ON MİNLƏRLƏ TURİST, 50 İLLİK YUBİLEY VƏ ƏNƏNƏVİ FESTİVAL - Göyçay hələ bu cür izdiham görməmişdi...

Baxış sayı:
6934

Göyçay rayonunda noyabrın 7-dən başlayan (həmin gün “AzNar” QSC-nin 50 illik yubileyinə həsr edilmiş futbol turniri başlamışdı,-red.) bayram təntənələri ötən gün yekunlaşıb. Virtualaz.org-un xüsusi müxbiri Göyçaydan xəbər verir ki, şəhərdə artıq 14 ildir ki, hər il təşkil olunan ənənəvi Nar Festivalı bu il misli görünməmiş izdiham və təntənə ilə keçib. Xatırladaq ki, ənənəvi festival bu il də “AzNar” QSC-nin sponsorluğu və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Lakin bu il festivalın xüsusi coşqu ilə keçməsinin bir səbəbi də var idi-“AzNar” QSC həm də yaradılmasının 50 illiyini qeyd edirdi. Bayrama və yubileyə görə bütün şəhər bəzənmişdi... Festival münasibətilə Göyçay şəhərinin bütün mərkəzi küçələri şəhərdə Nar Festivalının başladığını göstərən iri bannerlərlə və “AzNar” şirkətinin 50 illiyinə həsr edilmiş plakatlarla bəzədilmişdi. Noyabrın 9-da səhər saatlarında Festivalın rəsmi açılışı böyük izdihamla baş tutub. Festivalı izləməyə isə həm paytaxt Bakıdan və Göyçaya yaxın rayonlardan, həm qonşu Rusiyadan axın etmişdilər. Yerli və xarici turistlər arasında ildən ilə populyarlaşan, nəticədə Cənubi Qafqazın ən böyük festivalına çevrilən bu tədbiri izləyənlərin sayı 50 mini keçmişdi, bu da Göyçay rayonu üçün görünməmiş izdiham idi. Qonaqlar arasında həm yerli rəsmilər, rayon rəhbərliyi tam heyətdə, həm qonşu rayonların icra hakimiyyəti başçıları, Milli Məclisin üzvləri, bir sıra tanınmı ictimai xadimlər, diplomatik korpusun nümayəndələri də yer alıb. “AzNar” QSC-nin sahibi, rusiyalı milyarder Fərhad Əhmədovun şəxsi dəvəti ilə Portuqaliya kralının nəvəsi Canan Yasemin də qonaqlar arasında idi. “AzNar”ın stendi ilə tanışlıq: qonaqlar yenə məmnun qaldı Bəribaşdan qeyd edək ki, iki gün davam edən festivalın proqramı xeyli zəngin və əhatəli idi. Rəsmi açılışdan sonra çoxsaylı qonaqlar əvvəlcə baş sponsorun-“AzNar” QSC-nin stendinə tamaşa ediblər. Burada zavodun istehsal etdiyi təbii şirələrin, müxtəlif növ şərabların dadına baxıblar. Təbii nar şirələri də daxil olmaqla geniş çeşiddə məhsulların müsair texnologiyalar əsasında istehsalını genişləndirən “AzNar” bu dəfə də keyfiyyət, dad, dizayn və qablaşdırma kimi parametrlər üzrə qonaqların məmnunluğunu qazana bilib. Daha sonra festivalın digər stendləri ilə tanışlıq başlayıb. Ardınca Fərhad Əhmədov qonaqları yerli sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış edib. Əlbətdə, biznesmen bu dəfə də sənətə və sənətkarlığa öz birbaşa dəstəyini nümayiş etdirərək (F.Əhmədov rəsm əsərlərinin kolleksiyaçısıdır,-red.) onların əl işlərindən satın alıb. Xüsusən də azyaşlı rəssamların nar mövzusunda çəkdiyi rəsmlərə pul ödəyərək onları gələcək yaradıcılığa ruhlandırıb, stimullaşdırıb. Sabir bağına axın, orada nə baş verirdi... Stendlərlə, sərgilərlə tanışlıq başa çatandan sonra izdiham Sabir bağına axın edib. Burada festival çərçivəsində ənənəvi moda nümayişi və Nar Gözəli müsabiqəsi təşkil edilmişdi. Əvvəlcə festival iştirakçıları nar mövzusunda bir neçə rəqs kompozisiyasını izləyiblər. Ardınca moda nümayişi başlayıb. Bu dəfə səhnədə “K.Fabuel Mosa Evinə məxsus “Etnike” kolleksiyası (dizayner Kübra Nuriyeva) , “AnaraZakirli” brendinə aid “ZərƏfşan” kolleksiyası nümayiş etdirilib. Habelə Qarabağ xalçaçılıq məktəbinin nümunələri-Cəbrayıl və Əfşan xalıları qonaqlara təqdim olunub. Moda nümayişinin ardınca sıra gözəllik müsabiqəsinə çatıb, müsabiqədə 15 gözəl iştirak edirdi. Yerli və xarici qonaqlardan ibarət münsiflərin səsverməsi ilə Nar Gözəlləri seçilib-bunlar Alyona Kaporeyko (1-ci yer), Anita Tağıyeva (2-ci yer) və Nasim Arvani (3-cü yer) idi. “AzNar” Nar Gözəlləri üçün pul mükafatı da ayırmışdı, belə ki, 1-ci yeri tutan gözələ 3 min, ikinci yer üçün min və nəhayət üçüncü yer üçün 500 manat nəzərdə tutulmuşdu. Fərhad Əhmədovun kralın nəvəsinə sürprizi F.Əhmədov müsabiqə qaliblərini mükafatlandırmaq üçün səhnəyə çıxıb və süpriz elan edib. Biznesmen deyib ki, bu müsabiqə üçün ayrıca Qran Pri mükafatı təyin edir və həmin mükafata Portuqaliya kralının nəvəsi, xanım Canan Yasemini layiq görür. “Canan xanım bu bayrama görə zəhmət çəkib, 20 saat yol gəlib. Hesab edirəm ki, o, bu mükafata layiqdir”,-biznesmen belə deyib. Və gözəllik tacını kralın nəvəsinin başına qoyub. Bu, Canan Yasemin üçün də gözlənilməz idi-qonaq ona göstərilən diqqətdən duyğulanıb və mükafatın xoş sürpriz olduğunu deyib. “Mən Azərbaycanı çox sevirəm, bura gəlmək üçün 20 saat yox, 30 saat da yol gəlsəm yorulmaram”,-o bildirib. “Nar” oteli açıldı, ziyafət başladı, gün konsertlə yekunlaşdı Müsabiqə beləcə yekunlaşıb, festival iştirakçıları proqramda nəzərdə tutulan növbəti tədbirə-“AzNar” QSC ilə tanışlığa yollanıblar. Burada da qonaqlar üçün əsl bayram coşqusu hökm sürürdü. İştirakçılar müəssisə ilə qısa tanışlıqdan sonra “Nar” otelin açılışına qatılıblar. Qeyd edək ki, F.Əhmədovun rayonda yeni iş yerlərinin açılmasına, turizmin inkişafına dəstək üçün qoyduğu yatırımlar çərçivəsində tikilən bu otelin açılışı “AzNar”ın yubileyinə həsr edilmişdi. 50 yerlik, nəfis memarlıq üslubuna malik, 5 ulduz standartına yaxın otelin açılışından sonra qonaqlar üçün “AzNar”ın ərazisində geniş ziyafət olub. Nəhayət axşam Göyçay şəhər stadionunda tanınmış incənət ustalarının iştirakı ilə qala-konsert başlayıb. 40 minə yaxın insanın izlədiyi konsert atəşfəşanlıqla başa çatıb. Lakin bu da hələ hamısı deyil. Festivalın ikinci günü də zəngin və maraqlı olub. Gün nar və nar məhsullarının satış-sərgidi ilə başlayıb, habelə gün ərzində müxtəlif yarışlar, müsabiqələr , o cümlədən kulinariya, foto və video, şeir və nərd müsabiqələri keçirilib. Nərd yarışı, sürpriz oyun və biznesmen pul kisəsinin ağzını açır... Nərd müsabiqəsi ilk dəfə bu ilki festivalın proqramına daxil edilirdi. Böyük monitorla yayımlanan və çoxsaylı tamaşıların izlədiyi yarışa cəmi 32 nərd ustası qatılıb, onlardan biri xanım iştirakçı Şəfəq Xəlilova idi. O, bir çox rəqiblərini üstələyərək yarımfinala qədər irəliləyib. Gərgin yarış Niyazi Əhmədovun qələbəsi ilə bitib, amma baş hakim maraqlı sürpriz edib-o, Fərhad Əhmədovu səhnəyə dəvət edərək (biznesmen özü də nərd həvəskarıdır) qaliblə oynama qtəklifi irəli sürüb. Doğrudur, bu maraqlı qarşılaşmanı Əhmədov udub, amma yarışın qalibi əvvəlcədən vəd edilmiş mükafatları da alıb. Mükafatlar isə 1-ci yer üçün qızıl zər və 3 min manat pul mükafatı, 2-ci yer üçün min və 3-cü yer üçün 500 manat nəzərdə tutulmuşdu. Biznesmen qaliblərə mükafatları təqdim edəndən sonra daha bir sürpriz edib-turnirin yeganə qadın iştirakçısı, yarımfinala qədər irəliləyən Şəfəq Xəlilovanı səhnəyə dəvət edərək ona da hədiyyələr, 4-cü yer üçün fəxri mükafat kimi 500 manat verib. Nəhayət növbə digər müsabiqələrə çatıb, festival zamanı çəkilmiş ən yaxşı videoların müsabiqəsində də qaliblər pul mükafatları qazanıblar. Ardınca foto və şeir müsabiqələri keçirilib, bu dəfə də qaliblər pul mükafatları alıblar. Amma F.Əhmədov daha bir sürpriz edib və yenə pul kisəsinin ağzını açıb-bildirib ki, müsabiqə iştirakçılarının hər birinin təqdim etdikləri işlər maraqlı idi və onların festivala verdikləri dəyərə görə, habelə gələcək yaradıcılıqlarını stimullaşdırmaq üçün müsabiqədə qalib olmayanların hər birinə 3-cü yer üçün nəzərdə tutulmuş məbləğdə (500 AZN) mükafat verir. Fərhad Əhmədovun çıxışı: “Hər kəs əvvəlcə özündən başlaya bilər...” Yarışlar yekunlaşandan sonra milyarder çıxış edib, o, hamını bayram münasibətilə təbrik edib. Festivalın təşkil edilməsinə dəstək verən hər kəsə, o cümlədən Göyçay rayon İcra hakimiyyətinin rəhbərliyinə təşəkkür bildirib. Biznesmen Göyçay rayonu və bütövlükdə ölkə üçün bu festivalın əhəmiyyətindən danışaraq deyib ki, Nar Festivalı ildən ilə populyarlaşır, hər il daha çox qonaq, turist cəlb edir. Bu da mənəvi əhəmiyyətlə yanaşı mühüm iqtisadi əhəmiyyət də kəsb edir. “Mənə verilən məlumata görə bayrama görə rayona 30 mindən çox turist gəlib. İnanırıq ki, bu turist axını rayon əhalisinin maddi durumuna müsbət təsir göstərəcək. İndidən elan edə bilərəm ki, gələn ilki festival daha da izdihamlı, təntənəli olacaq. “AzNar” şirkəti bu məqsədlə əlindən gələn bütün dəstəyi verməyə hazırdır”,-o bildirib. Biznesmen göyçaylıları da festivalın təkcə tamaşaçısı olmaqla kifayətlənməməyə , həm də təşkilatçı olmağa çağırıb. “Hər kəs əvvəlcə özündən başlaya bilər. Evlərinizin qarşısını, küçənizi, məhəllənizi təmiz saxlayın, bacardıqca gül-çiçək əkin. Müsabiqələrə hazırlaşın, kreativ ideyalar irəli sürün. Mən xüsusilə Göyçay gənclərinə, məktəblilərə müraciət edirəm. Bu festival nə qədər möhtəşəm keçsə o qədər çox turist, qonaq cəlb edəcək, nəticədə hər bir göyçaylı qazanacaq, Göyçay qazanacaq. Mən sizləri bir daha bu bayram münasibətilə təbrik edirəm”,-milyarder çıxışını yekunlaşdırıb. Qeyd edək ki, Nar Festivalının sponsoru-50 il bundan əvvəl-1969-cu ildə Teymur Əhmədov tərəfindən yaradılan indiki “AzNar” zavodunu 2005-ci ildə oğlu, keçmiş Rusiya senatoru və biznesmen Fərhad Əhmədov alıb. O, 100 milyon dollardan çox investisiya qoymaqla zavodun yerində müasir texnologiyalara əsaslanan, dünya standrtlarına cavab verən yeni emal zavodu yaradıb. Qısa vaxt ərzində zavodun istehsal etdiyi təbii nar şirələri və digər məhsulları dünya bazarında özünə yer tutub, bir çox beynəlxalq sərgilərdə qızıl medallar qazanıb. “AzNar” QSC hazırda Göyçay ərazisində nar plantasiyalarına malikdir, zavodda nar və digər meyvə şirələri ilə yanaşı xüsusi seçilmiş üzümdən müxtəlif növlərdə şərab, o cümlədən araq istehsal edilir. Biznesmen habelə qonşu İsmayıllıda da kənd təsərrüfatını inkişaf etdirmək üçün iri yatırımlar qoyub, çoxsaylı iş yerləri açıb.