Metroda qızın çiynindən düşən şala görə baş verən qətl - məhkəmə işi

Baxış sayı:
11091

Metroda başlayan mübahisəyə görə qətl törədən şəxslər hakim qarşısına çıxarılıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdıü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlumata görə, “Nizami” metrostansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb. Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər. Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Bu hadisə ilə bağlı ilkin təfərrüat budur ki, qətlə səbəb metronun içərisindəki mübahisə olub. Bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb.
Bu zaman orada olan Emin Şəmiyev Vəli Əliyev və Füzuli Nəcəfova gülmələrinə iradını bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib./Musavat