​Münaqişə başlayandan Suriyaya 1000-dən çox azərbaycanlı gedib

Baxış sayı:
5431

“Son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxs Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb”.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov deyib.
O qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist ölkəyə qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib: “Dövlət Təhlükəsizliyi Xidməti bu gün aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur”.
DTX rəsmisi bəyan edib ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
S.Mahmudov Suriyaydakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşları barədə də danışıb. O qeyd edib ki , Şimali Qafqazdakı terror qruplarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyaydakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub: "Bu nəyin nəticə sində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə mənsub olan Kütləvi İnformasiya Vasitələrində, internet saytlarında, eyni zamanda sosial şəbəkələrdə aparılan suni təbliğat mexanizmi buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Bunların nəticəsində bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır".