“Məni işdən çıxarmaqda məqsəd yerimə deputatın qohumunu təyin etmək idi…” – QARABAĞ DÖYÜŞÇÜSÜ

Naxçıvan şəhəri, Şahbuz rayonu, Şahbuz şəhər sakini Qəhrəmanov İdris Məmməd oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qanunsuz olaraq işdən çıxarıldığını iddia edir:
“Mən, Qəhrəmanov İdris Məmməd oğlu, Şahbuz rayonu, Şahbuz şəhərində yaşayıram. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnistitutunu qırmızı diplomla bitirmişəm. 1993-cü ildə ulu öndər Heydər Əliyevin çağrışı ilə könüllü olaraq Qarabağ müharibəsində iştirak etmişəm. I Qarabağ müharibəsi veteranıyam, Prezident tərəfindən "Dövlət Qulluğunda" fərqlənmə medal ilə təltif olunmuşam.
Uzun müddət Şahbuz rayon Gənclər və İdman İdarəsində çalışmışam. Bu müddət ərzində hər zaman mükafatlandırılmışam. 2018-ci ildə İdarə rəisi vəzifəsinə təyin olunmuşdum. 4 il idarədə 3 nəfərin yerinə tək işləmişəm. Bütün bunlara baxmayaraq, II Qarabağ müharibəsi başlayan kimi cənab Prezidentin tapşırığına məhəl qoyamdan, bir müharibə veteranı kimi, heç bir səbəb olmadan, məcburi şəkildə ərizəm alınaraq, məni işdən azad etdilər. Məqsəd Ordubad rayonundan Milli Məclisə deputat seçilmiş Cəbi Quliyevin qohumu Elvin Hüseynovu həmin idarədə işlə təmin etmək idi. Hansı ki, o, Naxçıvanda özəl institutun İqtisadiyyat ixtisasını qurtarmışdır və hərbi xidmətdə də olmamışdır.
Mən ilk növbədə xahiş edirəm, lazım olan təşkilatlar araşdırsın ki, o, hansı xəstəliklə hərbi xidmətə getməyib və həmin işdə, yəni hərbi vətənpərvərlik və idmanın təbliği ilə məşğul olan bir idarədə işləyə bilər, yoxsa yox?!
Qeyri-qanuni olaraq işdən çıxarılmağımla əlaqədar 7 dəfə Ali Məclisin sədrinə, 2 dəfə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etmişəm, heç bir cavab ala bilməmişəm. Yalnız bir ərizəmlə əlaqədar Ali Məclisin şöbə müdiri Cəlil müəllim məni qəbul etdi, sənədlərimə, işlədiyim müddətdə qazanılmış uğurlarıma baxaraq bildirdi ki, get gözlə, cavab verəcəyik. Lakin heç bir cavab verilmədi.
İşdən çıxarılan vaxt idarədə rayon icra başçısının müavini Tural Quliyev mənim işim haqqında razılıq etdi. Sonra isə bildirdi ki, bütün bu uğurlara, nailiyyətlərə baxmayaraq, bu gün məsləhətdir ki, İdris Qəhrəmanov işdən azad olunsun, onun yerinə Elvin Hüseynov təyin olunsun.
Dövlət qulluqçusunu heç bir nöqsanı olmadan, 5 dəqiqənin içərisində necə işdən azad edirlər, başa düşə bilmədim! Uzun müddət şok yaşadım.
Sizdən xahiş edirəm, bu yazını işıqlandırın. Mənim haqqıma girilib, işimdən qanunsuz olaraq, səhvim olmadığı halda uzaqlaşdırılmışam”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.