İlham Əliyev Borçalıya səfər edəcək

Azərbaycan prezidentinin soydaşlarımızla görüşünə nüfuzlu ziyalılar niyə dəvət olunmayıb?

Hazırda Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev sabah bu ölkədə yaşayan soydaşlarımızla görüşəcək.
Bu haqda Muxalifet.az “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərova istinadən məlumat verir.
Ə.Əsgərov bildirib ki, Azərbaycan prezidenti sabah Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgəsinə gedərək, orada bir sıra tədbirlərdə iştirak edəcək. Daha sonra bölgədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək.
Qeyd edəki ki, görüşə dəvət olunan şəxslərin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən müəyyənləşdirildiyi söylənilir. Marqlıdır ki, Borçalıda ciddi tərəfdarları olan nüfuzlu ziyalılar, o cümlədən “Qeyrət” Xalq Hərəkatının rəhbərliyi bu dəvətdən kənarda qalıb. Bunun əksinə olaraq İ.Əliyevlə görüşə zaman-zaman soydaşlarımızın maraqlarına qarşı çıxan şəxslərin də çağırıldığı haqda informasiyalar var.
Bu baxımdan “Qeyrət” Xalq Hərəkatı hesab edir ki, prezident İlham Əliyevlə görüşdə iştirak edənlər Borçalıda yaşayan soydaşlarımızı təmsil edə bilməzlər və onların fikirləri borçalılar üçün heç bir əhəmiyyət kəsb etmir.
Əlibala Əsgərov deyir ki, Borçalıda yaşayan soydaşlarımızın problemləri çox yaxında mətbuat vasitəsilə prezident İlham Əliyevin diqqətinə çatdırılacaq.
Muxalifet.az