“Media haqqında qanun layihəsinin gizli müzakirəsinə səbəb görmürəm” - ARİF ƏLİYEV

Baxış sayı:
802

“Müzakirənin qapalı şəkildə keçirilməsi yalnız bircə şeydən xəbər verir ki, oraya əlavə məhdudiyyətlər salına bilər…”
 
“Jurnalisti azad olmayan cəmiyyətdə media azad orqan ola bilməz”

 
Medianın İnkişafı Agentliyinin “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanun layihəsini qapalı şəkildə müzakirə etməsi birmənalı qarşılanmır. Məsələn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qurumun rəhbəri Əhməd İsmayılova müraciət etdi, ardınca isə bir qrup media nümayəndəsi “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ictimai müzakirəyə çıxarılması ilə bağlı bəyanat yaydı.
Əlbəttə, “4-cü hakimiyyət”i tənzimləyəcək olan yeni qanun layihəsi ölkədə söz azadlığı və azad mediaya dair bir sıra hüquqlar baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, məsələ ilə bağlı tanınmış media ekspertləi Arif Əliyevin də fikirlərini və “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsi haqda təkliflərini öyrənməyə çalışdıq.
 
- Arif bəy, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Xüsuən də belə təklif var ki, bu qanun layihəsi qapalı çərçivədə müzakirə olunmamalı, ictimai müzakirəyə çıxarılmalıdır. Bununla bağlı sizin fikirləriniz nədir? Media haqqında qanunda şəffaflıq və digər zəruri şərtlər necə nizamlanmalıdır ki, ictimai tələblər təmin olunsun?

 
-Təbii ki, media haqqında qanun cəmiyyətin nəinki ayrı-ayrı təbəqələrinə, həm də hər bir fərdinə aid olan məsələdir. Çünki söz azadlığı ilə bağlıdır. Ona görə, ictimai müzakirədən keçməlidir. Məni bir şey təəccübləndirir ki, Azərbaycan hökuməti, o cümlədən agentliyin rəhbərliyi qanunun hazırlanması mərhələsində müzakirəyə çıxarılacağını söyləmişdi. Bilmirəm, ya qanun müzakirə üçün hələ tam hazır deyil, ona görə çıxarılmayıb, ya ortada başqa məsələlər var ki, əgər belədirsə, yanlış qərardır. Amma yenə deyirəm, ola bilsin ki, özlərinin hansısa sualları var. O sualları özləri üçün həll etmədiklərinə görə müzakirəyə çıxarmırlar.
 
-Necə düşünürsünüz, qanun layihəsinin qapalı müzakirəsi cəmiyyətə və azad medaiya müsbət və mənfi mənada hansı sürprizləri vəd edir?
 
-Bizim media qanunvericiliyimiz təxminən 2003-cü, 2005-ci illərə qədər Avropada misal çəkilərdi. Bir çox qanunlarımız başqalarına nümunə göstərilirdi. Təxminən 2005-ci ildən başlayaraq media qanunvericiliymizin “zibillənməsi” prosesi baş verib. Orada bir çox müddəalar var ki, ziyanlıdırlar və söz azadlığının, medianın əleyhinə işləyirlər. Bir çoxları da var ki, ziyanlıdırlar, heç işləmirlər də, elə ümumi şəkildə orada qalıblar, adımızı bədnam edirlər. Odur ki, bu qanunvericiliyin yenidən işlənməsinə böyük ehtiyac var. Həm onun liberallaşdırılması, həm də onun çirklənməsinin qarşısının alınması nöqteyi-nəzərindən. Həm də o qəbul olunduğu dövrdən bir xeyli proseslər baş verib. Xeyli yeniliklər var, xüsusən onlayn media ilə bağlı yeniliklər var ki, onlar qanunvericilikdə öz əksini tapmalıdır.
 
Qanunun müzakirəsinin qapalı şəkildə keçirilməsi isə yalnız bircə şeydən xəbər verir ki, oraya əlavə məhdudiyyətlər salına bilər. Əks halda yaxşı şeyi niyə ortaya çıxarmırsan?! Utanc gətirən bir şey var ki, müzakirələr qapalı şəkildə keçirilir. Amma bir daha vurğulayıram ki, Media İnkişaf Agentliyinin rəhbəri də, digər dövlət strukturları da söz vermişdilər ki, qanun ictimai müzakirəyə çıxarılacaq. Bunun ictimai müzakirələrdən saxlanılması, yaxud gizli şəkildə edilməsinə səbəb görmürəm. 
 
-Dünya ölkələrinin azad informasiya cəmiyyətinə keçdiyi dövrdə, Azərbaycan mediasının müəyyən məhdud, dar çərçivəyə salınması mümkündürmü?

 
- Son 10 il bütün dünyada media azadlığı sahəsində ciddi problemlər ortaya qoydu. Bunlar qismən terrorizm məsələləri ilə, qismən pandemiya ilə bağlı oldu. Pandemiya özü söz azadlığına ciddi zərbə vurdu. Bir çox ölkələr xəstəliklə mübarizə adıyla qanunvericiliklərə çoxlu məhdudiyyətlər əlavə etdilər. Bu məhdudiyyətlərin əksəriyyəti heç şəraitə də adekvat deyil. Yəni söz azadlığı problemi bu gün bütövlükdə dünyada öz aktuallığını artırıb. Azərbaycanda isə dünyada müzakirə olunan biçilmiş məsələlərə heç yaxın gəlmirik. Yəni bizim müzakirə etdiyimiz məsələlər, təsəvvür edin ki, dünya üçün 50-60 il bundan əvvəl həll olunmuş məsələlərdir. Tutaq ki, “ictimai yerlərdə jurnalistə sual vermək, şəkil çəkmək hüququ verək, yoxsa verməyək”.
 
-Yəni biz 50-60 il geridəyik...
 
-İndiki qanunla bəli. Bunlar dünyada, Avropada təxminən 1970-80-ci illərdə nəzəri və qanunverici cəhətdən həll olunmuş məsələlərdir. Ona görə, bizdə problemli şeylər çoxdur və dediyim kimi, bunların heç biri 1990-cı illərin qanunvericiliyində yox idi, bu məhdudiyyətlər sonradan əlavə olundu. İnformasiya ilə bağlı müzakirələri bütün Avropa həll edib, Qafqaz, keçmiş sovet respublikaları həll edib, qalıb Belarus və Azərbaycan. Belə şeylər çoxdur, hansı ki, bizim qanunvericilikdə cidd problemlər yaradır və bu problemlər istənilən halda söz və mətbuat azadlığında ümumi psixoloji mühitə də təsir edir. Məsələn, dövlət orqanlarının informasiyanı gizlətməsinə də təsir edir. Odur ki, biz belə baxmayaq ki, əşi, qanundur, orada elə də yazırlar, belə də yazırlar. Bu, bizim üçün çox vacib məsələdir. Hətta orada dünyada məhdud olan normalar var ki, onları çıxarıb atmaq lazımdır. İnternetin inkişafı indi çoxlarını həvəsləndirib ki, “bu, ciddi nəzarətdən kənardadır, onu hansısa bir formada nəzarətə salaq, dövlət onlara pul ayırmağa başladı, qəzetlərin başına açdıqları oyunu bunların da başına açaq”. Bu proseslər orada da pul paylamaqdan başlamışdı. Mənim bildiyimə görə, bunlara yol açan bəzi müddəaları da yeni qanunvericilikdə əks etdirmək istəyirlər. Bu da əslində təhlükəli istiqamətdir. Onsuz da bir nəticə verməyəcək, prosesi məhdudlaşdırmaqla, cərimələrlə idarə etmək mümkün deyil. Onları bu üsullarla idarə etmək cəhdi müsbət heç nə verməyəcək. Hətta bizdə “bir sahəni idarə etmək” sözü deyiləndə həmişə ağlımıza birinci cərimə gəlir, ikinci həbs gəlir, üçüncü məhdudlaşdırmaq, tutmaq gəlir. Amma idarəçiliyin, o cümlədən qanunvericiliyin ən böyük idarə alətlərindən biri stimuldur. Stimul yaratmaq. İnkişaf üçün stimul yaratmaq, inkişaf üçün yolları açmaq. Təəssüf ki, bizdə bax, o düşüncə tərzi, uyğunlaşma tərzi özünü göstərmir. Blimirəm, bu qanun layihəsi bəlkə də nədəsə bizə sevinc də gətirəcək, daha doğrusu ona görə müzakirəyə çıxarmırlar. Amma necə deyərlər, “ilan vuran ala çatıdan qorxar”. Son onilliklərin təcrübəsini yada salaraq, əlbəttə, cəmiyyətin narahatçılığını başa düşürəm.
  
- Arif bəy, sizcə, azad medianın azad cəmiyyətə gedən yolda rolu hansı miqyasdadır?

 
-Əgər biz nəzərə alsaq ki, media anlayışının çərçivələri artıq çox genişlənib, yəni sosial media da bu medianın tərkibinə qatılıb. Onda biz görərik ki, söz azadlığı, ümumiyyətlə fikir azadlığı, düşüncə azadlığı, özünüifadə azadlığı - bunların hamısının özəyi mediada yoğrulub, media vasitəsilə gedir. Bu elementi hansısa azadlıq formalarının birində məhdudlaşdır, demək, azadlıq, mətbuatda azadlıq artıq yoxdur. Amma mən bir şeyi də deyərdim ki, biz media azadlığı, kütləvi informasiya vasitələrinin azadlığı, söz azadlığı deyirik, amma bir şeyi unuduruq ki, media azadlığının özünün kökündə də jurnalist azadlığı dayanır. Onun da ürəyi jurnalist azadlığı deməkdir və jurnalisti azad olmayan cəmiyyətdə media azad orqan ola bilməz. Hər bir jurnalist istər siyasi cəhətdən, istər redaksiyada hökmranlıq cəhətdən, istər özünü ifadə etmək formaları cəhətdən, istər informasiya çatımı cəhətdən, istər maddi cəhətdən - bütün cəhətlərdən asılı olmamalıdır.
 
-Mən elə o sualı verəcəkdim. Belə çıxır ki, dövlətin media orqanlarına birbaşa maliyyə dəstəyi verməsinin yerinə, onların maliyyə azadlığı əldə etmələrinə şərait yaradılması daha məqsədəuyğundur...
 
- Lap açıq mövqeyimi bilmək istəyirsinizsə, pul paylamaq dövlət dəstəyi deyil. Seçilmiş, ayrı-ayrı orqanlara pul paylamaq onları özünə bağlamaq, özünə loyallaşdırmaq cəhdindən başqa bir şey deyil. Mediaya dövlət qayğısı tamam başqa bir şeydir. Bu mütləq bir şeydir, lazımlı bir şeydir, amma tamam başqa cür həyata keçirilməlidir.
 
-Sizcə, bu məsələ qanunda öz əksini necə tapmalıdır?
 
-Mediaya dövlət dəstəyi, kütləvi informasiya vasitələrinə dövlət qayğısı onların fəaliyyətinə şərait yaratmaq deməkdir. Niyə? Reklam bazarını süni şəkildə məhdudlaşdırmaqla, iqtisadi azadlıqlar olmadığı üçün məhdudlaşdırmaqla sən media orqanlarının gəlir mənbələrini, gəlir yollarını kəsirsən. Sən yayın strukturlarını dağıtmaqla medianın gəlir mənbələrini kəsirsən. O biri tərəfdən də seçdiyin, ayrı-ayrı kütləvi informasiya vasitələrinə pul paylayırsan. Buna siyasətdə proteskionizm deyirlər, qayğı demirlər. Qayğı odur ki, sən reklam bazarından məhdudiyyətləri qaldırırsan. Yaxud qanunvericilikdə müəyyən əlavələr edirsən ki, bütünlükdə reklam bazarına ölkənin maliyyə mənəblərinin hansısa bir hissəsi ayrılır. Və bundan bütün mediaya pay düşür. Yəni hamı bərabər şəraitdə öz rəqabətini davam etdirir, bilə-bilə ki, ortada vəsait çoxdur. Amma indi elə deyil axı. Sən vəsaiti kəsmisən, yönəldirsən. Çayın başında oturmusan, yönəldirsən ki, buna bu qədər verəcəm, buna da bu qədər verəcəm. Nəticədə nə olur? 2009-cu ildən - on iki ildir qəzetlərə pul paylanır. Ölkədə bir dənə qəzetin tirajı artıb? Bəlkə bizim bir redaksiyamız ağ günə çıxıb? Bəlkə jurnalistlərin maaşı hansısa həddə qədər çatıb? Heç nə dəyişməyib. Heç nə də dəyişməyəcək. Çünki o pullar gedir, müəyyən bir hissə jurnalistlərə çatır, qalanları redaktorların ciblərində oturur və redaktor da səsini başlayır daha yavaşdan çıxarmağa ki, neynəyirəm mən bazarı, neyləyirəm mən rəqabəti, neyləyirəm mən oxucunu. Oxucunun pulu ona gəlmir axı. Mediaya qayğı elə yaradılmalıdır ki, kütləvi informasiya vasitəsi inkişaf etsin, amma onun əsas həm maliyyə mənbəyi, həm asılı olduğu mühit cəmiyyət olsun. Bu da dövlətdən asılıdır. Hər tərəfdən pul da dövlətdən asılıdır. İstəyəndə bağlayar, istəyəndə açar. Qayğı da dövlətdən asılıdır. “Yığışdım onu belə müzakirə etdim, yığışdım onu dəyişdim”, - buna axı qayğı deməzlər. Bircə onu demək istəyirəm ki, KİV-lərə həqiqətən qayğı göstərilməsinin və onun həqiqətən inkişaf etdirilməsinin çox formaları, üsulları var. Faciə ondadır ki, o üsulların bir çoxu bizim mediayla məşğul olan təşkilatların öz nizamnamələrində göstərilib. Kağızda onlar var, kağızda qarşısına 50 dənə vəzifə qoyulub, tutaq ki, hansı ki, 48-i çox vacibdir, amma səndə pul paylamaq var, bir də mükafat paylamaq var. Bu gün dövlət təşkilatları öz vəzifələri sırasından pul paylamağı, bir də mükafat paylamağı yerinə yetirirlər, amma qalan məsələləri yerinə yetirmirlər. Əslində, dövlət qayğısı qalan 48 məsələdədir. Elə bir qəribə situasiya yaranıb.
 
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
 
Hurriyyet.az