İranı qana bulayan “Ədalət Ordusu” və terrorçuların arxasındakı güclər

Baxış sayı:
8251

İran xarici işlər naziri Cavad Zərif ABŞ-a işarə edib; 41 nəfərin öldüyü teraktı təşkil edən  “Ceyş əl-Ədl” haqda nə bilirik?

Fevralın 13-də İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətlərində terror aktı baş verib. İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Ölənlərin əksəriyyəti “Sepah” üzvləridir, eyni zamanda bır neçə nəfər yerli sakin də ölənlər arasındadır. Terror aktı törədən kamikadze hərbçiləri daşıyan avtobusa  yaxınlaşaraq özünü partladıb. Terror aktına görə məsuliyyəti Sistan-Bəlucistan vilayətində fəaliyyət göstərən “Ceyş əl-Ədl” terror qruplaşması öz üzərinə götürüb.

Terror aktı İranda İslam inqilabının 40 illiyinin qeyd olunmasından iki gün sonra, Polşa paytaxtı Varşavada ABŞ-ın təşəbbüsü ilə keçirilən və əsasən İrana həsr olunduğu deyilən iki günlük Yaxın Şərq konfransının başladığı gün keçirilib. İran xarici işlər naziri Cavad Zərif deyib ki, terror aktının məhz Varşava konfransı ilə eyni gündə baş verməsi təsadüfi deyil. Zərif terror aktına görə dolayısı ilə ABŞ-a işarə edib.

Qeyd edək ki, terror aktını törədən “Ceyş əl-Ədl” daha əvvəl də İran ordusunu hədəfə alan terror aktları törədib. 2018-ci ilin oktyabrında qruplaşma İran ordusunun 14 hərbçisini girov götürmüşdü. Ötən ilin dekabrında isə Çabahar şəhərində baş verən terror aktı nəticəsində 2 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Bu il fevralın 2-də yenə eyni qruplaşma bu dəfə Sistan-Bəlucistan əyalətinin Nukşehr şəhərində terror aktı törədib. Terror nəticəsində İran İslam könüllüləri - “Bəsic” təşkilatının 6 üzvü yaralanıb, bir nəfər isə ölüb.

 “Ceyş əl-Ədl” qruplaşması uzun illərdir İrana qarşı terror fəaliyyəti həyata keçirir. Bu təşkilatın adı ərəb dilindən tərcümədə “Ədalət Ordusu” mənasını verir.

2012-ci ilə qədər qruplaşma “Cundullah” (Cundullah “Allahın ordusu” deməkdir - K.R.) adlı radikal terrorçu təşkilatın tərkibində olub. “Cundullah” ilk dəfə İranda 2003-cü ildə terror aktları törədib və bundan sonrakı illərdə qruplaşma çoxlu sayda terror hücumları həyata keçirib. Ancaq 2010-cu ildə İran kəşfiyyat xüsusi əməliyyat nəticəsində “Cundullah”ın lideri Əbdülməlik Riqini ələ keçirib. Daha sonra Riqi İranda asılaraq edam olunub.

İran Terror Attack ile ilgili görsel sonucu

2012-ci ildə isə “Cundullah” qalıqları “Ceyş əl-Ədl” adlı təşkilat yaradıb. Yeni təşkilata Səlahəddin Faruqi ləqəbli Əbdürrəhim Mollazadə rəhbərlik etməyə başlayıb. “Cundullah” kimi “Ceyş əl-Ədl” də İranın Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərir. Təşkilatın əsas şüarı İrana qarşı mübarizə, Sistan-Bəlucistanın İrandan ayrılıb Pakistana birləşməsidir. Bu səbəbdən də təşkilatın və daha əvvəl “Cundullah”ın əsas dəstəyi Pakistanda olub. “Ceyş əl-Ədl” 3 qrupdan ibarətdir. Bu qruplara öldürülən liderlərin adı verilib. Birinci qrupa “Bdülməlik Mollazadə”, ikinci dəstəyə “Nimətullah Tövhidi”, üçüncü qrupa isə “Şeyx Ziya” adı verilib.

Qruplaşma üzvlərinin dəqiq sayı bilinmir. Ancaq bir sıra araşdırmaçıların fikrincə, “Ceyş əl-Ədl”in 500-ə yaxın üzvü var, onlardan 350 nəfəri aktiv silahlılardır. Bu qüvvələrin bir qismi İran, bir qismi isə Pakistan ərazisindədir. Qruplaşma 2015-2016-cı illərdə İran-Pakistan sərhədində 40-dan artıq terror aktı törətdiyini bildirsə də, İran hökuməti bu rəqəmin şişirdildiyini bildirir.

Bu qruplaşmaya görə İran və Pakistan arasında zaman-zaman soyuqluq yaranıb. Digər tərəfdən, bu qruplaşma sünniləri müdafiə etdiyini iddia etdiyi üçün bölgədə onsuz da həssas olan dini vəziyyəti daha da gərginləşdirir. Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedan şəhəri zaman-zaman terror hücumlarına səhnə olur. Yaxın keçmişdə bir neçə dəfə İran rəsmi şəxsləri Pakistan hökumətini terror təşkilatını himayə etməkdə ittiham edib. Ancaq Pakistan hökuməti bu iddiaları qəbul etmir. Ötən il Pakistanda seçkilər nəticəsində hakimiyyətə gələn İmran Xan İranla münasibətləri istiləşdirib. Hazırda iki ölkə hökumətləri arasında yaxın münasibətlər mövcuddur.

İran Terror Attack ile ilgili görsel sonucu

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun İrana qarşı siyasəti yenidən sərtləşib. ABŞ hökuməti İranı terrorizmi dəstəkləməkdə ittiham edib. 2017-ci ilin yayında Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran əməliyyatları bölməsinə İrana qarşı aqressiv münasibəti ilə tanınan təcrübəli kəşfiyyatçı Maykl D’Andreanı təyin edib. MKİ-nin ən təcrübəli və müsəlman aləmini yaxşı bilən kəşfiyyatçısı D’Andrea həm də “Ayətullah Mayk” kimi tanınır. ABŞ-ın bin Ladeni öldürdüyü əməliyyatdan bəhs edən filmdə də xarakteri yer alan təcrübəli kəşfiyyatçı Pakistan, Yəmən kimi ölkələrdə pilotsuz aparatlarla hava zərbələrində rolu olmuş kəşfiyyatçıdır. 2008-ci ilin fevralında Dəməşqdə Hizbullah komandiri İmad Muğniyənin qətlində də Maykl D’Andreanın adı keçir.

Elə həmin il iyunun 7-də İran paytaxtında görünməmiş terror hücumu baş verib. Ölkə parlamenti, inqilab lideri Ayətullah Xomeyninin məqbərəsində törədilən terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Terror qurbanlarının əksəriyyəti parlament binasına hücum zamanı öldürülüb. Onlardan birinin - sağ ələ keçənin isə kadrları yayılıb. Görünür ki, terror aktı ciddi şəkildə, yüksək peşəkarlıqla hazırlanıb. Terrorçuların İran vətəndaşları olduğu bildirilir.

İran Terror Attack ile ilgili görsel sonucu

2018-ci ildə İranın İraqla sərhədində “Sepah” qüvvələrinin postuna hücum edən kürd silahlıları 10 hərbçini öldürmüşdü. Sentyabrda isə ərəblər yaşayan Əhvaz şəhərində hərbi parada törədilən hücum nəticəsində 25 nəfər ölüb, 70 nəfər isə yaralanıb. Bu hadisənin məsuliyyətini əvvəlcə Əhvazın ərəb separatçı qruplaşması, daha sonra isə İŞİD üzərinə götürüb. Təbii ki, rəsmi Tehran bu hücumlara görə ABŞ-ı, eləcə də onun regiondakı müttəfiqləri olan ərəb ölkələrini ittiham edib.

Diqqət etsək, məhz son 3 ildə törədilən və ya aktivləşən hücumların coğrafiyası maraq doğurur. Şərq sərhədində etnik bəlucların yaşadığı Pakistanla sərhəd bölgəsi, qərb sərhədində kürd terrorçuları və nəhayət, etnik ərəblər. Hər üç etnik qrup İranda mərkəzi hökumətə qarşı hər an silahlanmaya hazır olan və xarici ölkələrlə bağları olan bölgələrdir. Başqa sözlə, həm bəluclar, həm kürdlər, həm də ərəblər İranın həssas nöqtələridir. Bu hücumlar həm də onu göstərir ki, Tehranın zəiflədilməsi layihəsində məhz adıçəkilən 3 etnik qrupdan istifadə olunacaq və ya olunur. Bir mənada bu, İrana qarşı “hibrid müharibənin” daha bir əlamətidir./musavat