İvanaşvili hakimiyyəti seçiciləri “Quran”la ələ almağa çalışır – Gürcü müxalifəti

 Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda hakim “Gürcü Arzusu” Partiyası tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə məlumat yayıb.
 
APA-nın xəbərinə görə, partiya iddia edir ki, Dmanisi rayonunun Yırğançay kəndində hakim partiyanın yerli qərargahının hüquqşünası Emzar Petriaşvili kənd sakinlərini “Quran”a and içdirərək oktyabrın 21-də partiyanın namizədinə səs vermələrinə dair vəd alıb.
 “Quruculuq Hərəkatı” Partiyası qeyd edib ki, Dmanisi rayonunda son vaxtlar seçicilərə təzyiq və hədə-qorxu halları artıb. Partiya rayonda seçicilərə təzyiqlərin göstərilməsi faktları ilə bağlı Azad və ədalətli seçkilər üzrə qurumlararası komissiyaya müraciət edib.