Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək - DƏFN PROQRAMI

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi bu gecə Bakıya gətiriləcək.
APA-nın məlumatına görə, cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna 29 sentyabr saat 00.55-də eniş edəcək.
Mərhumun cənazəsi xüsusi ayrılmış maşında yol polisinin müşayiəti ilə hava limanından Heydər Məscidinə aparılacaq.
Sentyabrın 29-da Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq, cənazə namazı qılınacaq.
Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında olacaq.
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Vida mərasiminin ardınca Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.
Sabah Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.