​Millət vəkili: Əgər bu insanlar işdən çıxarsa... - Video

Baxış sayı:
1741

Bu gün MM-də "2017-ci il Dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunun bir sıra problemlərini qaldırıb.
Muxalifet.az xəbər verir ki, Q.Paşayeva öncə təmir-bərpa işləri başa çatdırılmayan Tovuz rayon Nizami adına klub və tikintisi hələ davam edən Aşıq Muzeyindən danışıb və hər iki müəssisənin tezliklə əhalinin istifadəsinə verilməsi üçün hökumət üzvlərini vəsait ayırmağa və işləri sürətlə başa çatdırmağa çağırıb.
Millət vəkili çıxışında Qarabağ qaziləri və əlilləri ilə ötən gün keçirdiyi görüşün nəticəsi olaraq əlillərinin işlə bağlı üzləşdiyi ciddi problemlərindən danışıb:
"Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmir. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların işlə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Vətənimiz, torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir".
Q.Paşayeva sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub: “Təbii, hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneələr, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini daha böyük diqqət göstərməyə çağırıram”.