​Lənkəranda 22 top mərmisi zərərsizləşdirildi - Foto

Baxış sayı:
5557

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonunun Liman şəhərindəki Səməd Vurğun küçəsində altı mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan  bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir ferma sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş hərbi hissə ərazisindən 125 millimetrlik 22 top mərmisi (16 ədəd BK-13 və 6 ədəd OF-8) aşkarlanıb. Həmin sursat daşınması mümkün olmadığına görə martın 7-də yerində zərərsizləşdirilib.
Mərmilərin ətrafında 600 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən martın 7-dək, ümumilikdə, 1096 partlamamış hərbi sursat, tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 26 min 265 kvadratmetr ərazi yoxlanılıb.