Kanal İstanbul Rusiyanın əleyhinə Qara dənizdə ABŞ-ı gücləndirəcəkmi?

Baxış sayı:
4582

"Türkiyədə Kanal İstanbul layihəsi yenidən gündəmə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanal İstanbul layihəsinin inşasına başlayacaqları barədə anons verib.
Kanal İstanbul layihəsi ilk dəfə 2011-ci ilin iyun ayında o dövr baş nazir olan Ərdoğan tərəfindən anons edilmişdir. Bosfor boğazına alternativ marşrut hələ Osmanlı dövründə müzakirə edilirdi. Sultan Süleymanın dövründə ilk dəfə Bosfor boğazına alternativ su yolunun yaradılması gündəmdə olsa külli miqdarda maliyyə vəsaitinə duyulan ehtiyac bu layihənin həyata keçməsinə imkan verməmişdir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlıya məxsusdur.
Onun sözlərinə görə, ikinci dəfə bu haqda müzakirələr 1591-ci ildə Sultan III Muradın dövründə aparılmışdı: "Lakin daha sonra dayandırıldı. 1654-cü ildə Sultan IV Murad və Sultan III Muradın dovrundə kanalın inşası ilə bağlı müzakirələr heç bir nəticə verməmişdir". "Kanal İstanbul layihəsinin detalları nədir" sualını cavablandıran Kamran Sultanlı qeyd edib ki, bu, Qara və Mərmərə dənizini birləşdirən 45 km uzunluğa, 150 metr enə və 25 metr dərinliyə malik bir su nəqliyyat layihəsidir: "Kanal İstanbul layihəsi Bosfor boğazına alternativ olaraq düşünülub. Bu həm də AKP-nin elen etdiyi "Strategiya 2023"də həyata keçməli olan 16 qlobal infrastruktur layihəsindən biridir. Bu layihəyə əsasən 10-dan artıq körpünün inşası, həmçinin kanalın çəkildiyi magistral ətrafında bir-neçə adanın, ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Layihənin maliyyə dəyəri 20 mld. dollar civarında ölçülür".

İmamoğlu-Ərdoğan rəqabəti Kanal İstanbul kontekstində
QAFSAM-ın eksperti bildirib ki, Kanal İstanbul layihəsinə qarşı ən çox dirənən İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğludur: "Ərdoğanın "xəyalım" dediyi lahiyəyə, İmamoğlu cinayət olaraq cavab verib. Türkiyə lideri İstanbul Konqres Mərkəzində təşkil edilən Xidmət İxracatçıları ilə görüşündə qeyd edib ki, bu layihənin inşası ilin sonunda başlayacaq. Ərdoğan əlavə edib ki, bu, bələdiyyə deyil, dövlət layihəsidir. Bu layihə həyata keçəcək və buna heç kim mane ola bilməz. Bu layihə Bosforda olan ağırlığı azaldacaq. İmamoğlu isə daha sərt olaraq cavabında qeyd edib ki, ya kanal, ya İstanbul bu qədər açıqdır. Kanal İstanbul Türkiyə, 16 milyonluq istanbullu üçün xəyanətdir. İmamoğlu əlavə edib ki, bu layihə torros gölünü duzlaşdıra, ekoloji böhrana səbəb ola bilər. Kanal İstanbul layihəsi həm də indi 2023 cü il prezident seçkilərində əsas mübarizə predmetinə çevrilir. İmamoğlu bu layihəyə qarşı dirənməklə ölkədə olan nüfuzunu genişləndirməyə çalışır. Bu layihənin ekoloji zərərləri haqqında Ətraf Mühitə Təsirin Dəyərləndirilmə şirkətinin 159 səhifəlik hesabatında 4 kəndin yox olma ehtimalı qeyd edilir. Həmçinin, layihə Mərmərə dənizində suyun miqdarının artmasına, Qara dənizdə oksigenin azalmasına və duzluluq göstəricisinin artmasına səbəb ola bilər".
Ekspertin sözlərinə görə, hesabatda deyilir ki, inşaat başlayacağı təqdirdə 25-30 gün şəhərin Avropa hissəsini idarə edə biləcək Sazlıq su anbarı bağlanacaq: "Orada olan 11 ədəd quş növü yox olacaq.

Lakin şəhərin Avropa hissəsinin su ilə necə təmin ediləcəyi qeyd edilmir. Beynəlxalq ətraf mühit təşkilatlarından olan Greenpeace layihənin İstanbulun ekosistemini poza biləcəyi anonsunu verib. Bütün bunlara görə İstanbul başqanı İmamoğlu hökumətdən bu sualların cavabını tələb edir. Ərdoğan isə layihənin həyata keçməsində israr edir. CHP həmçinin, iqtisadi durumun gərgin olduğu ərəfədə Ankaranın bu qədər maliyyəni hardan tapacağını sual edir. Prezident Ərdoğan bu suallara cavab verməlidir. Kanal İstanbul Montro Boğazlar Anlaşmasını bitirə bilər. Kanal İstanbul lahiyəsi 1936-cı ildə imzalanan Montro Boğazlar Anlaşmasını qüvvədən sala bilər. Bir çox türkiyəli rəsmilər layihənin Montro sisteminə son qoya biləcəyini anons edirlər. (Montro anlaşması Türkiyə boğazlarından (Çanaqqala və Boğaziçi) gəmilərin həm hərbi, həm də mülki durumda sərbəst hərəkətini təmin edən anlaşmadır. Bu anlaşmaya əsasən Türkiyə əgər müharibədə iştirak edərsə, bu zaman başqa ölkələrin hərbi gəmilərinin keçib-keçməməsinə özü qərar verməlidir. Həmçinin Qara dəniz dövləti olmayan hərbi gəmilər Qara dəniz sahilində yalnız 21 gün qala bilərlər) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Montro anlaşması Kanal İstanbul lahiyəsini əhatə etməyəcək. Bu zaman Ankara kanalla bağlı qərarları özü verəcək. Həmçinin bu layihənin ABŞ-ın Qara dənizə rahat daxil olması üçün inşa edildiyini qeyd edənlər də var. İYİ partiyasından millət vəkili Aytun Çıray layihənin ABŞ-ın rahatlıqla Qara dənizə daxil olması üçün inşa edildiyini iddia edib. O qeyd edib ki, ABŞ-ın rahatlıqla üzə bilmədiyi yeganə dəniz Qara dənizdir. Bəzi iddialara əsasən Ankara bu vəd ilə ABŞ-dan kanal üçün dəstək ala bilər. Amerikanın kanala nə qədər bağlı olması məsələsi Türkiyə siyasi sistemində gərginliyi artırır.
"Bu layihə 1936-cı ildə imzalanan Montro Boğazlar Anlaşmasını qüvvədən sala bilər"
Layihənin Montro anlaşmasına aid olmaması Rusiyanın Qara dənizdə hegemonluğunu sual edir. Bu baxımdan, Moskva da layihəyə qarşı çıxa bilər. İmamoğlu bu layihənin həyata keçməməsi üçün dirənməklə həm də onun Montro anlaşmasını yox etməsi və Amerika layihə olması kimi stereotiplərdən yararlanaraq Ərdoğana qarşı istifadə etməyə və reytinqini artırmağa çalışır. Bu layihənin həyata keçməsi regionda siyasi konfiqurasiyanı kökündən dəyişə bilər. Həmçinin, layihənin həyata keçib keçməməsi də sual altındadır. Hazırda İmamoğlu Qərblə əməkdaşlıqda Avropa mərkəzli əlaqələrə üstünlük verir. Avropalılar isə layihəyə qarşı çıxırlar".
Vazeh Bəhramoğlu