İstanbulda Orhan Açıqgözü öldürüb, Arif Məmmədovu yaralayan azərbaycanlılar kimlərdir?

Ötən həftə İstanbulun Sultanqazi məhəlləsində baş vermiş atışmanın iştirakçıları arasında azərbaycanlılardan ibarət mafiyanın üzvləri yer alır.
 
Türkiyə KİV-ləri xəbər verir ki, həmin atışmada iştirak edən 4 Azərbaycan vətəndaşı bu gün polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Məlum olub ki, atışma narkotik satışından əldə edilən pulların bölüşdürülməsi ilə bağlı baş verib. Saxlanılanlar bildiriblər ki, Sultanqazidə avtomobil parkinqi ərazisində atəş açdıqları şəxslər onların keçmiş ortaqları olub. Həmin şəxslər narkotik satışından əldə edilən pulları bölüşdürməkdən imtina etdiyinə görə arada düşmənçilik yaranıb. Söhbətin böyük pullardan getdiyi bildirilir.
Həmin atışma zamanı avtopark ərazisinə basqın edən silahlılar avtomobildən 43 yaşlı Ohan Açıqgözə və onunla birlikdə olan Azərbaycan vətəndaşı Arif Məmmədova atəş açıb.Açıqgöz hadisə yerində ölüb, Məmmədov ağır yaralanıb. Açıqgözün 8 ayrı cinayət əməlinə görə axtarışda olduğu üzə çıxıb.
Bu hadisədən sonra İstanbul polisinin cinayət axtarış şöbəsinin əməliyyatçıları silahlıların kimliyini müəyyənləşdiriblər. Məlum olub ki, onlar Azərbaycan vətəndaşları Vahab P. (35 yaş), Akif K. (35 yaş), Möhsün K. (33 yaş) və Yasin Q. (23 yaş) adlı şəxslərdir. Həmin şəxslər Silivi Böyüksinek qəsəbəsində gizləndikləri evdə tutulub. Saxlanılan şəxslərin hərəsinin barəsində əvvəllər 7-8 maddə ilə ittiham irəli sürüldüyü üzə çıxıb. Onlar narkotik alveri və digər əməllərlə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın üzvləridir. Polis həmin qruplaşmanın digər üzvlərini müəyyənləşdirməyə çalışır.
Saxlanılan azərbaycanlılara məxsus silah-sursatı tapmaq çün polis onların gizləndikləri evin ətrafındakı çəmənlikdə otları otbiçən aqreqatla biçməli olub. Silahlar otların arasından tapılıb./virtualaz.org