Masallıda əlçatmaz məktəb: "Uşaqlar hər gün 6 kilometr yol qət edirlər"

Masallı rayonun Kürdəbazlı kəndinin məktəbliləri yeni dərs ilini başqa kəndin məktəbində başlamalı olub.
Yerli sakinlər buna etiraz edirlər, deyirlər ki, qonşu kəndin məktəbi onlardan 3 km aralıda yerləşir.
Rəsmilər isə deyirlər ki, Kürdəbazlı 9 illik məktəbin bağlanması səbəbi onun köhnə olması idi, üstəlik, kadr çatışmazlığı vardı və məktəbdə tədrisin keyfiyyəti aşağı idi.
Kənd sakini Əhməd Əhmədov məktəbin köhnə olması ilə bağlı deyilənlərlə razılaşmır. BBC Azərbaycancaya danışan sakin qeyd edir ki, kənd camaatı azyaşlı uşaqları uzağa məktəbə getməsin deyə 1987-ci ildə bu məktəbi tikib:
"Birmərtəbəli binadır, normal şəraiti var".
Əhməd Əhmədovun fikrincə, əgər məktəbdə müəllim çatışmırdısa, ya zəif kadrlar idisə, o zaman yeniləri ilə əvəz edərdilər.
"Qonşu kənddəki məktəb 3 km aralıda yerləşir, körpə uşaqlar hər gün 6 kilometr yolu necə gedib-gələcəklər? Bunun qarı-boranı var".
Kənd sakinləri məktəbin bağlanılmasında dair qərardan narazıdırlar
"Avtobusun xərclərini biz ödəyəcəyik"
Kürdəbazlı kəndinin daxil olduğu Qarğalıq ərazi nümayəndəliyinin rəhbəri Sübhan Zalıyev uşaqları qonşu kəndə aparıb-gətirəcək avtobus ayrıldığını deyir:
"Bu avtobusun xərclərini hələlik biz ödəyirik. Masallı rayon icra hakimiyyəti yəqin ki, avtobusun xərcləri ilə bağlı məsələni həll edəcək".
Sübhan Zalıyev əlavə edir ki, bu, Masallıda bağlanan üçüncü məktəbdir:
"Müasir tələblərə cavab verməyən məktəblər bağlanır. İndi uşaqların getməli olduğu Qarğalıq məktəbi ikimərtəblidir, şagird tutumu 620-dir. Hazırda 150-dən çox uşaq təhsil alır. Təhsilin keyfiyyəti yaxşıdır".
Məktəb
Masallı təhsil şöbəsinin müdiri Tariyel Əkbərov deyir ki, məktəb dövlətin balansındadır və kimsəyə satılmayıb.
"Məktəbin ərazisi heç kimə satılmayıb"
Masallı təhsil şöbəsinin müdiri Tariyel Əkbərov BBC Azərbaycancaya deyir ki, məktbəı Təhsil Nazirliyinin göstərişi əsasında bağlanıb:
"Məktəb yararsızdır, təhsil səviyyəsi aşağıdır. Bizə keyfiyyətli təhsil lazımdır".
Tariyel Əkbərov Kürdəbazlı məktəbinin yerində yenisinin tikilib-tikilməyəcəyini bilmir:
"Bunu gələcək göstərər".
O, sosial şəbəkələrdə məktəbin yerində toy mərasimləri üçün şadlıq evi tikiləcəyi ilə bağlı yayılan söz-söhbəti şaiyə adlandırıb, deyib ki, məktəb dövlətin balansındadır və kimsəyə satılmayıb.
Rəsmilər Kürdəbazlı kəndində 80-dən yuxarı, sakinlər təxminən 100 şagirdin təhsil aldığını deyirlər.
Kənd sakinləri məktəb fəaliyyətini bərpa etməsə, uşaqlarını dərsə göndərməyəcəklərini deyirlər.