçirdikdə qeyd edilən məsələyə birmənalı cavab tapmaq mümkün deyildir. Qanunverici yalnız MM-in 408.3-cü maddəsində halı tənzimləyək sanki  ofertanın geri götürülməsini yalnız ofertadan əvvəl və onunla eyni vaxtda olması halında mümkün etmişdir. Həmçinin, MM-in 408.6-cı maddəsində ofertada onun aksepti üçün müddət göstərildikdə, ofertanın özündən başqa hal irəli gəlmirsə, həmin müddət ərzində də geri götürülə bilməz.Bu ifadədən isə dolayı yolla o nəticə çıxır ki, həmin müddət keçdikdə geri götürülməsi mümkün olur.  Lakin bu demək deyildir ki, müddət göstərilməyən oferta göndərildikdən sonra akseptant onu istədiyi zaman qəbul edə bilər və təklif edən daim birmənalı olaraq bu təklifə bağlı olmalıdır. Təsəvvür edək ki, B-ə yönləndirilən təklif mövcuddur, B istədiyi zaman bu təklifi aksept edə bilər və A isə bu təklifə daim bağlıdır. Bu müəyyən dərəcədə A-nın da mənafeyini və tərəflər arasında bərabərlik prinsipini də pozar.
MM-in 409.8-ci maddəsinə əsasən əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.Belə aydın olur ki, müddət müəyyənləşdirilməyən ofertanı akseptant hər zaman deyil, yalnız MM-də müəyyənləşdirilən müddət və ya zəruri müddətdə qəbul etsə, müqavilə bağlanılmış sayılacaq. Əks halda akseptin qəbulu gecikdiyindən yeni oferta hesab ediləcək və müqavilə bağlanmış sayılmayacaqdır. (MM-in 410.1) Dolayı yolla burada da oferta həmin müddət keçdikdən sonra geri çəkilə bilər kimi nəticəyə də gəlmək mümkündür. Çünki təklif edənin ofertası ilə bağlılığı üçün əsas aradan qalmış olur.
Bununla bağlı olaraq Anqlo-sakson hüquq sistemində göstərilir ki, oferta aksept edilmədən istənilən zaman geri götürülə bilər.
Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyanın (CISG) 16-cı maddəsinə əsasən isə təklif edən şəxs akseptantın təklifi qəbulunu poçta vermədən əvvəl təklifi geri götürə bilər. Bu birbaşa olaraq “poçt qutusu” qaydasının birbaşa olaraq təzahürü kimi meydana çıxmaqdadır. Həmin qaydaya görə aksept akseptantdan çıxdığı, poçta verildiyi andan verilmiş hesab olunur. Bizim qanunvericiliyə əsasən isə müqavilə bağlanmış sayılması üçün aksept oferenta çatmalıdır.
Beləliklə, ofertanın geri götürülməsinə dair aşağıdakı məsələlər əsasdır:

  1. Ofertanın geri götürülməsi ilə bağlı bildiriş ofertadan əvvəl və onunla eyni vaxtda daxil olduqda, verilməmiş sayılır. Qeyd edək ki, oferta geri götürülə bilməyən olsa belə, qeyd edilən halda oferta geri götürüləcəkdir.  İstər Türkiyə, istərsə də İsveç qanunvericilikləri, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyə əsasən ofertanın yalnız bu 2 halda geri götürülməsi mümkündür.
  2. Ofertada müddət göstərildikdə, özündə başqa hal nəzərdə tutulmayıbsa həmin müddət ərzində geri götürülə bilməz. Oferta göndərmiş şəxs aksepti həmin müddət ərzində alsa, müqavilə bağlanmış sayılacaq. Bundan əlavə, təklifdə oferent onunla bağlı olmayacağı bildirsə, həmin müddət ərzində ofertanın geri götürülməsi isə mümkün olacaqdır.
  3. Müddət göstərilməyən yazılı oferta ilə bağlı təklif edən yalnız MM-də müəyyənləşdirilən müddət və ya zəruri müddətdə aksept alsa, müqavilə bağlanılmış olacaq. Həmin müddətlər keçsə, edilən qəbulla müqavilə bağlanılmış sayıla bilməz və dolayı yolla da təklif edənin müqavilə bağlamaq niyyəti aradan qalxmışsa onun geri götürülmə zərurətinə də ehtiyac qalmır. Buna baxmayaraq, necə ki həmin müddətlər keçsə müqavilə bağlanılmış sayılmayacaqsa və təklif edənin oferta ilə bağlılığı aradan qalxacaqsa, həmin təklifin geri götürülməsinə də hər hansı maneə də mövcud deyildir.
  4.  MM-də müddət müəyyənləşdirilmədikdə akseptin alınması üçün zəruri olan müddət hesablanarkən ofertanın  predmeti, poçtla alma müddəti, baxılması üçün zəruri hərəkətlərin edilməli olması və s. hallar nəzərə alınmalıdır.Həmin müddətlər qurtardıqda təklif edənin oferta ilə bağlılığı müddəti və vəziyyəti aradan qalxmış olur. Türkiyə qanunvericiliyində müddət göstərilməyən ofertada təklif edənin oferta ilə bağlılığı müddətinə daxildir: Təklifin qarşı tərəfə daxil olmasına qədər olan müddət, akseptantın bu təklifin mahiyyəti barədə düşünməsi və qərara gəlməsi üçün lazım olan müddət, akseptin təklif edənə daxil olmasına qədər olan müddət. Yəni burada təklif edən şəxs üçün əslində bir növ ağlabatan müddət, zəruri müddət aydınlaşdırılmışdır. Bundan sonra məhz təkliflə bağlılıq aradan qalxır.
  5. Müddət göstərilmədən edilən şifahi oferta dərhal qəbul edilməlidir. Burada geri götürülmədən danışmaq mümkün olmur. Burada təklif edənin ofertaya bağlılığı qarşı tərəfin dərhal fikrini bildirənə qədər davam edir. Çünki şifahi şəkildə edilən oferta qarşı tərəfə dərhal çatdığından müqavilənin bağlanması üçün qarşı tərəf dərhal fikrini bildirməlidir.

Aksept:

Müqavilənin bağlanması mərhələsində ikinci addım təklifin qəbuludur ki, bu isə özündə qeyri-müəyyənliyi və ya qeyd-şərti ifadə etməməlidir. Akseptdə oferta kimi istiqamətlənmiş olmalı və qarşı tərəfə elan edilməlidir. Əks halda qarşı tərəfin səssiz qalması ilə təklif aksept edilə bilməz. Akseptlə bağlı müddətlərlə bağlı yuxarıda ətraflı məlumat verilmişdir.

Akseptin gecikməsi isə işin hallarından asılı olaraq müxtəlif şəkildə ola bilər. Təbiidir ki, bu hal təklif edəndən, yaxud akseptantdan və ya hər ikisindən asılı olmayan hallardan irəli gələ bilər. Ədəbiyyatlarda qeyd edilir ki, akseptin gecikməsinin səbəbi təklif edənin bildiyi və ya bilməli olduğu səbəblərdən irəli gəldiyi hallarda həmin müddət təklif edənin oferta ilə bağlılığı müddətinə əlavə olunur. Yəni təklif edən gec gələn akseptə dair gecikmiş aksept mövqeyini irəli sürə bilməz. Lakin onun bilməli olmadığı hallardan irəli gəlsə, bu, müddətə əlavə olunmayacaqdır.

MM-də isə akseptin gecikməsi akseptantdan asılı ola və ya asılı olmaya bilər. İlk növbədə MM-in 409.5-ci maddəsində göstərilir: Aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır. Maddənin məzmununa nəzər saldıqda iki cümlə ziddiyyətli görünür. Tutaq ki, B tərəfindən vaxtında göndərilən aksept A-ya gec çatır. Maddənin ikinci cümləsinə görə A gec gələn aksepti yalnız qəbul etdiyini bildirsə, müqavilə bağlanmış sayılacaq. Yəni A hərəkətsiz qalsa müqavilə bağlanmayacaq. Bu zaman birinci cümlə ilə də ziddiyyət yaranır. Birinci cümləyə görə isə A hərəkətsiz qalsa müqavilə bağlanmış sayılacaq, çünki gecikmə yalnız dərhal bildirildikdə qüvvədədir.  Buradan belə nəticə hasil olur ki, ikinci cümlə vaxtında göndərilməyən aksept üçün keçərli müddəadır.  
Beləliklə, MM-in 409.5-ci maddəsinə əsasən iki hal müəyyənləşir:

  1. Maddənin birinci cümləsində də qeyd edildiyi kimi, akseptantın vaxtında göndərdiyi gecikmiş akseptlə müqavilənin bağlanılmış sayılıb-sayılmaması təklif edəndən asılıdır. Qanunverici oferent üçün gec alınmış akseptlə bağlı müqavilə bağlamaq niyyəti olmazsa bu  barədə qarşı tərəfə dərhal məlumat vermək vəzifəsini qoymuşdur. Bununla da oferent akseptantın vaxtında göndərdiyi gec alınmış aksept barədə qarşı tərəfə dərhal məlumat verməzsə, müqavilə bağlanmış hesab olunacaq.
  2. Maddənin ikinci hissəsi isə əsasən vaxtında göndərilməyən aksept (gecikməsində akseptantın təqsiri olan) üçün şamil olunur. Belə halda oferent gec alınmış aksepti qəbul edərsə bu barədə bildiriş verməlidir və məhz bundan sonra müqavilə bağlanılmış sayılacaqdır. Deməli, gec alınmış aksepti qəbul etdiyinə dair bildiriş verməzsə, gecikmiş aksept kimi yeni oferta hesab olunacaqdır.

    

Müqavilənin bağlanma anı:

Mövcud müqavilədən bəhs etmək üçün həmin növ müqavilənin bağlanma formasından asılı olaraq müqavilə bağlanma anı fərqlənir. Əgər müqavilə şifahi müqavilədirsə, MM-in 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

MM-in 407.2-ci maddəsinə əsasən isə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumum Qərarına əsasən “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. 

Nəticə

Beləliklə, müqavilə  münasibətlərində müqavilənin mövcud olub-olmaması ilə bağlı yaranan mübahisələrdə oferta və akseptin qanunvericilikdə qoyulan tələblərə uyğun olması zəruri məsələdir. Bu baxımdan ofertanın konkret şəxsə istiqamətlənməsi, mühüm şərtlərin olması və icraya hazırlıq ifadə edilməlidir. Aksept üçün isə konkret müddət tələbi olduqda, həmin müddət ərzində oferentə elan edilməlidir. Müddət müəyyənləşdirilməyibsə, aksept MM-də və aksept üçün ağlabatan zəruri müddət ərzində elan edilməlidir. Akseptantın vaxtında göndərdiyi akseptin gec çatması ilə vaxtında göndərilməyən akseptin gec çatması ilə bağlı tənzimlənmələr konkretləşdirilərək fərqləndirilməsi zərurəti vardır. Əks halda MM-in 409.5-ci maddəsi hüquqi tənzimləmədə qeyri-müəyyənlik yarada və normanın məzmunun fərqli şəkildə təfsir edilərək tədbiq edilməsinə yol aça bilər. Belə ki, bir sıra yanaşmaya görə  oferanta gec çatan aksept hər bir halda gecikmiş aksept sayılaraq yeni təklif kimi dəyərləndirilməli olduğu istiqamətindədir. Amma normanı təhlil edərkən aşkar şəkildə görünən qeyri-müəyyənlik həmin normada akseptin gecikməsinin hər iki formasının nəzərdə tutulduğu qənaətinə gəlməyə imkan verir.

Aysu Nəbizadə

Hüquqşünas