Mehman Əliyev YOLU: O, Azərbaycana siyasətçi yox, JURNALİST KİMİ GƏRƏKLİDİR

Baxış sayı:
743

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı müəmmalar davam edir. Bəlli olduğu kimi, Vergilər Nazirliyi ötən həftə “Turan”a qarşı vergi borcunu ləğv etdikdən sonra, sentyabrın 18-də agentliyin bank hesabları açıldı. Sentyabrın 19-da isə prokurorluq “Turan”la bağlı cinayət işi istintaqının davam etdirildiyini açıqladı.
Ən maraqlısı da odur ki, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə Vergilər Nazirliyi rəsmi məlumat vermir. Bu isə M.Əliyevin fəaliyyəti ilə bağlı hakimiyyət daxilində fərqli baxışların olduğunu ortaya qoyur. “Turan” agentliyində yoxlamaya start verildikdən indiki tarixədək olan 45 gün ərzində ortaya çıxan təzadlar da bunu deməyə əsas verir. Belə görünür ki, iqtidar daxilndə Mehman Əliyev “kartı” üzərində dövlətçilik mövqeyində olan məmurlarla ruspərəstlər arasında savaş gedir.
Bütün bunlarla yanaşı, müxalif düşərgədə də Mehman Əliyevə münasibətdə fərqli çalarlar özünü göstərir. Belə ki, əksəriyyət “Turan” agentliyinə qarşı basqılara səmimi olaraq etiraz etsə də, bu prosesdən öz siyasi maraqları üçün yararlanmaq istəyən şəxslər də var. Hansı ki, ikincilər bu hadisəni siyasi müstəviyə çəkməyə, daha dəqiq desək, M.Əliyevi cəmiyyətə siyasi lider kimi təqdim etməyə çalışırlar. Təbii ki, bu isə heç də “Turan” agentliyinin rəhbərinə olan sevgidən qaynaqlanmır...
Zənnimizcə, bu gün M.Əliyevin timsalında bir “siyasi lider” obrazı formalaşdırmaq cəhdləri yanlışdır. “Turan” agentliyinin rəhbəri öz sevdiyi peşəsi ilə məşğul olsa, Azərbaycan dövlətinə və Azərbaycan jurnalistikasına daha çox töhfə verər. Ən azı ona görə ki, həbsdə olan zaman o, həm daxildən, həm də Qərbdən məhz tərəfsiz və peşəkar jurnalist kimi böyük dəstək əldə etdi.
Əlbəttə, M.Əliyevin siyasi lider olmaq potensilalının məhdud olduğunu düşünmürük. Əksinə, Mehman Əliyev unikal bir insandır, böyük təcrübəyə malikdir. Amma, zarafat deyil ki, o, bir jurnalist kimi keçdiyi yolda daha böyük nailiyyətlər əldə edib və heç zaman büdrəməyib. İstər SSRİ dönəmində, istər  Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun, istər AXC iqtidarının, istər də Heydər Əliyev və İlham Əliyev hakimiyyətləri dönəmində özünün prinsiplərinə sadiq qala bilib. Üstəlik, bu dövr ərzində heç vaxt siyasi partiyalara və siyasi oyunlara qoşulmayıb. Onun öz dəsti-xətti, öz yolu var. Nə yaxşı ki, öz ömrünü sevdiyi perşəsinə - jurnalistika sahəsinə həsr edib.
Bütün bu keyfiyyətlərinə görə, biz də Muxalifet.az olaraq “Turan” İnformasiya Agentliyinə öz imkanlarımız daxilində dəstəyimizi vermişik və verməkdəyik. Lakin biz onun barəsində “siyasi lider” obrazı formalaşdırmaq fikrindən uzağıq və bunun zərərli bir ideya kimi ortaya atıldığı qənaətindəyik. Məhz bu səbəbdən də, indi Mehman Əliyevin ətrafında olan və bu işdən xal qazanmaq istəyən insanlara demək istəyirik ki, onun vaxtını boş-boş diskussiyalara, əsası olmayan layihələrə sərf etməyin. İmkan verin, o, öz peşəsi ilə məşğul olsun. Onsuz da boş sözlər, boş vədlər onluq deyil.
Mehman Əliyev gözəl Xəzər dənizinin sahilində yaşayır. Özünün dediyinə görə, Xəzəri çox sevir. Xəzərin ləpələri onun müasir düşüncəli insan kimi formalaşmasında heç də az rol oynamayıb. İnanır ki, bundan sonra da M.Əliyev Xəzər sahilində dövlətimizə və millətimizə faydalı olan yeni-yeni ideyalarla çıxış edəcək və öz sevdiyi peşəsini davam etdirəcək.

Günay ƏSƏDOVA,
Muxalifet.az