“Keçmişi dəfn etməyin və irəliləməyin vaxtı gəlib...” - Pakistan Ordusunun Baş Qərargah rəisi

Baxış sayı:
995

“Stabil Hindistan və Pakistan (Stable Indo-Pak) münasibətləri Şərqi və Qərbi Asiya arasında əlaqəni təmin edərək Cənubi və Orta Asiyanın istifadə olunmamış potensialını açmaq üçün bir açardır”.

“AzPolitika.info” xarici KİV-ə istinadla bildirir ki, bunu Pakistan Ordusunun Baş Qərargah rəisi, general Qəmər Cavid Bəcva dünən İslamabad Təhlükəsizlik Dialoqunda çıxışı zamanı deyib.

Baş Qərargah rəisinin sözlərinə görə, bu potensial, iki nüvə qonşusu arasındakı mübahisələrin və problemlərin əbədi girovu olaraq qalıb: “Bu problemin başında açıq şəkildə Kəşmir mübahisəsi dayanır. Anlamaq vacibdir ki, Kəşmir mübahisəsi dinc yollarla həll olunmadan, subkontinental yaxınlaşma prosesi həmişə siyasi motivli tələskənlik səbəbindən relsdən çıxa bilər. Ancaq keçmişi dəfn etməyin və irəliləməyin vaxtının gəldiyini hiss edirik. Lakin barışıq prosesi və ya mənalı dialoqun bərpası üçün qonşumuz Hindistanın işğal etdiyi Kəşmirdə əlverişli bir mühit yaratmalı olacaq”.

Qəmər Cavid Bəcva, Cənubi Asiyadakı həll edilməmiş problemlərin bütün bölgənin yoxsulluğuna və inkişafdan geri qalmasına səbəb olduğunu da vurğulayıb: “Cənubi Asiyanın bu gün də ticarət, infrastruktur, su və enerji əməkdaşlığı baxımından dünyanın ən az inteqrasiya olunmuş bölgələrindən biri olduğunu dərk etmək kədərlidir. Bununla belə, yoxsulluğa baxmayaraq, pulumuzu müdafiəyə xərcləyirik”.

General deyib ki, Cənubi Asiyada bir-birilə mübarizə aparmaq əvəzinə aclıq, savadsızlıq və xəstəliklə mübarizə aparmaq üçün əlaqə, dinc yanaşı yaşama və resurs paylaşmanın vaxtı gəlib. Xatırladaq ki, son həftələrdə iki ölkə rəhbərliyi və hərbçilərin çıxışlarında bir-birinə qarşı müsbət ritorikanı müşahidə etmək mümkündür. İki gün əvvəl etdiyi çıxışında Pakistanın Baş naziri İmran Xan Hindistanın Kəşmir problemini həll edərək ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün ilk addımı atmalı olduğunu deyib.

Keçən ay Hindistan və Pakistan nəzarət xətti boyunca atəşkəs barədə razılığa gəldiklərini elan ediblər. Hindistan keçən ay Pakistanla terrordan, düşmənçilikdən və şiddətdən azad bir şəraitdə normal qonşuluq münasibətləri istədiyini açıqlaylb.