KORONAVİRUS XƏSTƏLƏRİNİ NECƏ TANIMAQ OLAR? – İlkin simptomlar hərarət, öskürək və təngnəfəslikdir, ancaq…

Baxış sayı:
6487

Bütün dünyada sürətlə yayılan koronavirus xəstəliyi əksər insanlarda yüngül formada keçsə də, orqanizmi zəif və xroniki xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur.

Hazırda ölkəmizdə sərt karantin rejimi tətbiq olunsa da, virusa yoluxma riski hələ də yüksəkdir. İctimai nəqliyyat, dükanlar, əsasən qapalı məkanlar virusa yoluxma riskinin yüksək olduğu yerlərdir. Lakin eyni zamanda mütəxəssislər müvafiq qorunma tədbiri olmadğı halda açıq havada da yoluxma riskinin yüksək olduğunu bildirir.

Təcrübə göstərir ki, bir çox hallarda insanlar bilmədən, bəzən isə hətta bilərəkdən xəstə olduqları halda ictimai yerlərdə olur.

Bəs yoluxma riskini azaltmaq üçün daha hansı addımlar atıla bilər? Koronavirus xəstələrini kənardan müşahidə ilə müəyyən etmək mümkündürmü? İnsanlar bu xəstəliyə yoluxmuş şəxsi kənardan necə müəyyən edə bilər?

Tanınmış həkim Vasif İsmayılın sözlərinə görə, kənardan koronaviruslu xəstələri müəyyən etmək çətindir: “Düzdür, xəstənin davamlı şəkildə öskürməsi, qızdırmanın 37 dərəcədən yuxarı çıxması insanları şübhələndirə bilər. Amma bunlar çox spesifik olmayan, yəni təkcə bu xəstəliyə xas olan məsələlər deyil. Bu, bir çox vəziyyətdə, hətta adi günəşin altında çox qalmaqdan belə ortaya çıxa biləcək məsələlərdir. Ona görə də, elə şeylərə etibar etməsinlər. Hər kəsi potensial yoluxmuş kimi qəbul etsinlər və ona görə davransınlar”.

Həkim eyni zamanda qeyd edib ki, bu xəstəlik təkcə orqanizmi zəif insanları deyil, ümumən hər kəsi yaxalaya bilər. Yəni təkcə orqanizmi zəif və xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur iddiaları doğru deyil: “Pandemiya dövrü sübut etdi ki, bu, belə deyil. Xəstəliyin ağırlığı insana keçən virusun miqdarı ilə əlaqədardır. Ona görə də, insan bədəninə keçəcək virus miqdarını azaldan tədbirlər görmək və immuniteti gücləndirmək lazımdır.

Yoluxma sayını azaltmaq və görülən tədbirlərin effektivliyini artırmaq üçün daha başqa heç nəyə ehtiyac yoxdur. Yəni, bu gün bütün dünya bu məsələdə nələrin lazım olduğunu dəfələrlə yoxlayıb və başa düşüblər ki, sosial məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına əməl etmək bu virusdan qorunmaq üçün ən yaxşı yoldur. Başqa bir yol axtarmaq, sehirli bir çubuğa güvənmək və sairə, belə şeylər lazım deyil. Bir daha vurğulayıram ki, sosial məsafə, gigiyena qaydalarına əməl etmək kifayətdir. Yəni bu qədər asan”.

Qeyd edək ki, koronavirus haqqında çoxlu sayda məlumatın yayılması bu xəstəliklə bağlı informasiya çirkliliyi yaradır. Buna görə də, insanlar bəzən asqıranda belə koronavirus xəstəsi olub-olmadığından şübhələnməyə başlayır. Bu baxımdan koronavirusla bağlı vacib məlumatların öyrənilməsi vacibdir.

Türkiyədən olan mütəxəssislərin fikrincə, insanın immun sistemi məlum infeksiyaların bir çoxuyla mübarizə aparmağı öyrənib, ancaq yeni koronavirus onu qəfil yaxalayıb. Məhz bu səbəbdən yeni virusun öhdəsindən gəlmək bu qədər çətin, ona yoluxmaq bu qədər asandır.

Hüceyrəni əsir alan virus zülal əvəzinə öz nüsxələrini istehsal etməyə məcbur edir, həm də dayanmadan. Bu, zəncirvari reaksiya yaradır və nəticədə hüceyrə məhv olur, infeksiya daşıyıcı isə yoluxucu xarakter qazanır.

Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı enib ağciyərə çataraq iltibah əmələ gətirə bilir. Ona görə yoluxmanın ilk əlaməti öskürəkdir. Temperatur bundan sonra yüksəlməyə başlayır.

Yəni, koronavirus xəstəsini tanımaq üçün ilkin simptomlar hərarət, öskürək və təngnəfəslikdir. Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər.

Ancaq qızdırma heç də hamıda müşahidə olunmur. Məsələn, Uhanda pasiyentlərin 30%-ində xəstəxanaya daxil olma anında normal temperatur olub.

Yoluxanların bir çoxunda (18% və ya hər beş nəfərdən biri) heç öskürək də olmur. Yəni bəzi şəxslərdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir və insan yoluxduğunu heç bilmir də. Belə şəxslər aktiv daşıyıcı hesab olunurlar və başqalarını yoluxdura bilirlər. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur.

Koronavirusa yoluxmamaq üçün əsas profilaktik tədbirlərin isə eyni olduğunu yadda saxlamaq vacibdir – əllərin tez-tez yuyulması və respirator gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq və kütləvi yerlərə getdikdə maska taxmaq.

Mütəxəssislər qeyd edir ki, “Covid-19”-un yüngül forması adi mövsüm qripini xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları.

Bu cür yoluxmanın müalicəsi də adi qaydalara uyğun olaraq ev şəraitində həyata keçirilə bilər. Ancaq həkimlərin nəzarəti alında, müvafiq müalicə üsulu ilə…

Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri dad və iy hissinin itməsidir. Bu, heç də hamıda rast gəlinən hal deyil və xəstəliyin yeganə simptomu ola bilir. Ona görə də, bu hisslərinizi itirsəniz, demək ki, narahat olmaq və müalicəyə başlamaq üçün əsasınız var.

Xüsulə vacib fakt: yeni koronavirusun daşıyıcısı yoluxduğu ilk andan etibarən ətrafdakılar üçün təhlükəlidir – xəstəliyin ilk simptomları üzə çıxmazdan çox-çox əvvəl. Yəni, bu virus yoluxduğu insanı daşıyıcı edir, gec üzə çıxır və ya heç çıxmır və ona görə də yoluxanların sayı artır.

Hər bir daşıyıcı orta hesabla 2-4 arası sağlam şəxsi yoluxdura bilir. Bu, mövsümi qripin göstəricisindən (1,3 nəfər) çoxdur.

Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.

Bəs insanlar özlərini yoluxma riskindən necə qoruya bilər?

İnfeksiyadan özünüzü qorumaq üçün mütəxəsislər hər kəsin aşağıdakı dörd ehtiyat tədbirindən yararlanmasını tövsiyə edir:

– Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yumaq;

– Evdan çıxdıqda maska taxmaq;

– Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçmaq;

– Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət etmək.

Tibbi maskadan istifadə respirator simptomlarınız (öskürək və ya asqırıq) olarsa, digərlərini qorumaq üçün tövsiyə olunur. Eyni zamanda təmasda olduğunuz, qarşılaşdığınız birində virus olarsa, tibbi maska virusa yoluxmanıza mane ola bilir.

Əgər maskadan istifadə edirsinizsə, onun effektivliyinin təmin edilməsi və virusun ötürülmə riskinin artmasının qarşısını almaq məqsədilə həmin maskalar düzgün qaydada geyinilməli və tullanılmalıdır.

İnfeksiyanın qarşısını almaq üçün təkcə maskadan istifadə etmək kifayət deyil və onunla bərabər əlləri tez-tez yumaq, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq lazımdır.

Digər respirator infeksiyalarda, məsələn, qrip zamanı olduğu kimi simptomlar müşahidə edilirsə, həkimə erkən vaxtlarda müraciət etmək və xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat ) getməmək lazmdır.

Eyni zamanda əgər kimsə COVİD-19 xəstəliyinin qeydə alındığı yerlərdə olubsa və ya həmin ərazilərdən gəlmiş və respirator simptomlara malik insanla yaxın təmasda olubsa, həkimə müraciət etməlidir.

Qeyd olunanlar göstərir ki, ətrafımızda koronavirusa yoluxmuş insanın olub-olmadığını müəyyən etmək çətindir. Buna görə də hər bir insanın özünü qoruması, maksimum kütləvi yerlərə getməməsi və maska taxması vacibdir./azpolitika.info