​Məktəb çantaları hansı xəstəliklərə yol açır? - FİZİOTERAPEVTDƏN AÇIQLAMA

Baxış sayı:
6124

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər uşaqları üçün məkləb ləvazimatları almağa başlayıblar. Bu ləvazimatların ən əsası məktəb çantalarıdır. Çünki uşaqlar il boyu bu çantalardan istifadə edəcək. Bəzən olur ki, valideynlərin aldığı çantalar uşaqların sağlamlığında böyük problemlərə yol açır. Bəs məktəbli çantasıının səhv seçimi hansı xəstəliklərə səbəb olur?
Məsələ ilə bağlı Hurriyyet.az saytına açıqlamasında fizioterapevt Mir Elvin Əliyev bildirib ki, xüsusilə ağır və ya səhv daşınan məktəb çantaları skolioza (onurğa əyriliyinə) səbəb olmasa da, uşaqların onurğa sağlamlığına mənfi təsir göstərə və bəzi postural problemlərə səbəb ola bilər:
“Skolioz genetik faktorlar, sinir-əzələ xəstəlikləri və ya naməlum səbəblərdən yaransa da, məktəb çantalarının düzgün istifadə edilməməsi onurğada bəzi təsirlər yarada bilər.
Məktəb çantalarının onurğaya aşağıdakı təsirləri də var:
1. Duruş pozğunluqları: Ağır çantalar uşaqların əyilmiş yeriməsinə və ya çiyinlərini irəli çəkməsinə səbəb ola bilər ki, bu da duruş pozğunluğuna səbəb olur.
2. Əzələlərdə və birləşdirici toxumalarda gərginlik: Yükün düzgün bölüşdürülməməsi onurğa ətrafındakı əzələlərdə və birləşdirici toxumalarda həddindən artıq gərginliyə səbəb ola bilər.
3. Çiyin və bel ağrısı: Ağırlığın balanssız paylanması, xüsusilə bir çiynində daşınan çantalar çiyin, bel və boyun ağrılarına səbəb ola bilər.
4. Onurğanın əyriliyi riskinin artması: Daimi birtərəfli çəki daşımaq zamanla onurğa əyriliklərinə kömək edə bilər, lakin birbaşa skolioza səbəb olmur”.
Fizioterapevt tövsiyə edir ki, çanta hər iki çiyin qayışı ilə bərabər daşınmalıdır:
“Çantanın çəkisi uşağın bədən çəkisinin 10-15%-dən çox olmamalıdır. Onurğa sütununu dəstəkləyən, erqonomik və kürəyi dəstəkləyən çantalara üstünlük verilməlidir. Geniş və yastıqlı çiyin qayışları və bel dəstəyi olan çantalardan istifadə edilməlidir. Uşaqların onurğa sağlamlığını qorumaq üçün düzgün çantadan istifadə etmək vacibdir. Skolioz kimi ciddi xəstəliklərdən daha çox duruş pozğunluğu və əzələ gərginliyi kimi problemlər daha çox rast gəlinir və vaxtında tədbir görülməklə qarşısını almaq olar”.
Aynurə İSMAYIL