“Meydana yüz min erməni çıxsaydı, məsələ çoxdan həll olunmuşdu” - PAŞİNYANIN ƏSAS RƏQİBİ XALQDAN ŞİKAYƏTLƏNDİ

“Nikol Paşinyan ölkəni dağıtdı və o cinayətkardır. Cinayətkar isə həbs edilməlidir”.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan deyib.
O, bu gün hökumət əleyhinə keçirilən etiraz aksiyasında jurnalistlərə bildirib ki, ermənilər hakimiyyətin devrilməsi prosesinin sivil qaydada baş tutmasını istəyirlərsə, xalq ayağa qalxmalıdır: “Sivil yolla getmək istəyiriksə, yəni dövlətin dağılmasına razı deyiliksə, onda bütün ermənilər meydanda olmalıdırlar. Əgər burada yüz min insan dayansaydı, məsələ çoxdan həll olunmuşdu. Məgər ölkədə yüz min narazı insan yoxdurmu? Hansılar ki, evdə oturub ölkələrinin parçalandığını anlayırlar. O zaman bilirsiniz, insanlarımız da günahkardırlar. Onlar depressiyadadırlar. Xalq iki il yarım öncə yaxşı bir həyat yaşayacağını düşünüb ayağa qalxmışdı. İndi onlara küçələrə çıxmaq ağır gəlir. Amma insanlar kütləvi şəkildə bu depressiyadan qurtulacaqlar. Ermənistanda nələrsə baş verəcək”.
Onun sözlərinə görə, hökumət nə qədər tez istefa versə, ölkə də o qədər az şey itirəcək.