“Kataloniya referendumu tanınsa, bu, ermənilərin mövqelərini gücləndirə bilər” - Politoloq / Müsahibə

Kataloniya problemi təkcə Avropa Birliyi ilə bağlı məsələ deyil, bu problem qlobal səviyyədə bir çox dövlətlərdə də problemlər yarada bilər”
 
Natiq Miri: “Kataloniyada baş verən referendum bir presedent olaraq, Dağlıq Qarabağ seperatçıları  və Ermənistan dövlətinə müəyyən bəhanələr verəcək”.
 
Bu sözləri politoloq Natiq Miri Kataloniyada baş tutan referendumu şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib. 
Dünən İspaniyanın Kataloniya bölgəsinin müstəqil respublika olmasına dair referendum keçirilib. İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu bəyan edərək,  onun keçirilməsinə mane olmağa cəhd edib. Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlı olub. Nəticədə isə polislə etirazçılar arasında baş verən  toqquşmalarda  33 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb və bununla yanaşı, 1000-ə qədər etirazçı müstəqillik tərəfdarı xəsarət alıb. Polisin etirazçılara qarşı qəddar rəftarına münasibət bildirən Kataloniya xarici işlər naziri Raul Romeva artıq Avropa İttifaqı nümayəndələrinə müraciət etdiklərini və fundamental insan haqları pozuntularını araşdırmağa çağırdıqlarını bəyan edib. Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya muxtar bölgəsində 7,5 milyon nəfər yaşayır. Kataloniyada 5.3 milyon seçici var. Dünən referendumdan sonra ispan televiziyası ilə əhaliyə müraciət edən İspaniyanın Baş naziri Mariano Raxoy bildirib ki, Kataloniyada referendum olmayıb. Buna rəğmən baş nazir vurğulayıb ki, Kataloniya rəhbərliyi ilə qanunlar çərçivəsində danışıqlar aparmaq üçün qapıları açıqdır.
 Öz növbəsində Jenralitetin, (Katoloniya hökümətinin), rəsmi nümayəndəsi Jordi Turul bəyan edib ki, referendumda iştirak edənlərin 90.09 faizi Kataloniyanın müstəqilliyinə səs verib. Həmçinin bu gün Kataloniya hökümətinin başçısı Karles Puçdemon bildirib ki, onun höküməti Kataloniyanın müstəqilliyinin tez bir zamanda tanınacağına inanmır. 
İspaniyada baş verən bu gərginliklə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib. Natiq Miri ilə olan müsahibəni təqdim edirik:
 
Natiq Miri: “Kataloniya referendumuAvropa Birliyini dağıda bilər”. 
 
- Natiq bəy, İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumu Avropa Birliyinin gələcəyinə necə təsir edə bilər? Demək olarmı ki, Avropa Birliyində bu referendumdan sonra mərkəzdənqaçma prosesi başlayacaq?
 
- Əslində Kataloniyada baş verən hadisə Avropa Birliyi adına o qədər  də ürəkaçan deyil. Çünki bu cür hadisələr müəyyən presedentlər yaradır ki, bu da mərkəzdənqaçma proseslərini  gücləndirə bilər. Bu isə Avropa Birliyinin gələcəkdə dağılmasına səbəb ola biləcək vəziyyətdir. Ona görə ki, bu proses təkcə İspaniya ilə məhdudlaşacaq məsələ deyil.  Bu gün hələ də Avropa Birliyindən çıxmasını tamamilə qanuniləşdirə bilməyən Böyük Britaniyanın öz daxilində də iki Kataloniya problemi var. Bunlar Şimali İrlandiya və  Şotlandiya problemidir ki, hər iki ölkədə referendum vasitəsilə Böyük Britaniyadan ayrılmaq problemi yaşanır. Bu baxımdan düşünürəm ki, Kataloniya referendumu çox ciddi problemdir. Çünki Kataloniya problemi təkcə Avropa Birliyi ilə bağlı məsələ deyil, bu problem qlobal səviyyədə bir çox dövlətlərdə də problemlər yarada bilər. 
 
Bu baxımdan məsələyə İspaniya və İspaniyanın daxil olduğu Avropa Birliyi çox həssas yanaşır və Kataloniyada baş verən referendumun nəticələrini kimsə tanımır. Ayrıca İspaniyanın konsititusiyasına bu yöndə hörmət olunmasını Kataloniyadan tələb edirlər. Bunun səbəbi odur ki, Kataloniya referendumu Avropa Birliyi üçün ciddi problemlərə şərait yarada bilər.
 
- Bəs sizcə, analoji prosesin Şotlandiyada da  təkrarlanması mümkündürmü?
 
- Əlbəttə, təkrarlana bilər. Böyük Britaniya Avropa Birliyindən çıxmaq məsələsini ortaya qoyanda bunun referendumla baş verməsini irəli sürdü. Belə ki, Şotlandiya Avropa Birliyində qalmaq məsələsini ortaya qoymaqla, bunu yalnız Avropa Birliyinin dəstəyilə Böyük Britaniyadan çıxmaq iddiasını ortaya qoydu. Fikirmcə, bu məsələ sadə bir problem deyil. Çünki Böyük Britaniyanın bu məsələyə rəvac verəcəyini düşünmürəm. Əgər Şotlandiyaya Avropa Birliyi səviyyəsində dəstək verilərsə, bu, Kataloniyanın dəyirmanına su tökmək olar. Bu baxımdan Kataloniya məsələsi Avropa dünyası üçün ciddi problem yaradır. 
 
Natiq Miri: “Rusiyanın Kataloniyanı dəstəkləməsinin səbəbi odur ki, bu il Avropa Birliyi Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq etdi”.
 
- Məlumdur ki, Kataloniyada keçirilən referendum xalqların öz müqəddəratını təyinetmə prinsipinə dayanır. Bu referendumun Dağlıq Qarabağ münaqişəsinə hansı təsirləri ola bilər?
 
-Kataloniyada baş verən referendum bir presedent olaraq, Dağlıq Qarabağ seperatçıları  və Ermənistan dövlətinə müəyyən bəhanələr verəcək. Eyni zamanda onlar ortaya bir məsələ qoyacaqlar ki, əgər Avropada bu cür hadisələrin yaşanması mümkündürsəvə xalqların təyinatını özləri seçə bilirsə, deməli, bunu Dağlıq Qarabağda da tətbiq etmək olar. Bu baxımdan yaranmış vəziyyət erməniləri gücləndirə bilər.
 
- Rusiya dolayısı ilə Kataloniyada keçirilən referendumu dəstəkləyir. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev dünən özünün “Facebook” səhifəsində yazıb ki, “Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etməsindən o vaxta qədər vacibdir ki, tərəflərin heç biri güc tətbiq etməsin”. Halbuki Rusiya Çeçenistanın müstəqilliyini böyük qanlar hesabına boğdu. Bu il isə Tatarıstan Respublikası ilə Rusiya Federasiyası arasında olan suverenlik müqaviləsi ləğv olundu. Rusiyanın yürütdüyü bu siyasət necə dəyərləndirilməlidir? 
 
- Rusiyanın Kataloniyanı dəstəkləməsinin səbəbi odur ki, bu il Avropa Birliyi Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq etdi. Rusiya bir növ təhdid mexanizmi olaraq, bu cür üsullarla əl atır. Əks halda Rusiyanın Kataloniyanın müstəqilliyi kimi bir dərdi yoxdur.
 
Natiq Miri: “ABŞ Kürdüstana dəstək vermək adıyla öz ordusunu bəlli bölgələrdə yerləşdirir, bu şəkildə Türkiyə və İrana qarşı təzyiq imkanlarını artırır”.
 
- Kataloniyada keçirilən referendumla Kürdüstanda keçirilən referendum arasında bağlılıq, ya da eyni geopolitik siyasi kursun olması  mümkündürmü? Hesab etmək olarmı ki, böyük güclər yeni geosiyasi oyun başladıblar?
 
- Kataloniya ilə Kürdüstanı əlaqələləndirmək düzgün olmazdı. Çünki bu məsələlər tamamilə fərqlidir. Əslində Kürdüstanda Qərb dünyasının, xüsusilə də ABŞ və İsrailin yeni münqaşiə ocağı yaratmaq fikirləri var. Kürdüstanda referendum keçirməklə, bu regionda Türkiyə, İran və İraqın qonşuluğunda dağıdıcı bir dövlət yaratmaq niyyətindədirlər. Və bununla da  regionu çox asanlıqla idarə etmək və regiondakı enerji daşıyıcılarını rahat şəkildə idarə  etmək niyyətindədirlər. 
 
Yəni ki, Kürdüstanda baş verənlər süni prosesdir. Əslində heç  ABŞ və İsrail də müstəqil Kürdüstan dövlətinin yaranmasını istəmirlər. ABŞ Kürdüstana dəstək vermək adıyla öz ordusunu bəlli  bölgələrdə yerləşdirir, bu şəkildə Türkiyə və İrana qarşı təzyiq imkanlarını artırır.